Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2103/2024 27.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəri zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2842/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis idarəsinin 2ci Polis Şöbəsinin 15 noyabr 2022-ci il tarixli, 122-42144A-3222 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, araşdırma zamanı 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X10 ona qarşı hər hansı bir qanunsuz hərəkətlərin törədilməsi müəyyən olunmamışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin 28 aprel 2023-cü il tarixli, 3-13-51-2/2-H-10224/11 /2023 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, onun müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə orqanlarının səlahiyyətindədir.
3. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
4. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə qərar qəbul edilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis idarəsinin 2ci Polis Şöbəsinin 31 yanvar 2024-cü il tarixli, A-30xx/xx/2024 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə müraciətlə əlaqədar Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə qərar qəbul edilmişdir. Qərardan narazı olduğu halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən Prokurorluğa və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
6. “X8” tərəfindən verilmiş İddiaçı epikriz məlumatlarından görünür ki, İddiaçı (T59.7) karbon iki-oksidin toksik təsiri diaqnozu qoyulmuşdur.
7. “X8” tərəfindən verilmiş İddiaçı epikriz məlumatlarından görünür ki, İddiaçı (T58) dəm qazının toksik təsiri diaqnozu qoyulmuşdur.
8. “X8” tərəfindən verilmiş 1523/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2024-cü il tarixdə “X8”nın X21 Bölməsinə gətirilmişdir. Aparılan müayinələr nəticəsində xəstəyə “dəm qazının toksik təsiri” diaqnozu təyin edilərək Reanimasiya bölməsində intensiv stasionar müalicə edilmişdir.
9. “X8” tərəfindən verilmiş 1524/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək “dəm qazının toksik təsiri” diaqnozu əsasında “X8”nın Təcili Reanimasiya bölməsində intensiv stasionar müalicə olmuşdur.
10. “X8” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli göstərilən xidmətlərə dair qəbzdən görünür ki, İddiaçı göstərilən xidmətlərin məbləği 499,22 manat təşkil etmişdir.
11. 18.01.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən X4 487,00 AZN ödəniş edilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1481/2023 nömrəli 20 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 nömrəli qətnaməsi qismən İddiaçı cavabdehlər X11, Cavabdeh, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli, 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissənin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə təmin edilməsi, ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli, 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, maddi zərərə görə 1710,96 manat və mənəvi zərərə görə 1500 manat pulun, cəmi 3210,96 manat məbləğin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə 31 yanvarda onun həyat yoldaşını cinayətkarlar evində qəsd edərkən, onu qətlə yetirmişlər və onu isə ağır xəsarət yetirərək yaralamışlar. Ona həmin vaxtlar telefon vasitəsi ilə tanıya bilməyən şəxslər tərəfindən hədsiz qorxu gəlirdilər. Ona görə də, 1995-ci ildə iyun ayında rəhmətlik atası X2 Vətən Müharibəsi 1-ci qrup əlil onu və övladını yaşamaq üçün öz evlərinə aparmışdır. Həmin ildə atası öz ailəsi ilə birlikdə Türkiyə Respublikasına yaşamaq üçün köçmüşlər. O, qızı və bibisi X7 2-ci qrup əlil Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, ev 54-də yaşamışlar. 1 il sonra qardaşı Xaliz rəhmətə getmişdir. Daha bir il keçəndən sonra atası Mükadim Gəncəyə öz evinə geri qayıtmışdır. Atası sonralar ağır xəstələnmiş və ona qulluq etmişdir. 4 il keçəndən sonra, 2003-cü ildə atası rəhmətə getmişdir. Həmin vaxtlar faktiki mirası o, qəbul etmişdir, yəni həmin evdə yaşayaraq xəstə atasına qulluq etmiş, sonralar dəfn xərclərini o, çəkmiş, bununla da atasından qalan miras əmlakı faktiki olaraq o, qəbul etmişdir. Beləlikdə həmin mübahisəli evdə o, yaşamışdır. Evdən harasa gedərkən o, evin açarını, etibar etdiyi qonşusu Səfərov Əbülfəzə vermişdir. 2017-ci ildə o, Qazaxıstanda xəstəxanada əməliyyat olmuşdur. Həmin ildə onunla yaşayan bibisini insult vurmuşdur. Özbəkistandan bacısı həmin vaxtlar gəlib bibisinə qulluq edirmiş, bacısının Gəncəyə gəlməsi üçün aviabileti o, almışdır. Həmin vaxtlar qardaşı oğlu X13 gələrkən onun xəstə bibisinə yalan vəd verərək, onu müalicə üçün Türkiyə aparacağına dair yalan söyləmişdir. 5 ay qulluq edəndən sonra ona baxmamışlar və geri qaytarmışlar. 2018-ci ildə kənar şəxslə geri Gəncəyə göndərmişlər. 2018-ci ildə bu məsələdən sonra o, bibisinə qulluq etmək üçün Qazaxıstandan geri Gəncəyə dönmüşdür. 2019-cu ildə isə bibisi rəhmətə getmişdir. Bibisinin son günlərini o, qulluq etmişdir. Bibisinin yas mərasimi bütün xərclərini yenə də o, tək başına çəkmişdir. 2020-ci ildə fevral ayında o, qızının yanına Qazaxıstana getmişdir. Çoşqunov Osman bu aralarda anası Mənəmşə Çoşqunovaya etibarnamə vermişdir. Bununla da əlaqədar qonşuları olmuş Əbülfəz köməklik edərək saxta etibarnamə verilmişdir. Həmin vaxtlar koronavirus pendemiyası ilə əlaqədar o, Qazaxıstandan geri öz evinə qayıda bilməmişdir. Belə olduğu halda Osman istifadə edərək onun evini öz adına keçirərək onu başqa şəxsə qanunsuz olaraq satmışdır. Bu aralarda həmin ilin may ayında qohumları ona məlumat vermişlər ki, ev satılır. Həmin məsələ ilə bağlı evi alan şəxsin yəni 18 may 2022-ci ildə Cavabdeh dayısı olan Səfərov Rüstəmlə ilə danışaraq ona bildirmişdir ki, o, gəlməyənəcən ev satılmasın. Rüstəmdə ona bildirmişdir ki, o, gəlməyənə qədər alqı-satqı aparılmayacaq. Sonralar Osman ona zəng edərək evi satacağını bildirmişdir, o, isə ona qətiyyən satmamağı və bunun qanunsuz olmasını bildirmişdir. Həmin vaxtlar o, Qazaxıstandan öz evinə gəlmişdir. Evin başqa şəxslərə qanunsuz olaraq satıldığını görmüşdür. Bütün ev əşyaları evdən götürülmüşdür, halbuki onun xəbəri olmamış və qanunsuz olaraq onun əmlakını talamışlar. Həmçinin özünü də evdən qovaraq qoymamışlar ki, öz evində qalsın və ya əşyalarını götürsün. Həmin gecə o, səhərə kimi çöldə qapıda qalmışdır. O, bununla bağlı polisə 102 qaynar xəttə şikayət etmişdir. Polis gəlib ona köməklik etməmiş və o, səhərəcən küçədə qalmışdır. Polis ilə 14 gündən sonra bəzi əşyaları tapılmış və oradan qızının adına olan evin, açarlarını tapıb o evə getmişdir. Əşyalarının çoxunu itirilmişlər və qaz qızdırıcı olmamışdır. Sonra noyabr ayında qızdırıcını tələb etmişdir. Onlar öz köhnə qızdırıcısını vermək istəmiş, lakin o, qəbul etməmişdir. Havalar soyduqda o, məcbur qalıb qızdırıcı almışdır. Cavabdehin günahı ucbatından o, çöldə qalmış, evsiz qalmış və öz şəraitindən məhrum olmuşdur. Məcbur qalaraq başqa evlərdə qalaraq özünə yeni şərait düzəltmişdir. O, yaşlı və köməksiz adamdır. Soyuq havalarda çox çətinliklə bir yararsız qızdırıcı tapıb evə quraşdırmışdır. Bununla bağlı o, dəm qazından üç dəfə zəhərlənmişdir. Əgər cavabdeh qanunsuz olaraq onu öz mülkündən məhrum etməsə idi və ya vaxtında əşyalarını (qızıdırıcını) versə idi o indi zəhərlənməzdi və bu qədər xərcə düşərək (xəstəxana xərcləri) maddi və mənəvi zərər görməzdi. O, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-392/2023 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Bundan narazı qalaraq o, apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1481/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 4 saylı dövlət notariat kontorunun təsdiq etmiş 24 aprel 2008-ci il tarixli, 2 V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmişdir. Bu iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4401/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1481/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda hazır ki, iddia ilə cavabdehə qarşı dəymiş maddi və mənəvi zərər kimi pul tələb edir.
15. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2842/2024 nömrəli qətnaməsi (hakim Zaman İmanov) ilə, iddianın təmin edilməməsi, iddia qaldırmaq üçün ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 1 və 2-ci bəndlərinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2842/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdehin təqsiri ucbatından o xx.xx.2022-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə X9 “dəm qazının toksik təsiri” diaqnozu ilə reanimasiyada stasionar müalicədə olmuşdur və 1710.96 manat maddi ziyana düşmüşdür. Eyni zamanda o cavabdehin hərəkətindən iztirablar və sarsıntı keçirmiş, bununla ilə əlaqədar cavabdehdən mənəvi zərərə görə kompensasiya tələb edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən, tərcüməçinin iştirakı ilə dindirilmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
21. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xx.xx.2024-cü il saat 11-30 və xx.xx.2024-cü il saat 11-00 xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarı
29. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı
30. mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2842/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh təqsiri ucbatından xx.xx.2022-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə X9 “dəm qazının toksik təsiri” diaqnozu ilə reanimasiyada stasionar mülaicədə olduğunu, buna görə də ona maddi və mənəvi zərər dəydiyini bildirmişdir.
49. İş materiallarından göründüyü kimi, apellyasiya şikayətləri üzrə tərəflər arasında yaranmış mübahisə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
51. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
52. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
53. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
54. Qeyd olunanlardan göründüyü kimi, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır.
55. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehi Cavabdeh onu evə qoymaması nəticəsində evsiz qalması və ona məxsus qızdırıcı qaytarılmadığı üçün dəm qazından zəhərləndiyini bildirsə də, cavabdehin təqsiri və ya hər hansı hərəkətləri və hərəkətsizliyi nəticəsində iddiaçının sağlamlığına zərər dəyməsi barədə mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
56. Digər tərəfdən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
57. Məhkəmə kollegiyası işin araşdırılan halları ilə bağlı qeyd edir ki, ümumiyyətlə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdehin təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz.
58. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
59. İddiaçının sübutları da Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyildir. Yalnız əsaslı şübhədən kənar sübutlar olduğu halda, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktik hallara mövcud olan hallar kimi qiymət verə bilər.
60. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
62. Nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
63. Həmçinin, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1ci maddəsi).
64. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
67. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh təqsiri ucbatından xx.xx.2022-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə X9 “dəm qazının toksik təsiri” diaqnozu ilə reanimasiyada stasionar mülaicədə olduğunu, buna görə də ona maddi və mənəvi zərər dəydiyini bildirmiş, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyildir.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2842/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.