Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2078/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (bundan sonra İB) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: itirilmiş təbii qazın dəyərinin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair Naftalan şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(052)-116/2023 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 10 may 2022-ci il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, sayğac sərfiyyatı qeyd etmədiyi üçün çıxarılmış və zenner tipli sayğac quraşdırılaraq qaz təchizatı bərpa edilmişdir.
2. 13 fevral 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda aşkar olunan nöqsan kimi qeyd edilmişdir ki, sayğaca ümumi baxış keçirildi. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilmədi. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi. Kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Naftalan şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 518.40 manat təbii qazın dəyərinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınaraq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Gəncə X4 İdarəsi ilə Cavabdeh (kod:**********00032) arasında 19 aprel 2019-cu il tarixli, 44xx-xx-2019 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s). Belə ki, Gəncə RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana quraşdırılmış qaz sayğacı şəbəkədən açılaraq növbədən kənar dövlət yoxlamasına göndərilmişdir. **********8 saylı qaz sayğacı 07 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində yoxlamadan keçirilərkən sayğacın keçən qazın həcmini qeyd etmədiyi, sayğaca müdaxilə edildiyi məlum olmuşdur. Bu barədə tərtib edilmiş 07 fevral 2023-cü il tarixli, MSK-29/1710-04863-1 saylı akta əsasən sayğaca müdaxilə edildiyi təsdiqini tapdığından qazdan istifadə qaydalarının pozulması haqqında 13 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək 4320 m3 itirilmiş qazın bərpası üçün 518.40 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Borcun ödənilməsi barədə 19 aprel 2023-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq ödəniş təmin edilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı İB-yə ödənilməmiş 518.40 manat borcu vardır. Borc əsaslıdır və ödənilməlidir. Cavabdehin göstərilən məbləğdən hal-hazırkı vaxta qədər ödənişdən yayınması İddiaçı maliyyə dayanıqlığına mənfi təsir göstərir və işlərin görülməsində çətinlik yaradır.
5. Naftalan şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(052)-116/2023 nömrəli qətnaməsi (hakim Ayaz Səlimov) ilə iddianın təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2 və 1096-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9 və 5.5ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 107, 119, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İB apellyasiya şikayəti verərək, Naftalan şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(052)-116/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi 2022-ci ilin fevral ayında cavabdehə hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək Cavabdeh abonent hesabına işlənmişdir. İş materiallarından da göründüyü kimi Birlik tərəfindən iddia tələbinə dair MSK-29/1710-04863-1 saylı akta əsasən qaz sayğacına qanunsuz müdaxilə təsdiqini tapdığından 518.40 manat dəymiş ziyan (hesabata alınmayan itirilmiş qazın həcmi) müəyyənləşdirilərək cavabdehin abonent hesabına işlənilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi cavabdehin qaz hesabına 2023-ci ilin fevral ayında hər hansı əlavə hesabat yüklənməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İş üzrə İddiaçı İB-nin nümayəndəsi və cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
13. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
14. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
15. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
20. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
21. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
24. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
27. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(052)-116/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə iddiaçı qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin cavabdeh və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da cavabdehə borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur sonuncuya əsas vermir ki, cavabdehin sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.
32. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, cavabdehə qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və cavabdehin abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.
33. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə faktlar nöqteyinəzərindən düzgündür və qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
34. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
37. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Naftalan şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(052)-116/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.