Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2071/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(125)-5140/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmurunun 1,70 ha torpaq sahəsində yerləşən 441 kv/m. daş sexinin 360000 manata xx.xx.2014-cü ildə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifarişin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(125)-5140/2024 nömrəli qərardadı ilə (hakim Fuad Fərhadov) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “icra məmurunun xx.xx.2014-cü il tarixli "xxxx" MMC-yə göndərdiyi sifariş məktubunun ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıların mülkiyyətində olan 1,70 ha torpaq sahəsi qiymətləndirilmədiyindən icra məmuru xx.xx.2014-cü il tarixdə 441 kv.m sahədə yerləşən daş sexi kompleksinin 36000 manata 1,70 ha torpaq sahəsi ilə birlikdə hərraca sifariş verdiyindən icra məmurunun xx.xx.2014-cü ildə sifariş məktubunun ləğvi barədə iddia qaldırmışlar. Məhkəmə iddia ərizəsini geri qaytarmış, hesab etmişdir ki, cavabdeh Göygöl ərazisində olduğundan iddia aidiyyəti qaydada Göygöl Rayon Məhkəməsində qaldırılmalıdır. Bundan əvvəl Gəncə İnzibati Məhkəməsində, Göygöl Rayon Məhkəməsində bu məzmunda iddia qaldırmışlar. İddia təmin olunmamışdır, həmin qərardaddan apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin iş hansı məhkəmədə olmuşdursa, davamı olaraq həmin məhkəmədə iddia qaldırılmalıdır. Mülkiyyətləri Gəncə şəhərində yerləşdiyindən Gəncədə iddia qaldırmışlar. Ona görə də iddia icraata qəbul edilib-baxılmalı idi. Gəncə Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(125)-5140/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinin tələblərini pozur. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən MPM-nin 4-cü fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişlər, birinci instansiya məhkəməsi də cavabdehin hüquqi ünvanının Göygöl şəhəri olmasını əsas göstərərək iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə, iddia tələbi icra məmurunun sifariş məktubunun ləğv edilməsindən ibarətdir ki, bu növ iddialara mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müstəsna aidiyyət və ya iddiaçının seçməsinə görə aidiyyət qaydaları əsasında da baxılmır. MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 35.1, 152, 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(125)-5140/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2071/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2071/2024
08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver