Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2188/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Goranboy Rayon Məhkəməsinə mürаciət еdərək, Cavabdeh 1000 manat məbləğində borc pul və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Musatafayev) iddianın qismən təmin edilməsi Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Cavabdeh Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-2073/2023 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə rəsmi qaydada alaraq ondan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1548/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya şikayətinin geri qaytarılma əsası kimi dövlət rüsumunu qanunla müəyyən edilmiş qaydada tam ödəmədiyi göstərilmişdir. Çox təəssüflər olsun ki, istər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya instansiya məhkəməsinin qərarlarından icra məmuru vasitəsilə xəbərdar olmuşdur. Belə ki, Goranboy Rayon Məhkəməsi tərəfindən vahid məhkəmə portalına əlavə edilməmiş. Gəncə Apellyasiya Məhkəməsi də, bu əsasa görə onu sistemə əlavə etməmiş, nəticədə məhkəmə tərəfindən çıxarılmış məhkəmə qərarlarından xəbərdar olmamışdır. Xəbərdar olsaydı apellyasiya şikayətində göstərilən nöqsanı dərhal aradan qaldırardı. Prosessual müddəti ötürməsi üzrlüdür, belə ki, əgər Goranboy Rayon Məhkəməsi onu elektron sistemə əlavə etmiş olsaydı, apellyasiya instansiya məhkəməsində işini izləyər və apellyasiya şikayətində göstərilən nöqsanı dərhal aradan qaldırardı. Ona görə də, müddətin ötürülməsinin üzürülü hesab edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Goranboy Rayon Məhkəməsinin e2(045)-2073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpasına dair ərizəsinin əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. Cavabdeh şikayət ərzəsi ilə müraciət edərək Goranboy Rayon Məhkəməsinin e- 2(045)-2073/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, bu mümkün olmadıqda şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsi bu iş üzrə qərəzlidir. Nə olursa olsun, bu işin yuxarı instansiya məhkəməsində araşdırılmasının qarşısını alır. Bu gün məhkəmə onun hüququnu qorumaq əvəzinə hüququnun həyata keçirilməsinə maneçilik törədir. Məhkəmə-Hüquq Şurasına, Goranboy Rayon Məhkəməsinə və Gəncə Apellyasiya Məhkəməsinə cavabdeh kimi işə cəlb edilməyi barədə ərizələr yazmış, ən sonda 880 qaynar xətinə yönəldilmə əsasında həm Goranboy Rayon Məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsində cavabdeh kimi qeydə alınmışdır. Onun işinə baxacaq məhkəmə kollegiyasında xahişi mülki iş materiallarında olan sənədlərin araşdırılmasıdır. Bu gün çox təəssüflər olsun ki, yazılı icraat özündə hər tərəfli, tam və obyektiv araşdırmanı özündə əks etdirmir. Qərar layihəsini hazırlayan məhkəmə işçiləri özlərini yükə salmamaq üçün iş materiallarını araşdırmır. Nəticədə vətəndaşın məhkəmə müdafiəsi hüququ pozulur. Goranboy Rayon Məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın sistemə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsini onun həmin qərardadı alması kimi qiymətləndirir. Bu gün mübahisə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2073/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasından gedir. Həmin qətnamə ona rəsmi qaydada xx.xx.2024-cü il tarixdə qəbzə imza etdirilməklə verilmişdir. Burda sual yaranır ki, əgər onun şəxsi kabineti var idisə və o, həmin iş üzrə cavabdeh kimi qeydə alınmışdırsa, onda məhkəmə bildirərdi ki, şəxsi kabinetə qətnamə yerləşdiyi üçün qəbzlə qətnamənin verilməsinə ehtiyac yoxdur. Həqiqətən də, onun şikayəti əsasında cavabdeh kimi işə əlavə edilmişdir. Özü də, xx.xx.2024-cü il tarixdə deyil, ondan xeyli sonra. Onun apellyasiya şikayətində olan nöqsanı vaxtında aradan qaldırmamağının səbəbi işə vaxtında əlavə edilməməyi olmuşdur. Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək yeni qərardad çıxarılmalı, Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddətin buraxılması səbəbi üzrlü hesab edilməli, prosessual müddət Cavabdeh üçün bərpa edilməli və sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmənin apellyasiya şikayətini geri qaytarması barədə qərardadından xəbərsiz olduğunu, yalnız icra məmuru onu çağırdıqda bundan məlumatı olduğunu bildirmişdir. Lakin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan göründüyü kimi sözügedən qərardad elektron qaydada cavabdehə rəsmi təqdim edilmişdir. Buna baxmayaraq cavabdeh yenidən apellyasiya şikayəti vermək üçün yol verdiyi nöqsanı ağlabatan müddət ərzində aradan qaldırmayaraq, qərardadı rəsmi qaydada aldığı tarixdən bir ay on gün müddət keçdikdən sonra apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi üzürlü sayılmamalı və prosessual müddət bərpa edilməməlidir. Azərbaycan Respublikası MPM-in 357.1 və 357.2-ci maddələrinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə birinci instansiya məhkəməsinin qətnaməsini almış və ilk dəfə apellyasiya şikayətini müddət ötürmədən vermişdir. Lakin apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə dövlət rüsumu düzgün ödənilməməsi səbəbindən geri qaytarılmışdır. Bu halda isə cavabdeh məlumatlı olmadığından apellyasiya şikayətini müddət ötürülməklə vermişdir. Hazırki halda apellyator qeyd olunan qərardadda göstərilən pozuntuları aradan qaldırmış və apellyasiya şikayətini yenidən tərtib etmişdir. Kollegiya cavabdehin narazı qaldığı məhkəmə aktından şikayət verə bilməsi hüququnun realizə edilməsinin mümkün edilməsi üçün hesab edir ki, verilmiş ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş İnsan və vətəndaş hüquqularının müdafiəsi adlanan maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsində isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08 may 2008-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı hüquqi mövqeyini aşağıdakı qaydada nümayiş etdirmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etməmiş cavabdehin prosessual müddətin bərpasına dair ərizəsini təmin etməməklə, onu yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da, onun apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilərək Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadları ləğv edilərək yeni qərardad çıxarılmalı, Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilərək sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək yeni qərardad çıxarılsın. Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilsin. Goranboy Rayon Məhkəməsinin e-2(045)-2073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və baxılması üçün Mülki kollegiyaya verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2(104)-2188/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2188/2024
30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver