Məhkəmə qərarları › İş №2(104)-2053/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2053/2025

03.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2053/2025 03.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-2(021)-394/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47000 (qırx yeddi min) manatın və dövlət rüsumu olaraq ödədiyi 235 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddia tələbində cavabdeh kimi göstərdiyi Cavabdeh tanıyır. Bir müddət əvvəl Cavabdeh ona kompüter biliklərinə yaxşı bələd olduğu üçün proqram təminatı ilə server alınmasını və ticarət obyektlərinə xidmət göstərilərək gəlir əldə edilməsini təklif etmişdir. O, Cavabdeh tanıdığından və ona etibar etdiyindən, ona yalan deməyəcəyinə əmin olmuş və onun bu təklifinə razılıq vermişdir. Təxminən nə qədər məbləğ lazım olduğunu soruşanda Qalib ona kompüter proqram təminatı və avadanlıqlar üçün 35000 manat lazım olduğunu demişdir. Onun o qədər məbləği olmadığı üçün, Qalibə Banka girov qoyulması üçün qızıl əşyalarını təqdim etmişdir. Qalib qızıl əşyaları Ağcabədi rayonunda yerləşən Turan Banka qoyaraq 35500 manat məbləğində kredit götürmüşdür. Həmin məbləğlə özünün deməsinə görə kompüter proqram təminatı və avadanlıqlar almışdır. Sonradan Cavabdeh kompüter proqram təminatı və avadanlıqlara əlavə ləvazimatlar lazım olduğunu bildirərək əlavə olaraq 5000 (beş) min manat məbləğində pul lazım olduğunu demişdir. Bu zaman o, ona Banka girov qoyulması üçün qızıl saatını vermiş, həmin qızıl saatı o, Parabokt kredit təşkilatına girov qoyaraq 5000 manat məbləğində pulu əldə etmişdir. Cavabdeh kompüter proqramından istifadə edərək ticarət obyektlərinə proqram yazırmış. Ancaq kompüter təminat proqramının və avadanlıqlarının alınması üçün götürülən krediti vaxtı-vaxtında ödəmədiyi üçün Turan Banka girov qoyulan qızıl əşyaların satılması təhlükəsi yaranmışdır. Qalib ilə əlaqə saxlamış, o, imkanı olmadığını və kredit məbləğini bağlaya bilməyəcəyini demişdir. Ona görə də, o, məcbur qalıb Turan Banka olan Cavabdeh adına olan krediti faziləri ilə birlikdə 42000 manat məbləğini ödəməklə bağlamış və girov olan qızıl əşyaları girovdan götürmüşdür. Bundan başqa Cavabdeh qızıl saatın girov qoyulduğu Parabokt kredit təşkilatına ödənişləri etmədiyinə görə həmin kredit təşkilatına 5000 manat məbləğində ödəniş etmişdir. Ancaq buna baxmayaraq qızıl saatı Parabokt kredit təşkilatında hələ də girovdadır. Cavabdeh borcu ödəmir və Parabokt kredit təşkilatı qızıl saatı satmaq niyyətindədir. Bundan başqa öyrənmişdir ki, Cavabdeh aldığı komputer təminat proqramının və avadanlıqlarının dəyəri cəmi 2000 manat ətrafındadır. Heç onun Cavabdeh dediyi qədər dəyəri yoxdur. Bundan sonra o, Qalibdən ona olan 42000 (qırx iki min) manat məbləğində pulu və Parabokt kredit təşkilatında girov qoyulan qızıl saatı tələb etməyə başlamışdır. Ümumilikdə Cavabdeh ona 47000 (qırx yeddi min) məbləğində pul ödəməlidir. Ancaq Cavabdeh ona həmin məbləği ödəmir. Həmin məbləği ört basdır etmək üçün Cavabdeh Bərdə Rayon Polis Şöbəsinə ondan şikayət etmişdir. Həmin şikayət ərizəsi üzrə Bərdə Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Araşdırma materialında Cavabdeh izahatında ona hansı məbləğlərdə pul verildiyini ifadə etmişdir. Təhqiqatçı qərarını onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə borc öhdəliyinin icra edilməməsi ilə əlaqədar olduğundan mülki xarakterlidir, odur ki, mübahisə mülki qaydada aidiyyatı məhkməyə iddia ərizəsi ilə müraciət edilməklə həll edilməlidir. Bundan başqa şahidləri X2 və X3 dediklərini təsdiq edə bilərlər. Məhkəmə iclası zamanı onların iştirakını təmin edəcəkdir. Cavabdeh ona ödəməli olduğu məbləğin 47000 (qırx yeddi min) manat təşkil edir ki, onu da könüllü ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-2(021)-394/2025 nömrəli qətnaməsi (hakim Fərman Abdullayev) ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş 263 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-2(021)-394/2025 nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi təhlil edildikdə, məhkəmənin mübahisəsiz faktları qəbul etməsinə baxmayaraq, onların hüquqi nəticələrinə yanlış qiymət verdiyi və nəticədə ədalətsiz bir qərar çıxardığı aydın olur. Bu qətnamə Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin, pozulmasına gətirib çıxarır. Məhkəmə qətnaməsində İddiaçı banka girov kimi təqdim etdiyi qızıl zinət əşyaları hesabına Cavabdeh 35.555 manat kredit götürməsi və həmin kredit vəsaiti ilə server avadanlığı alaraq iddiaçıya təhvil verməsini mübahisəsiz hal kimi qəbul etmişdir. Bu kredit və server avadanlığı, birbaşa iddiaçının mülkiyyəti hesabına əldə edildiyi üçün, məhkəmə bu haldan irəli gələn hüquqi nəticələri düzgün şərh etməli idi. Məhkəmə bu mübahisəsiz halı qəbul etsə də, onun iddiaçının xeyrinə qərar qəbul etməsi üçün kifayət qədər əsas olmasına rəğmən, iddianın rəddinə dair səhv nəticəyə gəlmişdir. Bu, faktiki halların düzgün hüquqi təsnifatının aparılmaması deməkdir. Məhkəmə, həmçinin, 5000 manatlıq qızıl saatın cavabdehə verilməsi, həmin saatın "ParaBokt" kredit təşkilatına girov qoyularaq kredit götürülməsi və sonradan iddiaçının həmin kredit borcunu özü ödəməsinə baxmayaraq qızıl saatın girovdan çıxarılmaması faktını təsdiqlənmiş və mübahisəsiz hal kimi qəbul etmişdir. Bu, cavabdehin iddiaçının əmlakından istifadə edərək maddi fayda əldə etdiyini və bu faydanın qaytarılması, yaxud əmlakın girovdan azad edilməsi kimi bir öhdəliyin ortaya çıxdığını açıq şəkildə göstərir. Məhkəmə qərarında cavabdehin hərəkətlərinə "tapşırıq müqaviləsi" kimi hüquqi qiymət verilmişdir. Lakin tapşırıq müqaviləsinin əsas şərtləri (o cümlədən müqavilənin yazılı və ya sübut edilə bilən forması, xidmətin icra qaydası və qarşılıqlı öhdəliklər) mövcud olmadığı halda bu qiymətləndirmə faktiki və hüquqi zəmindən məhrumdur. Əgər tərəflər arasında rəsmi tapşırıq müqaviləsi yoxdursa və ya onun şərtləri dəqiq müəyyən edilməyibsə, məhkəmənin bu münasibətləri tam olaraq tapşırıq kimi dəyərləndirməsi və bu əsasla iddianı rədd etməsi doğru deyil. Xüsusilə də, cavabdehin öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirmədiyi nəzərə alınmalıdır. Əgər məhkəmə özü də cavabdehin iddiaçının mülkiyyətində olan əmlak (qızıl zinət əşyaları və qızıl saat) hesabına maddi fayda əldə etdiyini təsdiqləyirsə, o zaman iddianın təmin olunmaması özlüyündə daxili ziddiyyət təşkil edir. İddia ərizəsində də qeyd olunduğu kimi, Cavabdeh özü Bərdə Rayon Polis Şöbəsinə verdiyi izahatda və məhkəmə prosesi zamanı şəxsən ona hansı məbləğlərdə pul verildiyini etiraf etmişdir. Bərdə Rayon Polis Şöbəsinin "Cinayət işi başlanılmasının rədd edilməsi haqqında" qərarı, mübahisənin mülki xarakterli olduğunu göstərməklə yanaşı, Cavabdeh izahatında pul məbləğlərini aldığını ifadə etdiyini də təsdiqləyir. Bu qərar, işin mülki mübahisəyə aid olduğunu təsdiqləyən və borcun mövcudluğuna dair əlavə aidiyyəti sübut olan rəsmi sənəddir. Məhkəmə bu sənədin bütün məzmununu, xüsusilə də cavabdehin etirafını əks etdirən hissəsini lazımi şəkildə nəzərə almalı idi. İddiada qeyd olunur ki, Cavabdeh server aparatını həmin məbləğə aldığını sübuta yetirə bilməmişdir. Əgər cavabdeh pulu aldığını etiraf edirsə, lakin onun hansı məqsədlə istifadə olunduğunu və ya geri qaytarıldığını sübut edə bilmirsə, bu fakt da iddiaçının tələbinin əsaslı olduğunu göstərir. Hesab edir ki, məhkəmə cavabdehin sübut təqdim edə bilməməsini, iddiaçının lehinə qiymətləndirməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-2(021)-394/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının MPM-in 24.2-ci maddəsində göstərilmişdir ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kollegiya qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi uçotuna alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) fiziki şəxsdir. Həmçinin, Cavabdeh da Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi uçotuna alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) fiziki şəxsdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə prosessual qanunvericiliyə əsasən kommersiya mübahisəsi hesab olunur və işin baxılması kommersiya məhkəməsinə aiddir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallara araşdırılaraq hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Plenumunun qərarında göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Həmçinin, həmin Plenum qərarında qeyd edilmişdir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti Azərbaycan Respublikasının MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, Azərbaycan Respublikasının MPM-in 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Qeyd olunmalıdır ki, Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM-nin 45.1-ci maddəsi). İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verə bilər. (MPM-nin 44.2.2-ci maddəsi). “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Bərdə Rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-in 384.0.4.-cü maddəsinə görə işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, Apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli Bərdə Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-2(021)-394/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 384, 385, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-2(021)-394/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar