Məhkəmə qərarları › İş №2(104)-2111/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2111/2023

26.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2111/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X1 və Cavabdeh, onun nümayəndəsi Qənbərova Hicran Rizvan qızının iştirakları ilə, Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6,700 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsi ilə (hakim T.Əliyev) İddiaçı Cavabdeh qarşı 6,700 (altı min yeddi yüz) manat pulun onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan CD diskdə olan səs yazısından görünür ki, onun verdiyi pulun məbləğini cavabdeh etiraf etmişdir. Həmin pulun Bank vasitəsilə götürülərək cavabdehə verilməsi isə işdə olan bank kredit müqaviləsindən görünür. Cavabdehin nümayəndəsinin verdiyi izahatına əsasən o, iddiaçı olaraq ona 600-700 manat məbləğində borc vermiş və onun tərəfindən aprel ayından başlayaraq 6 ay müddətinə hər ay 270 manat pul qaytarılmışdır.O, 600 manat məbləğində pulun faizini nə qədər yüksək olsa da, hər ay ödəniş olaraq 270 manat ödəniş hesablana bilməz. İş materiallarında olan səs yazıları obyektiv həqiqəti müəyyən etməklə borclunun borcunu qaytarmamaq niyyətini və öhdəliyinin olmasını təsdiq edir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, Rauf onun sabiq qayınatasıdır. 2021-ci ilin oktyabr ayında cavabdeh tərəfin xahişi ilə 6730 manat pulu KapitalBankdan götürüb cavabdehə vermişdir. Cavabdeh həmin borcu onlara görə götürdüyü üçün, ilk 8 ayı hər ay ödəniş cədvəlinə uyğun olaraq 280 manat ödəniş etmiş, sonra isə ailə münasibətlərinin kəskinləşməsi səbəbindən ödəniş etməmiş və o, ödənişləri özü etməli olmuşdir. 2022-ci ilin aprel ayında isə 600 manat pulu uşağın müalicəsi ilə bağlı qayınanası Hicran xanıma vermişdir.Cavabdehlə onun arasında pul borcu barədə söhbətlərini telefona yazmış və həmin yazının diskini məhkəməyə təqdim etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı onun kürəkəni olmuşdur. Qızı xəstələndiyi üçün pula ehtiyacı olmuş və bu səbəbdən İddiaçı xahiş etmişdir ki, Bankdan kredit götürüb ona 600 manat borc olaraq versin. İddiaçı da Bankdan pul götürüb ona cəmi 600 manat pul onun yoldaşı Qənbərova Hicran Rizvan qızına vermişdir. Kreditlə bağlı 2022-ci ilin aprel ayından həmin ilin dekabr ayının yarısına qədər hər ay 280 manat ödəniş etmişdir. Həmin pulu faizi ilə birlikdə İddiaçı əvəzinə Banka və ya bilavasitə onun özünə tam olaraq ödəmiş və heç bir borcu qalmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Qənbərova Hicran Rizvan qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, Cavabdeh ilə oxşar məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən iş materillarına əlavə edilmiş səs yazısı olan 1 ədəd CD diski dinlənilmişdir. Həmin səs yazısı iddiaçı və cavabdeh arasında olan danışığıdır. Qeyd edilən diski dinləmə zamanı İddiaçı dediklərindən: “bankdan almışam gətirmişəm Hicran xalaya vermişəm, o da sizə verib də düzdürmü” Cavabdeh isə cavabında “hə mənlikdir, mən götürmüşəm, nə götürmüşəm hamısını ödəyəcəm” deyə bildirmişdir. Cavabdeh bildirir ki, səs ona aiddir. Lakin səs yazısı gizili aparıldığından sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 4460 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli GTKR5063418A299 saylı kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən İddiaçı 35 ay müddətinə illik 27 % ödəmək şərti ilə 6,790 manat məbləğində kredit verilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi Hicran Qənbərova iddiaçıdan 600 manat pul aldığını etiraf etmiş və bu pulun əvəzi olaraq 2022-ci ilin aprel ayından həmin ilin dekabr ayının yarısına qədər hər ay 270 manat ödəniş etdiyini etiraf etmiş, iddiaçı da bu halı təsdiq edərək 800- 900 manat məbləğində pulun Cavabdeh və Hicran Qənbərova tərəfindən ödənildiyini bildirmişdir. İddiaçının təqdim etdiyi telefon danışıqları ilə verilmiş pulun dəqiq məbləğini, pulun məhz borc olaraq verildiyini, hansı müddətə verildiyini, nə qədər məbləğin qaytarıldığını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh öz qızının əri olan İddiaçı “qoymaram sən pis vəziyyətdə qalasan” bildirməsi onun sonuncuya borcunun olmasının tam olaraq təsdiqi kimi qəbul edilə bilməz, belə ki, bu ifadə qohum olaraq onun İddiaçı Bank qarşısında öhdəliklə bağlı yardım etməyə hazır olması kimi də qiymətləndirilə bilər. Azərbaycan Respublikası MM-nin: 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilmiş səs yazısı olan 1 ədəd CD diski dinlənilmişdir. Həmin səs yazısı iddiaçı ilə cavabdeh arasında olan danışığıdır. Qeyd edilən diski dinləmə zamanı İddiaçı dediklərindən: “bankdan almışam gətirmişəm Hicran xalaya vermişəm, o da sizə verib də düzdürmü” Cavabdeh isə cavabında “hə mənlikdir, nə götürmüşəm hamısını ödəyəcəm” deyə bildirmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış borc müqaviləsi ilə əlaqədar Cavabdeh İddiaçı 6700 manat borcu yaranmışdır. Belə ki, dinlənilən səs yazısında Cavabdeh iddiaçının bankdan 6700 manat məbləğində pul götürüb ona verməsini təsdiq edir. Bununla belə cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında götürdüyü kredit borcundan 8 ay olmaqla hər ay 280 manat məbləğində ödəniş etdiyini göstərmiş, iddiaçı isə həmin halı inkar etməmişdir. Ona görə də, kollegiya hesab edir ki, həmin məbləğ ümumi borc məbləğindən çıxılmalı, 4460 (dörd min dörd yüz altmış) manat məbləğində borc pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdehin Cavabdeh həmin səs yazısı gizli yazıldığından, sübut kimi qəbul oluna bilməz kimi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən (tərəf müqabili olan) biri tərəfindən yazılması və mübahisə halında onlardan məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Bununla bağlı qeyd olunmalıdır ki, qeydə alınan məlumatlar, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı (məsələn, borcunu qaytaracağını) fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə etdiyi borc etirafını sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir. Beləliklə, başqa şəxs(lər)lə olan telefon danışığının deyil, tərəflərin özləri arasında, özü də mübahisəli hüquqi münasibətlə bağlı söhbətin yazısının həmin mübahisənin həllində istifadə olunması MPM-nin 76.3-cü maddəsindəki qadağanın məqsədi xaricindədir. Bu şərtlər çərçivəsində səs yazılarının sübut kimi qəbul olunmaması, əsas hədəfi insan hüquq və azadlıqlarının qorunması olan bir qaydadan məqsədinə zidd, yəni insan hüquqlarının pozulması ilə nəticələnəcək şəkildə istifadə edilməsi anlamına gəlir. Belə ki, bəzi hallarda qarşı tərəfin etirafını gələcəkdə danması ehtimalına qarşı şəxsin yeganə sübutetmə vasitəsi olan səs yazısından istifadə edə bilməməsi maddi həqiqətin nəzərə alınmamasına səbəb olur. Halbuki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir.Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi tərəflər arasında baş tutmuş telefon danışıqlarının onlar arasında məhz həmin məsələyə dair yaranmış mübahisənin həllində istifadəsi qanunla icazə verilən hal kimi qiymətləndirilməlidir. Belə olan halda, həmin danışıqlara dair səs yazıları MPM-nin 76.3-cü maddəsi baxımından qanunu pozmaqla əldə edilmiş sübut hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 4460 (dörd min dörd yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(070)-110/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 4460 manat (dörd min dörd yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar