Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2164/2024 19.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə Açar sözlər: akt əsasında hesablanmış borcun silinməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(066)-342/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 19 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ölüm haqqında şəhadətnamədən məlum olur ki, X5 13 aprel 2012-ci il tarixdə vəfat etmişdir;
2. 24 noyabr 2023-cü il tarixli 318302 nömrəli aktda qeyd edilmişdir ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Göygöl rayonu, Qızılca kəndində yerləşən istehlakçı X3 məxsus ünvanda X2 iştirakı ilə gecə reydi zamanı sayğacdan kənar elektrik enerjisindən istifadə halı müəyyən edilmiş, ancaq elektrik yükünü ölçmək mümkün olmamışdır. X5 aktı imzalamaqdan imtina etmişdir;
3. xx.xx.2023-cü il tarixli Cavabdeh-nin “Qərb” RETSİ-nin icra vərəqinin surətindən görünür ki, X2 yaşadığı Göygöl rayonu Qızılca kəndində yerləşən evin sayğacına gecə reydi zamanı sayğacdan kənar elektrik enerjisindən istifadə aşkar edilmişdir. "xxxx" ASCnin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla cəmi dəyəri 423,38 manat təşkil edən 3326 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır;
4. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında tərtib olunmuş 609769 nömrəli protokolun surətindən görünür ki, X5 barəsində “EEİQ”-nın pozulmasına dair tərtib olunmuş AKT R 24 noyabr 2023-cü il tarixinli 318302 saylı akta əsasən 01 dekabr 2023-cü il tarixində sıradan çıxmış sayğac çıxarılaraq onun əvəzinə iddiaçının yaşayış evinə yeni sayğac quraşdırılması qeyd edilmişdir;
5. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 15 may 2024-cü il tarixli arayışından məlum olur ki, abonent X2 mənzilinə 22 oktyabr 2022-ci il tarixdə zavod nömrəsi ********** nömrəli elektrik sayğacı quraşdırılmış, sayğaca 24 noyabr 2023-cü il tarixdə Göygöl EŞnin əməkdaşları tərəfindən baxış keçirilərkən kənar xətt aşkar edilmişdir. Bu barədə 318302 nömrəli akt tərtib edilmiş, həmin akt üzrə 3326 kVt.s, dəyəri 423,38 manat hesabat getmiş, daha sonra Aktların uçotu və İcrasına nəzarət şöbəsində akta yenidən baxılaraq hesabat artırılaraq 5544 kVt.s, dəyəri 651 manat hesablanmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ‘'Azərişiq" ASC-nin nümayəndəsi tərəfindən 24 noyabr 2023-cü il tarixdə 318302 nömrəli akt əsasında qanunsuz hesablanmış 650,81 manat borcun onun hesabından silinməsi və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş 24 noyabr 2023-cü il tarixdə 318302 nömrəli akt üzrə icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş 24 noyabr 2023-cü il tarixində 318302 nömrəli aktın etibarsız sayılması və həmin akt əsasında qanunsuz hesablanmış 650 (altı yüz əlli) manat, 81 (səksən bir) qəpik məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Göygöl rayonu Yeni Qızılca kəndində yaşayır. Onun atası X5 13 aprel 2012-ci il tarixdə vəfat etmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 24 noyabr 2023-cü il tarixdə yaşadığı ünvanın elektrik sayğacı barəsində 318302 nömrəli akt tərtib etmişlər ki, guya atası X2 iştirakı ilə gecə reydi zamanı sayğacdan kənar elektrik enerjisindən istifadə halı müəyyən edilmişdir ki, ancaq elektrik yükünü ölçmək mümkün olmamışdır. Buradan aydın olur ki, həmin akt qanunsuzdur. Belə ki, qeyd etdiyi kimi atası X5 13 aprel 2012-ci il tarixdə ölmüşdür. Həmçinin elektrik yükünü ölçmək mümkün olmamışdırsa 650,81 manat borcun qanunsuz hesablanması məlum olur. Həmçinin, cavabdeh təşkilatın əməkdaşları akt tərtib edərkən onun ailə üzvlərinin iştirakını təmin etməmişlər. O bununla bağlı cavabdeh təşkilatın Gəncə QƏRB RETSİ rəhbərliyinə dəfələrlə müraciət etsə də, lakin müsbət nəticə olmamışdır.
9. Göygöl Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(066)-342/2024 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 650 (altı yüz əlli) manat, 81 (səksən bir) qəpik məbləğində borcun iddiaçı X2 abunə hesabından (abunə kodu: **********00023 olan) silinməsi; "xxxx" ASCdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.8 və 17-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 7.6, 7.11 və 8.32-ci bəndlərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1, 1.2, 7.11 və 8.33cü bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, "xxxx" ASC-nin ORACLE informasiya məlumat satış bazasında **********00023 saylı istehlakçı kodu ilə məişət abonenti kimi qeydiyyatda olan X2 adına qeydiyyat olmağına aşkar olunmuş enerji pozuntularına dair əməkdaşları tərəfindən abonent haqqında “EEİQ”-nın tələbinə uyğun olaraq 24 noyabr 2023 cü il tarixli, AKT R № 318302 saylı akt tərtib olunmuşdur və video çəkilişə bundan sonra əməkdaşları tərəfindən aşkar olunmuş enerji pozuntuları ilə bağlı tərtib edilmiş akta əsasən Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçıya 150 gün üçün istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir,əvəzetmə və dövlət yoxlanışı onun yəni həmin istehlakçının, o cümlədən məişət abonentinin hesabına yerinə yetirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı, yeni elektrik elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 24 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Qərb RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Göygöl EŞ-nin əməkdaşları tərəfindən Göygöl rayonu ərazisində, o cümlədən rayonun Qızılca ərazisində abonentlərin elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edib-etməmələrinə dair onların yaşayış evləri üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Həmin gün Göygöl raryonu Qızılca kəndində əməkdaşları tərəfindən abonentlərin sayğac uçot dəstinə baxiş keçirilən zaman "xxxx" ASC-nin ORACLE məlumat satış proqram bazasında **********00023 saylı istehlakçı kodu ilə məişət abonenti kimi qeydiyyatda olan dünyasını dəyişən X2 yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “sayğacın kənar xətt” qüsuru faktı aşkar edilmişdir. Məhz aşkar edilmiş enerji pozuntuları ilə bağlı əməkdaşları tərəfindən iddiaçı barəsində “EEİQ”nın tələbinə uyğun olaraq 24 noyabr 2023-cü il tarixli, AKT R № 318302 saylı akt tərtib edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən onlara məlumat verilmədən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Akt tərtib olunduqdan 1 ay sonra öyrənmişlər ki, onların abonent hesabına cərimə borcu yazılıb. Cavabdeh təşkilatın əməkdaşları ona bildirmişlər cəriməni ödəmədiyi təqdirdə evə elektrik verilməyəcək. O elektrik xəttinə qanunsuz qoşulmamışdır. Onun evində elektrik sayğacından kənar heç bir xətt mövcud olmamışdır. Əgər belə hal var idisə, cavabdeh təşkilatın əməkdaşları akt tərtib edərkən onun da iştirakını təmin edərdilər. Cavabdeh təşkilatın nümayəndələri 2013cü ildə vəfat etmiş mərhum atasının adına 2023-cü ildə akt tərtib etmişlər. İşıqdan istifadəyə görə ayda maksimum 15 manat ödəniş edir. Çünki, işıqdan çox istifadə etmirlər, evi isə qaz sobası ilə isidirlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu
18. Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
19. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları» 1.1-ci bənd. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 7.11-ci bənd. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 21 Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31 İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi İddiaçı Göygöl rayonu, Qızılca kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 24 noyabr 2023-cü il tarixdə abonent İddiaçı yaşadığı evə verilən elektirik sayğacı ilə bağlı reyd keçirilmişdir. Bu zaman sayğacdan kənar elektrik enerjisindən istifadə halı müəyyən edildiyi və elektrik yükünü ölçməyin mümkün olmadığı əsas göstərilməklə 318302 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında da iddiaçının yaşadığı evin abonent hesabına 650,81 manat borc hesablanmışdır. İddiaçı həmin borcun qanunsuz hesablandığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
33. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
34. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Məişət abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları» 8.15 və 8.33-cü bəndləri).
35. Elektrik enerjisindən istifadə qaydalarının 8.34-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar.
36. Həmin Qaydaların 8.2.-ci bəndinin tələbinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.
37. Həmin Qaydaların 8.4-cü bəndinə görə, Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
38. Həmin Qaydaların 8.5-ci bəndinə görə, abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir.
39. Həmin Qaydaların 8.13-cü bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır.
40. Həmin Qaydaların 8.14-cü bəndinə görə, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
41. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinin həyətinə quraşdırılmış sayğaca kənar xətt əlavə edildiyi əsası ilə cavabdeh təşkilat tərəfindən iddiaçının yaşadığı evin abonent hesbaına borc hesablansa da, lakin sayğaca kənar xətt əlavə edilməsi barədə cavabdeh təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, həmin əsasa görə itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 650,81 manat məbləğində hesabat aparılmışdır. İddiaçı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında verdiyi izahatında müdaxilə faktını inkar etmiş, onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmadığını bildirmişdir.
43. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən müvafiq akt tərtib olunarkən iddiaçı tərəfin iştirakı təmin edilməmişdir. Halbuki, Elektrik enerjisindən istifadə qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 24 noyabr 2023-cü il tarixli 318302 nömrəli akt “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-2-ci bəndinə uyğun tərtib edilmədiyindən həmin akt sübut kimi qəbul edilə bilməz.
44. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının yaşadığı ünvana quraşdırılmış elektrik sayğacına sonuncu tərəfindən müdaxilə edilməsi və bununla əlaqədar olaraq hər hansı bir mülki hüquq pozuntusuna yol verilməsi sübut olunmamışdır. Bununla da iddiaçının cavabdeh təşkilata ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(066)-342/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.