Məhkəmə qərarları › İş №2(104)-215/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-215/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-215/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair Gəncə Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(125)-5472/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız olaraq hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(125)-5472/2023 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddianın təmin edilməsi, ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli, ******* nömrəli akt əsasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili 2003-cü ildə almışlar. Həmin mənzil X4 X17 İstismar İdarəsi tərəfindən təbii qazla təmin olunur. Mənzilə quraşdırılmış sayğac idarənin əməkdaşları tərəfindən 2022-ci ilin may-iyun aylarında dəyişdirilmişdir. Həmin vaxt onun adına yeni müqavilə yazılmış və sayğac onun adına rəsmiləşdirilmişdir. X15 nümayəndəsi kimi həmin müqaviləyə imza etmişdir. Lakin, 2023-cü ilin iyul ayında ərazi üzrə idarənin nəzarətçisi onlara zəng edərək qazdan istifadəyə görə 1555,20 manat borcları olduğunu demişdir. X12 ərizə ilə müraciət edərək bu barədə izahat istəmişlər. Oradan onlara rəsmi cavab verilərək bildirilmişdir ki, guya ki, sayğac dəyişdirilərkən götürülən zaman sayğaca müdaxilə olunması müəyyən olunmuşdur. Lakin, bu tamamilə əsassızdır. Belə ki, sayğac dəyişilən zaman idarənin əməkdaşları bu barədə onlara heç bir məlumat verməmişlər. Həmçinin həmin mənzildə 2003-cü ildən etibarən yaşayış yoxdur və qaz sərfiyyatı olmamışdır. Eləcə də sayğac 2022-ci ilin may-iyun aylarında dəyişdirilərək götürülsə də, sayğaca baxış keçirilməsi barədə rəy xx.xx.2021-ci il tarixə yəni, bir il əvvəlki tarixə verilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş sənədlərdən görünür ki, cərimə 00429264 saylı sayğaca görə yazılmışdır. Həmin sayğaca görə xx.xx.2021-ci il tarixli rəy verilmiş, lakin sayğaca baxış haqqında aktın tarixi isə xx.xx.2023-cü il olaraq qeyd olunmuşdur. Bu necə mümkün ola bilər? Göründüyü kimi cavabdehin borc tələbi qanunsuz və əsassızdır. Tərəflərindən isə sayğaca hər hansı müdaxilə olmamışdır. Həmin sayğac ümumiyyətlə qoşulmamış və mənzilə qaz ötürülməmişdir, belə ki, orada uzun müddətdir ki, yaşayış yoxdur. Cavabdeh orqanın digər qanunsuz hərəkəti ondan ibarətdir ki, sayğac dəyişdirilən zaman onun adına yeni müqavilə bağlansa da, hələ də sənədlərdə abonent kimi əvvəlki mülkiyyətçisinin adı qeyd olunur. Göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları əsassız borc hesablamış, bununla da ona maddi ziyan vurmaqla hüquqlarını pozmuşdur. Mülki iş materiallarında olan: 177668 nömrəli, 22 may 2003-cü il tarixli müqavilədən görünür ki, X5 şəhəri DTİ və MHQİ-nin verdiyi xx.xx.1997-ci il tarixli 4827 nömrəli qeydiyyat vəsiqəsinə və xx.xx.2003-cü il tarixli 1014 nömrəli arayışına əsasən ona məxsus olan Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bina 9, 16 nömrəli mənzili “A”-89,3 kvadratmetr - ümumi sahədən, 35,8 kvadratmetr-köməkçi sahədən, 5,7 kvadratmetr balkondan və yaşayış sahəsi 53,5 kvadratmetr olan dörd otaqdan ibarət yaşayış evini (mənzili) vətəndaş X1. Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 11827 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 küçəsində 53,5 kvm 4 (dörd) yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi,bir hissəsi) X2 adına mülkiyyət hüququ əsasında 03 iyun 2003-cü ildə qeydə alınmışdır. 27 Nömrəli reyestr kitabına yazılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 12 avqust 2021-ci il tarixli aktdan görünür ki, “Sənayecihaz” tipli, G-4 markalı, 00429264 nömrəli sayğacın çıxarılması kimi istismar müddətinin bitməsi göstərilmişdir. X17 İstismar İdarəsinin 13 iyul 2023-cü il tarixli, 14-2-2-14/2-Ə-54- 42/2023-162 nömrəli məktubunda ünvan 2 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, onun ünvanında quraşdırılmış G-4 markalı sonradan ödənişli Sənayecihaz tipli 00429264 zavod nömrəli qaz sayğacı çıxarılmış Dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli MSK-29/1710-03745-1 saylı rəyinə əsasən sayğacın plastmas ekranında kənar təsir izi var. Plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisinin sınıq olduğu aşkar edilmişdir. Bu səbəbdən də 12960 m3 həcmində 1555,20 manat dəyərində qaz sərfi olaraq ziyan dəymişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Gəncə XS-nin TQQ və XS-nin rəisi Avazov Müseyib, mühəndis Məmmədov Rəşad, çilingər İmanov Ruslanın iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: “Azəriqaz” İstehsalat Birliyinin 29/1710-03745-1 əsasən sayğacın plastmas ekranında kənar təsir nəticəsində iz var. Plastmas qapağı açılmış və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisi sınıqdır. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Avazov Müseyib, Məmmədov Rəşad, çilingər İmanov Ruslan tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi Mustafayeva S tərəfindən aktın imzalanmasından imtina edilməsi qeyd edilmişdir. **********00160 nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanında yaşayan istehlakçı Mustafayeva S təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 1555,20 manat borc yazılmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” X13 sayğacının yoxlanılması barədə 13 oktyabr 2021-ci il tarixli, MSK-29/1710-03745-1 nömrəli aktından görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin SOCAR**********30991710X03745 saylı, 20 sentyabr 2021-ci il tarixli məktubuna əsasən 22 sentyabr 2021-ci il tarixində Gəncə RQİİdən Dövlət yoxlanılmasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 12 oktyabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: G-4 markalı, mexaniki tipli, 00429264 nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın plastmas ekranında kənar təsir izi var, plastmas qapaq açılmışdır və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan iksinin sınıq olduğu aşkar edilmişdir. 27 avqust 2023-cü il tarixli ünvan 4 ünvanında yaşayan Cəfərov İntizam, bina 9, mənzil 14 ünvanında yaşayan Qurbanov Qurban, bina 9, mənzil 15 ünvanında yaşayan X6, bina 9, mənzil 19 ünvanında yaşayan X10 tərəfindən imzalanaraq tərtib edilmiş aktdan görünür ki, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bina 9-un İİ girişində yaşayan sakinlər olaraq şahidlik etmişlər ki, həmin binanın 16-cı mənzilində 2003-cü ildən indiyə qədər yaşayış yoxdur. 31 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 13 oktyabr 2021-ci il tarixli, MSK-29/1710-03745-1 nömrəli Aktına əsasən G-4 markalı, 00429264 nömrəli sayğacın plastmas ekranında kənar təsir izi var. Plastmas şüşəni ekrana bərkidən 4 qulaqdan ikisinin sınıq olduğu aşkar edilmişdir. G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 6x24x90=12960 m3. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun mənzilinin qapısının giriş hissəsində quraşdırılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələri əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki qaz sayğacına baxış keçirilərkən qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli MSK- 29/1710-03745-1 saylı rəyinə əsasən sayğacın plastmas ekranında kənar təsir izlərinin olduğu, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisinin sınıq olduğu aşkar edilmişdir. Bu səbəbdən də 12960 m3 həcmində 1555,20 manat dəyərində qaz sərfi olaraq ziyan hesablanmışdır. “Azəriqaz” İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, evi 2003-cü ildə aldığını, həmin vaxtdan evdə yaşayış olmadığını, 2021-ci ilin oktyabr-noyabr aylarında sayğacı dəyişdirilmiş, 2023-cü ildə isə sayğaca müdaxiləyə görə cərimə yazılmışdır. Evin usta işini özü gördüyünü və qazdan istifadə etmədiyini bildirmişdir. Prosessual məsələlər İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isteklakçı olan iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sənayecihaz tipli, G-4 markalı, 00429264 nömrəli aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğacın (plombun) çıxarılma səbəbi istismar müddətinin bitməsi göstərilmişdir. “Azəriqaz” X13 sayğacının yoxlanılması barədə 13 oktyabr 2021-ci il tarixli, MSK-29/1710-03745-1 nömrəli aktda G-4 markalı, mexaniki tipli, 00429264 nömrəli sayğaca ümumi baxış keçirildiyi, sayğacın plastmas ekranında kənar təsir izi olduğu, plastmas qapağın açıldığı və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan iksinin sınıq olduğu aşkar edildiyini qeyd etmiş və sayğac çıxarıldıqdan 1 il 9 ay 19 gün sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Eyni zamada cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 31 may 2023-cü il tarixli, ******* nömrəli aktda istehlakçının nümayəndəsi kimi ünvan 1 ünvanının əvvəlki mülkiyyətçisinin adı göstərilmiş və əvvəlki mülkiyyətçi “Mustafayeva S”- in aktı imza etməkdən imtina etməsini qeyd etmişdir. Halbuki iş materiallarında olan 177668 nömrəli, 22 may 2003-cü il tarixli müqavilədən və Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 11827 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, 2003-cü ildən bəri ünvan 1 ünvanının mülkiyyətçisi iddiaçı olan İddiaçıdır. Belə olduğu halda “Mustafayeva S” adlı şəxsin 31 may 2023-cü il tarixli, ******* nömrəli aktın tərtib edilməsində iştirak etməsi və həmin aktı imzalamaqdan imtina etməsi mümkün deyildir. Bundan başqa, iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən iddiaçıya məxsus qaz sayğacı onun mənzilinin qapısının giriş hissəsində quraşdırılmışdır. 27 avqust 2023-cü il tarixli aktda Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bina 9-da yaşayan sakinlər şahidlik etmişlər ki, həmin binanın 16-cı mənzilində 2003-cü ildən indiyə qədər yaşayış yoxdur. Bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamışdır ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, hazırkı iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(125)-5472/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar