Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2069/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddiası üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-454/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-454/2024 saylı qətnaməsi ilə (sədrlik edən M.Məmmədov) iddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dаir iddiasının əsassız olmasına görə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 2(066)-454/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən 21 noyabr 2023-cü il tarixli akt əsasında qanunsuz **********00041 nömrəli abunə koduna hesablanmış 700 (yeddi yüz) manat məbləğində borcun azaldılaraq 30 (otuz) manat məbləğində saxlanmasını və 09 yanvar 2024-cü il tarixli 318316 nömrəli akt üzrə hesablanmış 400 (dörd yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Göygöl rayonu, Qızılca kəndində yaşayır. Elektirik enerjisini sayğac vasitəsi ilə əldə edir və kənd təsərrüfatı ilə məşğul olur. İstifadə etdiyi elektrik enerjisini vaxtlı-vaxtında ödəyən abonentdir. 21 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları kənd ərazisində yoxlama işləri aparmışlar. Onun xəbəri olmadan guya "xxxx" ASC-nin əməkdaşları onun yaşadığı evin həyətinə basxış keçirmişlər və sayğacdan kənar elektrik xətti müəyyən etmişlər. Ancaq həmin akt hal şahidlərinin iştirakı olmadan tərtib edilməsinə görə saxtadır. Həmin akta əsasən o, 700 manat cərimə edilmişdir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları 09 yanvar 2024-cü il tarixdə kənd ərazisində yoxlama işləri aparmışlar. Onlar yenə də əsassız olaraq sayğacdan kənar elektrik xəttinin müəyyən edilməsi barədə 09 yanvar 2024-cü il tarixli 318316 nömrəli akt tərtib etmişlər. Hazırda "xxxx" ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. O, isə həmin borcun qanunsuz olaraq hesablandığını və borcun silinməsini tələb edir. Lakin tələbın heç bir nəticəsı olmadığına və qanunsuzluq formasında dəfələrlə iddiaçının evinə elektrik verilişinin dayandırlmasını tələb etmişlər və elektrik enerjisi verilişi dayandırılmışdır. Bu səbəblərə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, onun ailə üzvləri ilə birlikdə yaşadığı evin işıq sayğacına X1 işçiləri tərəfindən mütəmadi olaraq yoxlamalar həyata keçirilirdi. Yoxlamalar zamanı onlar iştirak etmiş və bu yoxlamaların nəticəsində heç bir pozuntu aşkar olunmayıb. Bununla yanaşı o, hər ay sərf etdiyi elektrik enerjisinə görə olan borcunu da vaxtlı-vaxtında ödəmişdir. Ancaq 21 noyabr 2023-cü il tarixində X1 işçiləri tərəfindən növbəti baxış keçirildikdən sonra akt tərtib edilmişdir. Belə ki, baxış keçirildiyi zaman X1 işçiləri tərəfindən hər hansı bir qanunsuz əməlin törədilməməsinə inanaraq onlar həmin işçinin yanında olmamışlar. Yoxlamanın nəticəsində isə onlara evin işıq sayğacında aşkar edilmiş hər hansı bir pozuntu ilə bağlı akt tərtib edilməsi barədə məlumat verilməmişdir. Belə ki, o və ailə üzvləri evin işıq sayğacı ilə bağlı tərtib edilmiş aktdan daha sonradan xəbərdar olmuşlar. Akta əsasən yaşadığı evin işıq sayğacından kanar xətt aşkar edilmişdir. Həmin aktın tərtib edilməsində ünumiyyətlə xəbəri olmayıb, həqiqətən həmin vaxt sayğaca baxış keçirilmiş və kənar xətt așkar edilmişdir. Aktın surətindən də görünür ki, akt saxta olmaqla sonradan tərtib edilmiş və S.İ.Bağırov, E.R.Salmanov adlı şəxslər tərəfindən imzalanmıştır. Əgər belə bir hal olardısa akta yəqin ki, o, da imza edər, imtina etsə belə başqa bir hal şahidi dəvət edilmeli və ya hər hansı bir çəkiliş aparılmalı idi. Yuxarıda sadalanan hallardan heç biri olmadığı halda, yəni 21 noyabr 2023-cü il tarixində onların xəbəri və iştirakı olmadan işçilər tərəfindən sayğacdan kənar xəttin istifadə edilməsi haqqında xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Lakin qanunvericiliyə əsasən bu akt istehlakçının, yəni onların yanında tərtib olunaraq bir nüsxəsi onlara təqdim edilməli olsa da, onlar bu aktdan tərtib olunduqdan daha sonra xəbərdar olmuşlar. Buna baxmayaraq aktda nəzərdə tutulan cəriməni ödəməyə başlamış, artıq cərimənin bir hissəsini ödəsə də, yenidən cərimə yazmaq məqsədilə 9 yanvar 2024-cü ildə yenidən X1 işçiləri tərəfindən ona məxsus olan işıq sayğacına baxış keçirilmiş, lakin baxış zamanı evdə heç bir ailə üzvü olmamışdır. Baxışın nəticəsində yenidən işıq sayğacından kənar xəttin aşkar edilməsi barədə xx.xx.2024-cü il tarixli, 318316 nömrəli akt onların xəbəri və iştirakı olmadan tərtib olunmuşdur. Onlar tərəfindən heç bir kənar işıq xətti çəkilməmişdir. İlk akt tərtib edildikdən sonra onlara yazılmış cərimədən dərs alaraq, artıq bu xətti ləğv etmiş və bu hərəkətin nəticəsi olaraq cəriməni ödəməyə başlamışlar. Buna əsasən qətiyyətlə demək olar ki, xx.xx.2024-cü il tarixli aktda qeyd olunan heç bir kənar xətt çəkilməmişdir. X1 işçiləri onların cəriməni ödəməyini görüb yenidən cərimə yazmaq məqsədilə qanunsuz akt tərtib etmişlər. Belə ki, həmin işçilər tərəfindən həyətdə yerləşən “almadərən” adlandırdığı, meyvələri ağacdan dərməyə kömək edən vasitəni kənar işıq xətti çəkməyə kömək edən vasitə kimi qeydə almışlar. Həmin “almadərən” ancaq meyvələri agaclardan dərmək üçün istifadə oluna bilər. Nəticədə, X2 işçiləri tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli akta əsasən “abonent sayğacdan kənar qeyri-qanuni xəttdən istifadə edir” qeyd edilməklə dəymiş ziyanın ödənilməsinə dair qanunsuz şəkildə 700 manat məbləğində cərimə hesablanmışdır. O, cərimənin bir hissəsini ödəsə də yenidən xx.xx.2024-cü il tarixli, 318316 nömrəli akta əsasən eyni əsaslarla qanunsuz 400 manat cərimə tərtib edilmişdir. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli, 318316 nömrəli aktlara baxdıqda istehlakçı imzası yerində heç nəyin qeyd edilmədiyini görmək olar. Belə ki, aktlar onun yanında tərtib olunsa idi və o imza atmaqdan imtina etsəydi bu zaman imza atmaqdan imtina etdiyini təsdiq edən yazı qeyd olunmalı idi. Bununla yanaşı, akt tərtib olunanda axsam saatları idi və onlar evdə olmamışlar. Bu isə onu göstərir ki, X2 işçiləri qanuna zidd akt tərtib ediblər. Aktın bir nüsxəsi təqdim edilsə də, bu onlardan mübahisə ilə tələb edərək əldə etməyi nəticəsində baş verdi. Yəni onlar aktdan qanunvericiliklə nəzərdə tutulan şəkildə xəbərdar olmamışlar. Həmçinin aktlar onların iştirakı olmadan tərtib edilmişdir. Bu da qanunvericiliyə ziddir. Bütün bunlara görə də o, X2 tərəfindən tərtib olunmuş aktlarla razılaşmır və tələb olunan məbləği əsassız hesab edir. Həmçinin işıq sayğacına xx.xx.2023-cü il tarixli akt tərtib edildikdən sonra heç bir müdaxilə etməmişdir. Əgər belə bir hal olsa idi, demək olar ki, əvvəllər baş vermiş yoxlanışlardan sonra ona bu barədə məlumat verilərdi. Lakin ona heç bir xəbərdarlıq olunmamışdır. Həmçinin X2 əməkdaşlarının tərtib etdiyi aktların həqiqiliyini sübut edən heç bir vasitə yoxdur. Lakin burada aktlar tərtib olunarkən sübutlara əsasən tərtib olunmalı və bunlar da istehlakçıya izah edilməli idi. Lakin bunlar olmadığına görə də aktlar qanunsuz olaraq tərtib edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflərdən cavabdeh "xxxx" ASC nümayəndəsini məhkəmə iclasına göndərməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçınının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-454/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 21 noyabr 2023-cü il tarixli aktının surətindən görünür ki, yoxlama zamanı abonent sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 09 yanvar 2024-cü il tarixli 318316 nömrəli aktının surətindən görünür ki, yoxlama zamanı abonent sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2024-cü il tarixli icra vərəqinin surətindən görünür ki, fərdi abonent Əsgər Əsgərova 09 yanvar 2024-cü il tarixli 318316 nömrəli akt üzrə 780, 89 manat dəyərində borc yazılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında saldosundan görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı aktlar üzrə 1174,43 manat borc hesablanmış, borcdan 234 manat ödəniş edilmiş, 928,83 manat borc ödənilməmiş qalmışdır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Göygöl rayonu, Kəmərli kəndində yaşamaqla elektirik enerjisinin istehlakçısıdır və elektrik enerjisini sayğac vasitəsi ilə əldə edir. 21 noyabr 2023-cü il tarixdə və 24 yanvar 2024-cü il tarixdə İddiaçı elektrik enerçisi ilə işləyən avadanlığı sayğacdan kənar birbaşa xəttə qoşaraq istifadə elektrik enerjisindən istifadə etməklə. "xxxx" ASC-nin əməkdaşları bunu aşkar edərək, 21 noyabr 2023-cü il tarixli və 24 yanvar 2024-cü il tarixli 318316 nömrəl akt tərtib etmişlər. Həmin akt əsasında "xxxx" ASC-nin “Qərb” RETSİnin mütəxəssisləri tərəfindən Əsgər Əsgərova 780,89 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisidən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin “Qaydalar”ın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydalar”ın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır Həmin “Qaydalar”ın 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin “Qaydalar”ın 8.21-ci bəndinə görə elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 21 noyabr 2023-cü il tarixdə və 24 yanvar 2024-cü il tarixdə sayğacdan kənar elektrik enerjisindən istifadə etməklə elektrik qaynaq aparatı ilə metallları qaynaq etmişdir. Bu halı məhkəmə iclasında İddiaçı tərəfindən etiraf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsassız olmasına görə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan ünvanda yaşamaqla 21 noyabr 2023-cü il tarixdə və 24 yanvar 2024-cü il tarixdə sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində də 21 noyabr 2023-cü il tarixdə sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyini, hətta tərtib olunmuş akt üzrə hesablanmış borcdan ödənişlər etdiyini də etiraf edir. odur ki. kollegiya iddiaçının sayğacdankənar xətdən elektrik enerjisindən istifadə etməməsinə dair dəlıilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərini iddiaçının formal mülahizəsi kimi qiymətləndirir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-454/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2069/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2069/2024
16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver