Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2152/2025 08.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(104)-2152/2025 (Açar sözlər: mediasiya arayışı, nikahın etibarsızlığı geri qaytarılma) Gəncə şəhəri, 08 dekabr 2025-ci il X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qıına qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1571/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində bağlanması göstərilən 1 iyun 2016-cı il tarixli 118 nömrəli nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1571/2025 nömrəli qərardadına (hakim L.V.Hüseynzadə) əsasən İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia ailə münasibətlərindən irəli gəlmiş, qanunvericiliyin tələblərinə əsasən “ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə” arayış və ya sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 1571/2025 nömrəli qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Şikayət onunla əsaslandırılmışdır ki, iddianın mahiyyətinə baxıldıqda görünür ki, iddiaçı cavabdehlə heç vaxt ailə qurmaq kimi bir niyyətinin olmadığını, onunla heç vaxt birgə təsərrüfat idarə etmədiklərini vurğulayır. Bu da onu göstərir ki, ailə münasibətlərindən söhbət gedə bilməz. Tərəflər arasında ailə münasibətləri olmadığı üçün məhkəmə tərəfindən hazırki mübahisəyə mediasiya sessiyasının keçirilməsinin tələb edilməsi düzgün deyil. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1571/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1571/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət 2(066)-1571/2025 saylı mülki iş ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
1. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
2. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikasının Ailə Məcəlləsi M a d d ə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
M a d d ə 7-1. Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur M a d d ə 25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1.0.1. mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Maddə 26. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri
26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. Maddə 28. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
4. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1571/2025 nömrəli qərardadı ləğv edilməli və iddia tələbinə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.
5. Belə ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki halda İddiaçı nikahın etibarsızlığı tələbini irəli sürmüş, işin baxılması təqdirində qanuni əsas kimi nikahın etibarsız hesab edilməsinə dair ailə qanunvericiliyinin müvafiq normaları əsasında qiymətləndirmə aparılacaqdır. İddia ərizəsi icraata qəbul edilərkən onun ilkin qəbul edilənlik şərtləri yoxlanılır. Bu zaman “nikahın etibarsız” hesab edilərək hüquqi qiymət verilməsi iddianın əsaslılığı və qanuniliyinə dair ədalətli məhkəmə araşdırılmasının məntiqi yekunun əvvəlcədən bəyanı hesab edilir.
6. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, Mediasiya haqqında Qanunda (maddə 26) ailə münasibətlərindən əmələ gələn hansı məsələlərlə bağlı mediasiya prosesinin keçirilməli olması müəyyən edilmişdir. Mediasiya prosesinin məqsədi tərəflərin münasibətlərindən yaranan mübahisəni qarşılıqlı razılaşma yolu ilə həll etməkdir. Qanunvericilik ailə münasibətlərindən yaranan mübahisələr üzrə məhkəməyə qədər mediasiya prosedurandan keçməyi vacib hesab etmişdir. Bu prosedurun məqsədi ər-arvadın əmlakının müqəddəratının həll edilməsi, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlara qulluq məsələlərinin nizamlanması və birgə ailə təsərrüfatı ilə bağlı ola biləcək digər məsələlərin tənzimlənməsi məsələləri üzrə tərəflər arasında razılığın əldə edilməsidir. Hazırkı işdə iddiaçı cavabdehlə bağlanmış nikahın etibarsız olduğunu iddia edir. Bildirir ki, onun cavabdehlə nikaha girmək niyyəti olmamış, cavabdehin nikah şəhadətnaməsini hansı qaydada əldə etməsindən məlumatsızdır. Başqa sözlə, iddiaçı cavabdehlə etibarlı ailə münasibətlərinin yaranmadığını bildirir. Bu mübahisəyə baxılarkən hər nə qədər ailə qanunvericiliyinə müraciət edilməli olsa da belə, iddia tələbinin Ailə Məcəlləsinin normaları baxımından yoxlanılması zərurəti tələbin mediasiyadan keçilməli olması anlamına gəlmir. Ona görə ki, bu tələbdə tərəflərin ailə ittifaqının etibarlı olubolmamasının yoxlanılmasından söhbət gedir.
7. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: Şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 1571/2025 nömrəli qərardadı ləğv edilsin və iddia tələbinə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.