Məhkəmə qərarları › İş №2(104)-2142/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2142/2023

29.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2142/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin 2(066)-1133/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1133/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında mediasiya prosesi aparılan zaman 100 manat məbləğində rüsum ödəməklə məhkəməyə müraciət etsə də, məhkəmə əsassız olaraq ərizəsi geri qaytarmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-1133/2023 saylı mülki iş üzrə 02 avqust 2023cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1133/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan ödəniş qəbzlərindən və mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Hacıyev X1 Təşkilatının hesabına ümumilikdə 105 manat məbləğində mediasiya xərcləri ödəmişdir. Mediasiya Haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Göründüyü kimi, hazırki iş üzrə mediasiya keçirilməyinə zərurət olmadığı halda, iddiaçı əsassız olaraq mediasiya təşkilatının hesabına qeyd edilən məbləğdə rüsum ödəmişdir. Kollegiya qeyd edir ki, İddiaçı məhkəmədə hazırki iddianın qaldırılması üçün dövlət büdcəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, “X2” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək baxılan iş üzrə ərizənin verilməsinə görə - 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki işdə iddiaçı tərəfindən Mediasiya Təşkilatının hesabına ödənilən pullar isə “X2” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu kimi qəbul edilə bilməz, çünki mübahisə kommersiya mübahisəsi deyildir və hazırki iddianın qaldırılması üçün məhkəməyə müraciət edilməzdən əvvəl Mediasiya Təşkilatına müraciət edilməsi qanunla tələb edilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini həmin əsasla geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir, İddiaçı şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1133/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1133/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar