Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2148/2023 20.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, müstəqil tələb sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X4 Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahələrinin və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(066)-261/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh1nə və "xxxx" X4 Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahələrinin və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 apardığı icra hərəkətləri üzrə ona məxsus olan Göygöl rayonunda yerləşən torpaq sahələrinin və əmlak kompleksinin yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bankın Yevlax filialı ilə aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin bankdan götürdüyü kredit müqaviləsinə əsasən iddiaçı özünə məxsus torpaq sahələrini və əmlak kompleksini "xxxx" bank ASC-yə ipotekaya qoymuşdur. Bundan sonra "xxxx" MMC banka olan borcunu ödəyə bilmədiyindən Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-14/2011 saylı qətnaməsinə əsasən iddiaçının əmlaklarına tutma yönəldilmiş və qətnamə icra olunması üçün cavabdeh Göygöl rayon İcra şöbəsinə göndərilmişdir. Lakin qeyd olunan obyektlərin dəyərləri ilə bağlı müvafiq iddialar qaldırılmış və həmin iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarına əsasən iddiaçının əmlaklarının qiymətləndirilməsi ilə bağlı məsələnin müzakirə edilməsi cavabdeh icra qurumu tərəfindən cəlb olunmuş qiymətləndiricinin rəyi ilə tanış olduqdan sonra mübahisə açılması barədə göstəriş qoyulmuşdur. Lakin cavabdeh icra qurumu tərəfindən qiymətləndiricinin dəvət olunması və bununla bağlı icra tədbirinin və iddiaçının əmlaklarının yenidən qiymətləndirilməsi aparılmış və yaxud aparılsa belə iddiaçıya heç bir məlumat verilməmişdir. Həmçinin digər cavabdeh "xxxx" MMC tərəfindən aparılmış hərrac barədə iddiaçıya heç bir məlumat verilməmiş və yekunda qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən hərrac keçirilmişdir. Həmin əmlakların çox cüzi məbləğdə satılması onun hüquqlarını pozmuşdur. Qeyd olunan torpaq sahəsi və əmlak kompleksi onun və ailəsinin yeganə dolanışıq yeridir və həmin əmlakların dəyərinin böyük əhəmiyyəti vardır. Borc tələbi ilə iddiaçının əmlakları arasında olan fərq iddiaçının və onun ailəsinin gəliri üçün əhəmiyyət kəsb edir. Cavabdeh "xxxx" MMC tərəfindən 16 aprel 2015-ci il tarixdə iddiaçıya məxsus əmlakların qanunsuz hərrac keçirilərək 16 aprel 2015-ci il tarixdə "xxxx" ASC-yə satılması təmin edilmişdir. Bu səbəbə görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(066)-261/2023 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia təmin edilməmişdir. İşdə olan sübutlar: "xxxx" MMC-nin 392/3 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,0929 ha torpaq sahəsinin likvid qiyməti 13500 (on üç min beş yüz) manat təşkil edir. "xxxx" MMC-nin 392/2 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,04 ha torpaq sahəsinin likvid qiyməti 6000 (altı min) manat təşkil edir. "xxxx" MMC-nin 392/4 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,2004 ha torpaq sahəsinin likvid qiyməti 30.000 (otuz min) manat təşkil edir. "xxxx" MMC-nin 392 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən əmlak kompleksinin 0,10 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 145.000 (bir yüz qırx beş min) manat təşkil edir. "xxxx" MMC-nin 392/1 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,080036 ha torpaq sahəsinin likvid qiyməti 12000 (on iki min) manat təşkil edir Apellyasiya şikayətinin dəlilləri: Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(066)-261/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(066)-261/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Bankın Yevlax filialı ilə aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin Bankdan götürdüyü kredit müqaviləsinə əsasən özünə məxsus torpaq sahələrini və əmlak kompleksini "xxxx" Bank ASC-yə ipotekaya qoymuşdur. Bundan sonra "xxxx" MMC-yi banka olan borcunu ödəyə bilmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-14/2011 saylı qətnaməsinə əsasən əmlaklarına tutma yönəldilmiş və qətnamə icra olunması üçün cavabdeh Göygöl rayon İcra şöbəsinə göndərilmişdir. Lakin qeyd olunan obyektlərin dəyərləri ilə bağlı müvafiq iddialar qaldırılmış və həmin iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarına əsasən əmlaklar qiymətləndirilməsi ilə bağlı məsələnin müzakirə edilməsi barədə göstəriş qoyulmuşdur. Lakin cavabdeh İcra qurumu tərəfındən qiymətləndiricinin dəvət olunması, bununla bağlı icra tədbirinin və əmlaklarımın yenidən qiymətləndirilməsi aparılmamış və yaxud aparılsa belə ona heç bir məlumat verilməmişdir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərinin yekun nəticələri məhkəmə qaydasında ləğv edilməklə həqiqi sayılır. Lakin məhkəmə tərəfindən mübahisələndirilən qiymətləndirmə barədə hesabatda göstərilən əmlakların bazar dəyərinin müəyyən edilməsində aparılmış qiymətləndirmə əsl bazar dəyərlərini müəyyən etmir. Hazırda əmlaka dair bazar qiymətinin mübahisələndirildiyi təqdirdə məhkəmə tərəfindən müvafiq olaraq ekspertizanın keçirilməsi zəruri olduğu halda bunu etməməsi qeyd olunan qiymətləndirmə barədə hesabatlarda göstərilən bazar qiymətlərini şübhə altına salmaqla onları mübahisələndirməyə və etibarsız etməyə əsas verir. Məhkəmə isə mübahisənin həlli ilə bağlı maddi hüquq normasına əsasən həqiqiliyi müəyyən etmək üçün ekspertizanın təyin edilməsini təmin etməmişdir. Hansı ki, işdə olan Ali Məhkəmənin qərarında da bu mövqe müəyyəndir. Belə ki, 17/05 nömrəli protokola və eyni tarixli alqı-sat müqaviləsinə əsasən ona məxsus olan 0.0929 ha torpaq sahəsi satılmış, 17/04 nömrəli, 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən 0.04 ha torpaq sahəsi satılmış, 17/01 nömrəli, 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən 0.10 ha torpaq sahəsində yerləşən əmlak komleksi (qeyri-yaşayış binası) satılmış, 17/C nömrəli, 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən 0.080036 ha torpaq sahəsi satılmış, artıq mübahisələndirilmiş və yekun məhkəmə aktı olan 17/02 nömrəli 16 aprel 2015-ci tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən 0.2004 ha torpaq sahəsi satılmışdır. Aparılmış hərracla bağlı alqı-satqı əməliyyatları qanunun tələblərinin pozulması ilə aparılmış və mübahisənin həllilə bağlı preyudisial məhkəmə qərarları vardır. Həmin qərarlardan da görünən hal hərracın keçirilməsi barədə ona və borcluya heç bir bildiriş məktublarının göndərilməməsidir. Bu da onu deməyə əsas verir ki, cavabdeh "xxxx" Hərrac Mərkəzi MMC-tərəfındən keçirilmiş hərraclar qanunun tələblərin pozulması ilə keçirilmişdir. Hansı ki, o da hərracda iştirak edərək əmlakların alqı-satqısında iştirak edə bilər. Həmin əmlaklar "xxxx" Banka girov qoyulan zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə fılialı tərəfındən bazar qiyməti deyil likvid qiymət olaraq, ümumilikdə 670.000 manat dəyərində qiymətləndirilmişdir. Göstərilənlərdən məlum olur ki, ona məxsus olan adları yuxarıda göstərilən əmlakların dəyəri qərəzli olaraq bazar qiymətlərinə uyğun qiymətləndirilməmişdir. Göründüyü kimi hazırda torpaq sahələrinin və əmlak kompleksinin bazar dəyərinin qiymətləndirilməsi üzrə edilən mübahisə məhkəmə tərəfindən düzgün dəyərləndirilməmişdir. Bildirmək istəyir ki, qeyri-yaşayış binasının daxilinə, orada olan həmin əmlakın ayrılmaz hissəsi olan qurğulara baxış keçirməmiş və vizual olaraq həmin sahə qiymətləndirilmişdir. Bildirir ki, həmin binanın daxili mozayka daşlarından və kafelnən örtülmüş, həmin binanın altında en boyu su hovuzu, avtomobillərin təmiri üçün qurğular və.s yerləşir. Həmçinin qiymətləndirici şirkət qiymətləndirmə fəaliyyətini həyata keçirərkən əmlakın yerləşdiyi coğrafi quruluşu, həmin ərazidə yerləşən və digər obyektlərin fərqli qiymətini, əmlakın sahibkarlıq fəaliyyəti üçün sərfəli yerdə yerləşməsini və.s bu kimi hallara qiymət vermədən qiymətləndirmə metodlarını və qaydalarını kobud şəkildə pozaraq bazar dəyərindən qat-qat aşağı qiymət qoymuşdur. Həmçinin qiymətləndirmə obyekti olan ona məxsus torpaq sahələri ipək yolunun kənarını əhatə edir. Həmin torpaq sahəsində ümumilikdə bir neçə dənə göstərilən qeyri-yaşayış binası həcmində bina inşa etdirmək mümkündür. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavadbehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu: 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının qanunu: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası müstəqil tələb sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(066)-261/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməlidir. Məkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadlanan maddi hüquq normalarından göründüyü kimi icra qurumu Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını həyata keçirən orqan, hərrac təşkilatları isə icra məmurunun və ya digər şəxslərin sifarişinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada hərracları təşkil edən və keçirən təşkilatdır. İpoteka müqaviləsi isə əşya hüququnun məhdudlaşdırılması və öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq ipoteka qoyan və ipoteka saxlayan arasında bağlanmış müqavilə olmaqla, ipotekanın əmələ gəlməsi əsasları və icra müddəti, ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, o cümlədən ipoteka predmetinin ilkin satış qiyməti və sair ipoteka müqaviləsinin şərtləri ilə bağlı yaranmış mübahisələr ipoteka qoyan və ipoteka saxlayan arasında olan mübahisələr hesab olunur. Hazırkı iş üzrə mübahisə predmeti ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı olmuşdur ki, ipotekanın ilkin satış qiymətinin hansı məbləğdə müəyyən edilməsinin icra qurumu və hərrac təşkilatı üçün mülki hüquq münasibətləri aspektindən hər hansı bir əhəmiyyəti mövcud deyildir. İcra qurumu “İcra haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq icra hərəkətlərini həyata keçirmək vəzifəsi daşımaqla, icra qurumunun qərarlarından, o cümlədən icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsi qaydası da həmin qanunla tənzimlənməkdədir. Hərrac təşkilatlarının vəzifəsi isə qanunla müəyyən edilmiş qaydada hərracları təşkil etmək və keçirməkdir ki, hərrac təşkilaları hərracın etibarsızlığı tələbləri üzrə ipoteka müqaviləsinin tərəfləri, o cümlədən ipoteka qoyan başqa şəxs olduqda borcalan tərəfindən qaldırılan iddialar üzrə cavabdehlik daşımaqdadır. İpotekanın ilkin satış qiymətinin hansı məbləğdə müəyyən edilməsi müqavilə tərfləri, o cümlədən ipoteka qoyan başqa şəxs olduqda borcalan üçün əhəmiyyət kəsb etməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaya cavab verilməli olmayan şəxslərə qaldırılmışdır. Lakin, birinci instansiya məhkəməsi cavadbehlərin iddiaya cavab verməli olan şəxslər olub-olmamasını aydınlaşdırmadan, Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbilərinə uyğun müvafiq prosessual hərəkətlər etmədən əmlakın yenidən qiymətləndirilməsi üçün hansı əsasların olması barədə iddiaçı tərəfindən heç bir sübutun təqdim edilməməsi və əmlakın yenidən qiymətləndirilməsi zamanı heç bir pozuntuya yol verilməməsi əsası ilə iddianı rədd etmişdir. Beləliklə, yuxaırda qeyd olunanlaraq əsasən məhkəmə kollegiyası hesab edir ki, tələb iddiaya cavab verilməli olmayan şəxslərə qarşı qaldırıldığından əsassız olmuşdur. Buna görə də Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(066)-261/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qeyd olunan əsasa görə rədd edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, İddiaçı daha əvvəl Cavabdeh1nə və "xxxx" X4 Məsuliyyətli Cəmiyyətinə qarşı mövcud olmuş əmlakın yenidən qiymətlənirilməsi tələbinə dair mülki iş üzrə qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-2(104)-49/2017 saylı qətnaməsi mövcud olmuşdur. İddiaçının hazırkı iddiası isə "xxxx" MMC-nin 392, 392/1 392/2 392/3 və 392/4 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatları (rəyləri) ilə razılaşmaması səbəbindən olduğundan Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələbinə görə iş üzrə icraata xitam verilməsi üçün də əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(066)-261/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(066)-261/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.