Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2024/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan Göygöl rayonu Quşqara kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və bu şəhadətnamə əsasında X1 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Qələmdar Abbaov) iddia tələbi təmin edilərək, paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında X2 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vərərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-365/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı məhkəmə qətnaməsi Maraqlı şəxs maraqlarına toxunmadığından onun şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçılar hazırda Maraqlı şəxs adına verilmiş çıxarışı, onunla işdə cavabdeh olan Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməmişlər. Maraqlı şəxs (vəkil X3) qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2683/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-365/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş apellyasiya şikayətinin mükünlüyü məsələsinin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, dinləyərək, hesab edir ki, Maraqlı şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in: 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Marayevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Bununla yanaşı birinci instansiya məhkəməsi həmin dəlilləri yoxlamalı, çıxarılmış qətnamənin həqiqətən də onun qanunla qorunan hüquq və mənafelərinə toxunub toxunmadığını təsbit etməli, müsbət cavab alındığı halda apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə əməl olunmasını da arşdırıb müvafiq qərardad çıxarmalıdır. Nəzərə alınmalıdır ki, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Bu baxımdan baxılan iş üzrə Maraqlı şəxs işə cəlb olunmadığı halda çıxarılmış qətnamənin onun hüquqlarına toxunduğu birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmalı idi. Lakin birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab etməsinə baxmayaraq, həmin qərardadda çıxarılmış qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxumasını ümumiyyətlə araşdırmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun apellyasiya şikayəti MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Maraqlı şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun işin yuxarıda qeyd edilən tələblərinə əməl etməklə yoxlamalı və qanuni qərar qəbul etməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2024/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2024/2024
24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver