Məhkəmə qərarları › İş №2(104)-2174/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2174/2025

11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2174/2025 11.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə 5 nömrəli Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlunun və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Gəncə 5 nömrəli Notariat ofisinə (bundan sonra – cavabdeh) qarşı “icra qeydinin ləğvi edilməsi” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(125)-5748/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, iddiaçının Kapital Bank ASC-yə olan 49995,99 manat əsas, 3628,10 manat faiz və 1200,14 manat cərimə olmaqla cəmi 54824,23 manatdan ibarət borc məbləğindən ibarət tələb İddiaçı mülkiyyətində olan və ipoteka predmeti ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir.

2. İddiaçı cavabdehə qarşı “xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(125)-5156/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdeh Gəncə Şəhər 5 nömrəli Notariat Kontoruna qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası rədd edilmişdir.

3. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-595/2025 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-2126/2025 nömrəli qətnamə və qərarına əsasən təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(125)-5156/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair təkrar iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli 8İ-10031 nömrəli icra qeydinin məbləğinə dair hissədə uyğunsuzluqlar olduğundan ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə “Borcalan” (onun) arasında Gəncə şəhərində bağlanılmış xx.xx.2022-ci il tarixli, **********26102022 nömrəli bank xidmətlərinin göstərilməsi üzrə ümumi müqavilənin və həmin müqavilənin xx.xx.2022-ci il tarixli, 206MKBL79280190A nömrəli maksimal borclanma limitinə dair əlavəsi, həmçinin həmin əlavə üzrə gələcəkdə yaranan öhdəliklərin təminatı kimi ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ipoteka predmeti ünvan 2 ünvanında yerləşən 0,0282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evini ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin ləğvi və icra qeydinin aparılacağı barədə bank tərəfindən bildiriş göndərilmiş, lakin bu bildirişdən sonra da qanunsuz olaraq faiz və cərimə pulu hesablanmağa davam etmişdir. Halbuki belə bir şey tamamilə əsassızdır.

6. Gəncə Şəhər Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(125)-5748/2025 nömrəli qərardadı ilə (hakim: Ə.Məmmədov), İddiaçı cavabdeh Gəncə Şəhər 5 nömrəli Notariat Ofisinə qarşı Gəncə şəhər 5 nömrəli Notariat Ofisinin kontoru tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli 8İ-100031 nömrəli icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə eyni tərəflər arasında eyni mübahisəyə dair Gəncə şəhər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(125)-5156/2024 nömrəli qətnaməsi qəbul edildiyindən və həmin qətnamə artıq qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 114.1, 170.1, 170.2, 170.3, 261.0.2, 262.4, 262.5 və 268.1-ci maddələrinə istinadən əsaslandırmışdır.

9. Qərardaddan narazı qalan iddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

10. Gəncə Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(125)-5748/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

11. Gəncə şəhər Məhkəməsinin icraatında 2(125)-5748/2025 nömrəli mülki iş olmuş və xx.xx.2025-ci il tarixdə əsassız olaraq icraata xitam verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə “Borcalan” arasında Gəncə şəhərində bağlanılmış xx.xx.2022-ci il tarixli, **********26102022 nömrəli bank xidmətlərinin göstərilməsi üzrə ümumi müqavilənin və həmin müqavilənin xx.xx.2022-ci il tarixli, 206MKBL79280190A nömrəli maksimal borclanma limitinə dair əlavəsi, həmçinin həmin əlavə üzrə gələcəkdə yaranan öhdəliklərin təminatı kimi ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ipoteka predmeti ünvan 2 ünvanında yerləşən 0,0282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evini ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin ləğvi və icra qeydinin aparılacağı barədə bank tərəfindən bildiriş göndərilmiş, lakin bu bildirişdən sonra da qanunsuz olaraq faiz və cərimə pulu hesablanmağa davam etmişdir. Halbuki belə bir şey tamamilə əsassızdır. Belə ki, "xxxx" ASC tərəfindən ona göndərilmiş bildirişlərdə hər dəfə fərqli məbləğlər qeyd edilmiş və bu da özü-özlüyündə müqavilənin ləğvindən sonra ziddiyyətin yaranmasına gətirib çıxarır ki, bu halda icra qeydinin çıxarılması tam qanunsuzdur. Məhkəmə qərardadında, eyni mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsini qeyd etsə də, bildirmək istəyir ki, hazırki mülki iş eyni predmet və eyni əsas üzrə deyil. İlk əvvəl icraatda olmuş iş onun bildirişi almamağı ilə əlaqədar olmuş, hazırki mülki iş isə "xxxx" ASC-nin müxtəlif tarixlərdə fərqli rəqəmlər əks etdirən pretenziya qaydasında bildirişlərindən sonra yenə də borcun qanunsuz hesablanmasına və bununla əlaqədar icra qeydi çıxarılmasına yönəlib. Həmin qərardadla razı deyildir, belə ki hazırki iddia üzrə mübahisələndirdiyi icra qeydi qanunvericiliyin tələblərinə tamamilə zidd olaraq çıxarılmış, borc məbləğləri fərqli rəqəmlərlə "xxxx" ASC tərəfindən ona göndərildiyi təqdirdə (yəni uyğunsuzluqların olduğu vəziyyətdə) notariat kontoru tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq icra qeydi çıxarılmışdır.

Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

12. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

13. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

14. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; ...

18. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

19. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

20. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

21. Maddə 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

22. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası MPM 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. MPM-in 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

26. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.

27. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

29. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

30. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, işə eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmeti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddələrinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir.

32. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.

33. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.

34. Qanunda iddianın predmetinin və əsaslarının eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür.

35. İş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdeh Gəncə şəhər 5 nömrəli Notariat Ofisinə qarşı xx.xx.2023-cü il tarixli 8İ-100031 nömrəli icra qeydinin ləğv edilməsi tələbi ilə daha əvvəl Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(125)-5156/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Göstərilən qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-595/2025 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-2126/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir.

36. Sonradan iddiaçı eyni icra qeydi – yəni xx.xx.2023-cü il tarixli 8İ-100031 nömrəli icra qeydinin ləğv edilməsi tələbi ilə təkrar qaydada məhkəməyə müraciət etmiş, bu dəfə iddia tələbini icra qeydində borc məbləğlərinə dair uyğunsuzluqların olması ilə əsaslandırmışdır.

37. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsi düzgün tətbiq edilmişdir. Həmin normaya əsasən, məhkəmə tərəfindən eyni tərəflər arasında eyni predmet və eyni əsas üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduqda, iş üzrə icraata xitam verilməlidir.

38. Hazırkı iş üzrə həm tərəflər, həm mübahisənin predmeti, həm də mübahisənin hüquqi mahiyyəti baxımından əvvəlki işlə eynilik təşkil etdiyi müəyyən edilir. Belə ki, hər iki halda iddiaçı tərəfindən mübahisələndirilən hüquqi akt xx.xx.2023-cü il tarixli icra qeydi olmuş, iddia tələbinin mahiyyəti həmin icra qeydinin ləğv edilməsinə yönəlmişdir.

39. İddiaçının şikayətində göstərdiyi kimi, əvvəlki işdə bildirişlərin ona çatdırılmaması, hazırkı işdə isə borcun məbləğinə dair uyğunsuzluqların mövcudluğu iddia tələbinin əsasının fərqli olduğu qənaətini yaratmır. Çünki, icra qeydinə etirazın səbəbləri dəyişsə belə, mübahisənin predmeti və nəticə tələbi dəyişmədikdə, bu hal MPM-nin 261.0.2-ci maddəsinin tətbiqinə mane olmur.

40. Məhkəmə müəyyən edir ki, iddiaçının göstərdiyi yeni arqumentlər icra qeydinin hüquqi taleyinə dair artıq məhkəmə tərəfindən qiymətləndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll olunmuş mübahisənin yenidən baxılmasına əsas vermir. Əks halda, bu hal məhkəmə qərarlarının hüquqi qüvvəsi və hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarar.

41. Məhkəmə yuxarıda aparılan təhlilin yekunu olaraq bu nəticəyə gəlir ki, iddiaçının hazırki iddia tələbi faktik əsasları, məzmunu və mahiyyəti baxımından əvvəlki iddiası ilə eynidir.

42. Bu səbəbdən şikayətdə irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini zəruri edən əsas kimi qəbulən deyil.

43. Yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları hərtərəfli araşdırmış, tətbiq edilən hüquq normalarını düzgün müəyyən etmiş və prosessual qanunvericiliyin tələblərinə uyğun qərardad qəbul etmişdir.

44. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

45. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

46. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-5748/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

47. Azərbaycan Respublikası MPM-in: 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 402.4-cü maddəsinə, iş üzrə icraata xitam verilməsi barədə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər.

48. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1, 261.0.1, 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(125)-5748/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar