Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2172/2025 12.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2567/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Vahidli kəndi ərazisində yerləşən 0,0750 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 48,30 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlərlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun xüsusi mülkiyyətində olan Tovuz rayonu Vahidli kəndi ərazisində yerləşən 0,0750 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 48,30 kv.m olan fətdi yaşayış evinə olan qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Tovuz rayonu Vahidli kəndi ərazisində 0,0750 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 48,30 kv.metr olan fətdi yaşayış evi vardır. Həmin daşınmaz əmlak 05 fevral 2025-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********45-10301 olan Çıxarış əsasında tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət kadastrı və reyestrində onun adına qeydiyyata alınmışdır. Qeyd olunan əmlak xüsusi mülkiyyətini təşkil etməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun xüsusi mülkiyyətinə qanunsuz müdaxilələr edərək onu öz xüsusi mülkiyyətindən sərbəst şəkildə istifadə etməyə qoymurlar. Bu hal da onun mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehlər qəsdən onun əmlakına girişçıxışımı məhdudlaşdırır və öz xüsusi mülkiyyətini təşkil edən əmlakında təmir bərpa və ya yenidənqurma işləri aparmağına maneələr törədirlər. Onunla əsassız mübahisələr edərək əmlakından istifadəni əlçatmaz edirlər. Bundan əlavə Tovuz Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(062)-957/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın mən X5 adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsi və torpaq sahəsinin 0,075 ha hissəsi naturada təcrid mənzillər şəklində ayrılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 2022/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən də Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(102)-1433/2024 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 oktyabr 2023-cü il tarixli 2(104)-2022/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2567/2025 saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddianın təmin edilməsi, Tovuz rayonu Vahidli kəndi ərazisində yerləşən 0,0750 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 48,30 kv.m olan fərdi yaşayış evində cavabdehlə Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən maneələrin yaradılmasına və onların qanunsuz müdaxilələrinə son qoyulması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər qanunsuz müdaxilələr edərək iddiaçının əmlakına giriş-çıxışını məhdudlaşdırır və öz xüsusi mülkiyyətini təşkil edən əmlakında təmir bərpa və ya yenidənqurma işləri aparmağına maneələr törədirlər. Cavabdeh1 məhkəmə iclasındakı izahatından da müəyyən edilir ki, o iddiaçıya məxsus olan mülkiyyəti öz mülkiyyəti zənn edərək maneələr yaradır.
6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Mülki-Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 217.4-cü maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2567/2025 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını aydınlaşdırmamışdır. Sözügedən fərdi yaşayış evi bir fərdi yaşayış evidir. Naturada bölgü olsa da, həmin ev paylı mülkiyyətdir. Paylı mülkiyyəti təmir, bərpa işləri apararkən digər mülkiyyətçinin hüquqları pozulmamalıdır. Burada isə iddiaçı qeyd edir ki o, evi istədiyi kimi təmir edəcək, təmir bərpa işləri aparacaq. Torpaq sahəsində tikinti isə əslində həmin torpaq sahəsində tikintinin tikilməsi onların giriş çıxışını və həyətini məhdudlaşdırır. Onun məhkəmə iclasında verdiyi izahat isə qətnamədə yazılan kimi deyil, belə ki, o, hazırda qeyd etdiyi ifadələri vermişdir. Ev paylı mülkiyyətdir, torpaq sahəsi isə onun mülkiyyətidir. Eyni zamanda sözügedən fərdi yaşayış evi çox köhnə evlərdəndir, acınacaqlı vəziyyədir, ev ucuq vəziyyətdədir. Oranın təmir bərpa işləri onların qarşılıqlı razılıq əsasında həyata keçirilməlidir. Onun hazırda təmir-tikinti bərpa işləri aparmaq üçün maddi imkanı yoxdur. İddiaçı isə onun tərəfini könüllü şəkildə təmir etmir. Torpaq sahəsində fərdi yaşayış evi tikilərkən onun fərdi yaşayış evinə giriş-çıxışı məhdudlaşdırılır. Həmin torpaq sahəsində iddiaçı evi üzü yola tərəf tikdirməkdənsə, onun yaşayış evinə tərəf tikilməsini planlaşdırır.
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. xx.xx.2026-ci il tarixli məhkəmə iclası tərəflərin iştirakının təmin edilməsi üçün təxirə salınsa da, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
11. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2567/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Tovuz rayonu Vahidli kəndi ərazisində yerləşən 0,0750 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 48,30 kv.m olan fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, ********** nömrəli Çıxarışına əsasən İddiaçı (tam paylı) mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Cavabdehlər qanunsuz müdaxilələr edərək, onun əmlakına giriş-çıxışını məhdudlaşdırır və öz xüsusi mülkiyyətini təşkil edən əmlakında təmir bərpa və ya yenidənqurma işləri aparmağına maneələr törədirlər. Cavabdeh1 birinci instansiya məhkəmə iclasındakı izahatından da müəyyən edilmişdir ki, o iddiaçıya məxsus olan mülkiyyəti öz mülkiyyəti zənn edərək maneələr yaradır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh həmin evin paylı mülkiyyət, torpaq sahəsinin isə onun mülkiyyətində olmasını bildirmişdir. Eyni zamanda sözügedən fərdi yaşayış evi çox köhnə evlərdəndir, acınacaqlı vəziyyədir, ev uçuq vəziyyətdədir. Oranın təmir bərpa işləri onların qarşılıqlı razılıq əsasında həyata keçirilməlidir. Onun hazırda təmir-tikinti bərpa işləri aparmaq üçün maddi imkanı yoxdur. Cavabdeh hazırda evlə bağlı mübahisəsi olduğunu iddia etsə də, dəlillərini təsdiq edəcək heç bir sübutu şikayətinə əlavə etməmiş və kollegiyaya təqdim etməmiş, məhkəmə kollegiyasının iclasına gəlməyərək əsaslandırmamışdır.
27. İş materiallarından görünür ki, iddia ərizəsində göstərilən Tovuz rayonu Vahidli kəndi ərazisində yerləşən 0,0750 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 48,30 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət deyil, üzərində yerləşdiyi 0.0750 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
28. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.2, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2567/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2567/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.