Məhkəmə qərarları › İş №2(104)-205/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-205/2024

04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-205/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndələri (vəkil) Nümayəndə, (atası) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-882/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-882/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pulun İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ**********00********) köçürülməsi qət edilmişdir. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq nümayəndəsi vasitəsi ilə apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə onun ½ hissədə ümumi paylı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adına BYB ünvanda 0.039 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113.7 kv.m olan bağ evindən onun ½ hissədə olan payını real vəziyyətdə naturada ayrılaraq ayrıca giriş-çıxış yolu müəyyən edilməklə onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq əridir. Cavabdeh ilə 16 dekabr 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X6 və xx.xx.2011-ci il tarixdə X5 adında 2 uşağı olmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 390/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında bağlanmış 16 dekabr 2008-ci il tarixli nikah pozulmuş və iki azyaşlı uşağa görə cavabdehdən onun xeyrinə hər ay sabit pul məbləğində 240 manat aliment qət edilmişdir. Mübahisəli Gəncə şəhəri, X8 Qurbanov adına BYB sahə 46 ünvanda yerləşən bağ evini Cavabdeh ilə birgə nikah dövründə 3 saylı notariat ofisinin 13 avqust 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışlar. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)3176/2021 saylı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1092/2022 saylı qətnamələri ilə Gəncə şəhəri Kəpəz rayonu Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adına BYB ünvanda yerləşən bu mübahisəli bağ evinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqları tanınmaqla 1/2 hissədə hər birinin mülkiyyətinə verilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qətnamələri qanuni qüvvəyə minməklə icraya yönəldilmiş və Gəncə şəhəri Kəpəz rayonu Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adına BYB ünvanda 0.039 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113.7 kv.m olan bağ evinin 1/2 hissədə onun, 1/2 isə Cavabdeh mülkiyyəti kimi **********29-11301 reyest nömrəsi ilə xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirindən “Çıxarış” verilmişdir. Hazırda yuxarıda göstərilən mübahisəli bağ evi hər birinə ½ hissədə cavabdehlə onun paylı mülkiyyətidir. Ancaq, onun ½ hissə payı paylı mülkiyyətdə olduğuna görə, habelə öz payının ayrıca giriş-çıxışı olmadığına görə, payından sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və ədalətsiz olduğundan, eyni zananda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından, həmçinin məhkəmə qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticələrə əsaslandığından ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi 46, Ş.Qurbanov adına BYB ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ ilə ½ hissədə onun, ½ hissədə isə cavabdehin mülkiyyətindədir. Yəni mübahisəli evdə hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətdədir. Mübahisəli bağ evi ½ hissədə paylı mülkiyyətdə olduğuna görə ayrıca giriş-çıxış müəyyən edilmədiyindən, iddiaçı mülkiyyətində olan ½ hissədə payından qanunla müəyyən edilmiş qaydada sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməmiş, cavabdeh buna imkan verməməklə, demək olar ki, mülkiyyətindən məhrum olmuşdur. Buna görə də, o, bağ evində olan ½ hissə payının cavabdehin ½ hissə payından naturada ayrılaraq ayrıca giriş-çıxış yolunun müəyyən edilməsinə dair iddia qaldırmış, ancaq Gəncə şəhər Məhkəməsi işə baxarkən iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin etsə də, ekspert qarşısında iddia tələbinin mahiyyəti üzrə, habelə iddia tələbinin obyektiv həlli istiqamətində düzgün sual qoymamışdır. Belə ki, iddia tələbi iki hissədən ibarət olmuşdur: 1. ½ hissədə payın naturada ayrılması. 2. Bağ evinə ayrıca giriş-çıxış yolunun müəyyənləşdirilməsi. Lakin Gəncə Şəhər Məhkəməsi ekspertiza təyin edilməsi barədə qərarında ekspert qarşısında yalnız bir sual qoymuşdur ki, hazırki vəziyyətdə mübahisəli bağ evindən ½ hissədə payın naturada ayrılması mümkündürmü? Əlbətdə ki, ekspert qoyulmuş suala cavab vermişdir ki, hazırki vəziyyətdə ½ hissədə payın naturada ayrılması mümkün deyildir. Əgər ekspert qarşısında 2-ci bir sual qoyulsaydı ki, mübahisəli bağ evində müəyyən düzəlişlər və yenidənqurma işləri aparılmaqla, (qapı-pəncərənin yerini dəyişdirməklə, arakəsmələr bağlanmaqla, düzəldilməklə vəs.) ½ hissədə payın naturada ayrılması və ayrıca giriş-çıxış yolunun müəyyənləşdirilməsi mümkündürmü? Onda əlbəttə ki, ekspertin rəyi müsbət olardı və payın hansı qaydada ayrılması barədə özünün plan-sxemində çəkib rəyinə əlavə edərdi: Nəzərə alınsa ki, ekspert onun qarşısında qoyulmayan sualı cavablandırmır, onda ekspert qarşısında 2-ci belə bir sualın qoyulması işin obyektiv həlli üçün əsas və zəruri şərti olmuşdur. Birinci instansiya məhkəməsi isə bu halları nəzərə almadan qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri (vəkil) Nümayəndə və (atası) X3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-882/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçının nümayəndəsi X3 əlavə olaraq göstərdi ki, hazırkı ekspertiza rəyi ilə razıdır və qətnamənin ekspert rəyinə uyğun çıxarılmasına etiraz etmir. Həmçinin bildirdi ki, mübahisəli ünvandakı ev ipotekada olduğuna görə evin bölünməsi ilə bağlı ipoteka saxlayan banka müraciət edilmiş, lakin bank bölgüyə razılıq verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-882/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisəli ünvandakı evin tikintisində Mollacəlilli kəndinin daşından və ağ torpaqdan istifadə olunub, həmin evin tikintisində sementdən istifadə olunmadığına görə divarlarına müdaxilə olunarsa, ev uçula bilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi 46, Ş.Qurbanov adına BYB ünvanda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsilə ½ hissədə İddiaçı; xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsilə ½ hissədə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 390/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 16 dekabr 2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanaraq, 1024 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; tərəflərin bigə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2011- ci il tarixdə doğulmuş X5 nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılsınvə uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 10 dekabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 3176/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu ıl tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin İddiaçı aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 saylı qətnaməsi “Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafıkinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin İddiaçı aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh ödənilməsi” hissəsində ləğv olunması; həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik İddiaçı və Cavabdeh ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğunluğu müəyyən edilmiş; qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 1101/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh və İddiaçı 38400 manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 205 manat pul müştərək qaydada alınaraq, iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2710 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adına BYB ünvanında yerləşən evin tikililərinin planlı yerləşməsini, həmin evdə bir mətbəxin, bir dəhlizin, bir hamam və bir ayaqyolu tikililərinin olduğunu, eləcə də, yaşayış otaqlarının sahəsinin tərəflərin paylarına uyun olmadığını nəzərə alaraq həmin evin təcrid mənzillər şəklində tərəflərin paylarına uyğun bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1,2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi 46 Ş.Qurbanov adına BYB ünvanında yerləşən bağ evinin tərəflərin paylarına uyğun olaraq bölgüsü mümkün olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli 10/3880 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir. - Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB 46 ünvanında yerləşən evin əlavə kommunal xidmət sahələri inşa edilməklə və arakəsmə divarı inşa edilməklə 2 hissəyə naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. - Bunun üçün texniki pasportun məlumatlarında göstərilən 6,7 və 8 saylı tikililəri ilə 5 və 4 salı tikililərin arasında olan giriş-çıxış qapıları baglanılmalı 6,7 və 8 saylı tikililərin arasında giriş-çıxış qapıları açılmalı və ayrılmış torpaq sahəsinin daxilində dəhliz , hamam və ayaqyolu tikililəri yaradılmalıdır. Qeyd olunur ki, ayrılmış torpaq sahəsinə keçid üçün küçə tərəfdə giriş-çıxış qapısı quraşdırılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. Bu halda Mülki Məcəllənin 220.6-cı maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarındakı mövqeyinə əsasən iddiaçının hüquqi vardır ki, paylı mülkiyyətlərində olan əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsini tələb etsin. Lakin hazırki iş üzrə iddiaçı bu barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 28-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı payının cavabdehin payından ayrılmasını xahiş etmiş, bununla bağlı məhkəmə ekspertizası keçirilmiş və Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB 46 ünvanında yerləşən evin əlavə kommunal xidmət sahələri inşa edilməklə və arakəsmə divarı inşa edilməklə 2 hissəyə naturada bölünməsinin (ayrılmasının) mümkün olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 269.4-ci maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. İstinad olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi ipoteka predmeti olan əşya üzərində sərəncam verilməsi ipoteka saxlayanın razılığı ilə mümkündür. İddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi ipoteka saxlayan Bankın mübahisəli ünvandakı evin naturada bölünməsinə razılığı yoxdur. Odur ki, məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli 10/3880 nömrəli ekspert rəyini sübut kimi qəbul etmir və ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-882/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0 ********* SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar