Məhkəmə qərarları › İş №2(104)-2110/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2110/2025

13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2110/2025 13.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(045)-1704/2025 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən, Goranboy şəhər R.Ağakişiyev adına X2 Tipli Gimnaziya vergi ödəyicisi kimi 12 oktyabr 2005-ci il tarixdə qeydiyyata alınmış və rəhbərinin adı Cavabdehdur;

2. 18 mart 2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, vergi ödəyicisi Goranboy şəhər R.Ağakişiyev adına X2 Tipli Gimnaziyanın işsizlikdən sığorta haqqı üzrə 183,58 manat və 0,55 manat faizlər üzrə borc olmaqla, ümumilikdə 184,13 manat vergi borcu yaranmışdır.

3. 19 mart 2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, vergi ödəyicisi Goranboy şəhər R.Ağakişiyev adına X2 X4 Sosial Müdafiə Fonduna muzdlu, eləcədə qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4370,73 manat və 13,11 manat faizlər üzrə borc olmaqla ümumilikdə 4383,84 manat vergi borcu yaranmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Goranboy şəhər R.Ağakişiyev adına X2 X4 Sosial Müdafiə Fonduna olan 4383,84 manat və İşsizlikdən sığorta fonduna olan 184,13 manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 02 sentyabr 2025-ci il tarixə vergi ödəyicisi olan Goranboy şəhəri R.Ağakişiyev adına X2 Tipli Gimnaziyanın (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4383,84 manat, işsizlikdən sığorta fonduna olan 184,13 manat olmaqla, ümumilikdə 4567,97 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, **********592800, xx.xx.2025-ci il tarixli, **********894400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

6. Goranboy Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(045)-1704/2025 nömrəli (hakim H.Əliyev) qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinin (Cavabdeh maraqlı şəxs kimi göstərilməklə) qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 23.15.3, 78.1 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 305.1, 305.1.12, 355-5.1, 355-5.2, 355-6-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, məhkəmə ərizəni təmin etməməklə Goranboy şəhər R.Ağakişiyev adına X2 Tipli Gimnaziyanın vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edədək, izahatında bildirmişdir ki, müəssisənin rəhbəri kimi Cavabdeh qeydiyyatdadır. Vergi borcu ilə bağlı hüquqi şəxsin rəhbəri birbaşa məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

13. Maddə 73, bənd İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

15. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

16. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

Azərbaycan Respublikası Vergi Məcəlləsi:

17. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

18. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

19. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

20. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

21. Maddə 85. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi:

22. Maddə 9.3.6-1. Vergi ödəyicisi vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: Maddə 305.1.12. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında;

29. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

30. Maddə 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

31. Maddə 355-6. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

32. Maddə 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

33. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

35. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

36. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən, Goranboy şəhər R.Ağakişiyev adına X2 Tipli Gimnaziya vergi ödəyicisi kimi 12 oktyabr 2005-ci il tarixdə qeydiyyata alınmış və rəhbərinin adı Cavabdeh kimi göstərilmişdir. Hüquqi şəxsin vergi öhdəlikləri qanunvericilikdə müəyyən olunmuş müddətdə icra edilmədiyinə görə 19 mart 2025-ci il tarixə Goranboy şəhər R.Ağakişiyev adına X2 X4 Sosial Müdagiə Fonduna 4383,84 manat, işsizlikdən sığorta haqqı üzrə isə 184,13 manat vergi borcu yaranmışdır. Vergi borcunun ödənilməsinin təmin edilməsi barədə hüquqi şəxsin rəhbərinin adına bildiriş göndərilsədə, lakin icrası təmin olunmamışdır. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi yaranmış vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə baxan birinci instansiya məhkəməsi də ərizəni təmin etməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir.

42. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməlidir.

43. Belə ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Goranboy şəhər R. Ağakişiyeva adına X2 tipli Gimnaziyanın vergi orqanına ödənilməmiş borcu var və bu gimnaziyanın öz öhdəliyi hesabına yaranmışdır. Ona görədə yaranmış vergi borcunun formalaşmasına gimnaziyanın direktoru Cavabdeh birbaşa məsuliyyət daşımır. Cavabdeh Goranboy şəhər R.Ağakişiyeva adına X2 tipli Gimnaziyanın vergi borclarına görə məsuliyyət daşıyıbdaşımadığı müəyyən olunmadığından vergi borcuna görə onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tətbiq oluna bilməz.

44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Bu qətnamənin 17-ci bəndində də qeyd olunduğu kimi, vergi qanunvericiliyinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu qətnamənin 18-ci bəndində isə qeyd olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

46. Eləcədə, mülki prosessual qanunvericiliyə görə, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 47.Göründüyü kimi hüquqi şəxsin yaranmış vergi borclarının vaxtında ödənilməsində onun rəhbəri birbaşa məsuliyyət daşıyır.

48. Həmçinin qeyd olunmalıdır ki, qanunvericilikdə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə məqsədi, konkret olaraq hazırkı işdə vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında vergi orqanının məhkəməyə müraciət etməkdə niyyəti, vergi öhdəliyinin icra edilməsinin, yəni hesablanmış vergilər üzrə borc və faizlərin ödənilməsinin təmin olunmasından irəli gəlmişdir.

49. Yuxarıda da qeyd olunduğu kimi Goranboy şəhər R.Ağakişiyev adına X2 Tipli Gimnaziya vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış və hüquqi şəxsin rəhbəri Cavabdehdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hüquqi şəxsin rəhbərinə ünvanlanmış 18 və 19 mart 2025-ci il tarixli bildirişlərdən də müəyyən olunur ki, Goranboy şəhər R.Ağakişiyev adına X2 X4 Sosial Müdafiə Fonduna 4383,84 manat, işsizlikdən sığorta haqqı üzrə isə 184,13 manat vergi borcu yaranmışdır. Hüquqi şəxsin vergi borclarunun olmasına baxmayaraq, hüquqi şəxsin rəhbəri Cavabdeh bu öhdəliyi, yəni yaranmış vergi borcunu vergi qanunvericilyində nəzərdə tutulmuş qaydada və müddətdə yerinə yetirilməsini təmin etməmişdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Goranboy şəhər R.Ağakişiyev adına X2 Tipli Gimnaziyanın vergi borcunun ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi qanuni və əsaslı olmuşdur. Buna baxmayaraq işə baxan baxan birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş və bununlada səhv nəticəyə gəlmişdir.

50. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2(045)-1704/2025 nömrəli qətnaməsi ləğv olunmalı və ərizə təmin edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305, 355-5, 372.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(045)-1704/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə təmin edilsin. Goranboy şəhər R.Ağakişiyev adına X2 X4 Sosial Müdafiə Fonduna 4383,84 manat, işsizlikdən sığorta haqqı üzrə isə 184,13 manat vergi borcu ödənilənədək hüquqi şəxsin rəhbəri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar