Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2173/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-188/2024 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı Novuz oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 102000 (bir yüz iki min) manat pulun, həmin pula görə fayda kimi əldən çıxan 30000 (otuz min) manat maddi ziyanın və 392 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı birinci instansiya məhkəməsinə yazılı vəsatətlə müraciət edərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-188/2024 nömrəli qərardadı (hakim Mübariz Məmmədov) ilə, vəsatət təmin edilmiş, iddiаçı İddiaçı Novuz oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dаir mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, iddiaçının vəkili ilkin hazırlıq iclasında iştirak etsə də, heç bir vəsatəti verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 184.3-cü maddəsinə əsasən Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi vəsatət məhkəmənin hazırlıq iclasında verilməli olduğu halda hazırlıq iclasında deyil, baxış iclasında verilmişdir. Qarşı tərəf vəsatətin hazırlıq iclasında verilməməsinin ondan asılı olmayan səbəblərə görə baş verdiyini əsaslandırmamış, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə iddiaçının vəsatətini təmin etmişdir. Bundan başqa iddiaçı tərəfindən bankdan qəbzlər alınaraq məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdən də bankdan nə qədər pul çəkilməsi öz təsdiqini tapır. Həmçinin iddiaçı iddia ərizəsində onun ona güya 102.000 manat borcu olmasını bildirmişdir. Belə olan halda yenidən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi məqsədə müvafiq hesab olunmur. Göründüyü kimi məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasına heç bir zərurət olmadığı halda məhkəmə-mühasibatlıq ekspertizası təyin edərək məqsədə müvafiq bir qərar qəbul etməmişdir. Buna görə də hesab edir ki, hazırkı iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası məqsədəmüvafiq olmadığından keçirilməməlidir. Həmçinin iş üzrə bundan öncə məhkəmənin qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspert rəy verməkdən imtina etmişdir. Belə olduğu təqdirdə yenidən məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi üçün heç bir əsas mövcud deyildir. Bundan əlavə olaraq bildirir ki, artıq iş baxış iclasındadır və baxış zamanı vəsatətin təmin edilməsi üçün yalnız MPM-nin 184.3-cü maddəsində olan tələblər mövcud olmalıdır. Həmin hallar da iş üzrə müəyyən edilməmişdir. Məhkəmənin iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekpsertizasını təyin etməsinin heç bir anlam vermək mümkün deyildir. Həmçinin qeyd edir ki, məhkəmənin 2(066)-188/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə artıq 2-ci dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Bu isə işin normal gedişatına, məhkəmə mübahisəsinin tezliklə yekunlaşmasına maneçilik törədir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-188/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Mülki mühakimə icraatında iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. (Azərbaycan Respublikasının MPM-in 263.1-263.4-cü maddələri). Azərbaycan Respublikasının MPM-in 267.1-ci maddəsində deyilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılmasına əsas məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi olmuşdur. Ekspertizanın təyin edilməsində başlıca məqsəd isə işin obyektiv həllinə və həqiqətin aşkar edilməsinə nail olmaqdır. Məhkəmənin bu prosessual aktının hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsində məhkəmə icraatının məcburi dayandırılmalı olduğu əsaslar, MPM-nin 255-ci maddəsində isə icraatın dayandırılması mümkün olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 255.0.5-ci maddəsinə görə, iş üzrə ekspertiza təyin olunduqda məhkəmə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, ekspertiza təyin olunduqda icraatın dayandırılması məcburi deyildir. Qanun bu halda icraatın dayandırılması məsələsinin həllini məhkəmənin səlahiyyətinə buraxır. Ona görə də MPM-nin 255-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işin konkret hallarından asılı olaraq icraatın dayandırılması məsələsini həll edir. Əgər bu halların mövcudluğu işin sonrakı gedişatına mane olursa, məhkəmə icraatı dayandırmaqda haqlıdır. Nəzərə alınmalıdır ki, tələbin düzgün həlli, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə işin prosessual tənzimlənməsində məhkəmənin səlahiyyətləri məhdudlaşdırılmamalıdır. Hazırki işdə də ekspertiza təyin olunduğuna və ekspert rəyinin alınması üçün işə baxılması üçün müəyyən olunan prosessual müddətlərdən kənara çıxan vaxt lazım olduğuna görə məhkəmə icraatın dayandırılmasını zəruri saymışdır. Məhkəmə, icraatı dayandırmaqla MPM-nin 255-ci maddəsi ilə müəyyən olunmuş prosessual səlahiyyətdən düzgün istifadə etmişdir. Məhkəmə kollegiyası, prosessual müddətlərə riayət olunmasının təmin olunması üçün iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsinin mövqeyini məqsədəuyğun hesab edir və göstərir ki, məhkəmə qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası sadalanan hallara əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalı, həmin qərardaddan verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxdıqda məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 255, 263, 264, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-188/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(066)-188/2024 nömrəli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2173/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2173/2024
30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver