Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2190/2025 19.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçı, Cavabdeh prosessual hüquq varisi X10 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehdən 10.000 manat pul borc götürmüş və həmin borcu 10 ay müddətinə qaytaracağını öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzlə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehdən 11.500 manat pul borc götürmüş və həmin borcu xx.xx.2023-cü il tarixədək geri qaytara bilməsə xx.xx.2024-cü il tarixədək qaytaracağını öz öhdəsinə götürmüşdür. Cavabdeh 28 oktyabr 2025-ci ildə öldüyündən cavabdehin oğlu X4 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2025-ci il tarixli qərardadı ilə cavabdehin prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3192 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən “Eltex" şirkətinin nəznində olan mağazada satıcı işləyir. Cavabdehi də oradan tanımışdır. Belə ki, cavabdeh mağazaya tez-tez gələrdi, müxtəlif əşyalar kreditə götürərdi, ödənişlərini vaxtlı-vaxtında edərdi. Aralarında yaxşı münasibət yaranmışdır. Cavabedeh 23 may 2022-ci ildə yenə də mağazaya gələrək müxtəlif əşyalar götürmüş və söhbət əsnasında ona bildirmişdir ki, onda müəyyən məbləğ pul var ki, onu istəyən olsa faizə borc verə bilər. Onun özünə pul lazım olduğu üçün cavabdehdən pulu neçə faizə verdiyini soruşmuşdur. Cavabdeh əvvəlcə 10% demiş, lakin o, xahiş etmişdir ki, 5% verərsə o götürər. Razılaşmışlar və cavabdeh 23 may 2022-ci il tarixdə qızı ilə gələrək 10 ay müddətinə, hər ay 575 manat ödəmək şərti ilə ona 10.000 manat borc vermişdir. Bu barədə o da cavabdehə yazılı qəbz vermiş, həmin qəbzin surətini ərizəsinə əlavə edir. Razılaşdığı kimi o, hər ay cavabdehə 575 manat borcundan ödəmişdir. Cavabdehin təkidi ilə o həmin pulun bir hissəsini nəğd şəkildə, bir hissəsini isə cavadehin qızlarının daxili kreditlərinə ödəmişdir. Bu barədə olan ödəniş qəbzlərini ərizəsinə əlavə edir. Bütün bunlardan başqa cavabdeh işlədiyi mağazadan 1190 manat dəyərində “Taube SSS2RBK” televizorunu və onun qeyri rəsmi yaşadığı əri Qafur Həsənov 500 manat dəyərində olan “Samsung” A13 mobil telefonunu borc götürmüşdür. Ümumilikdə cavabdeh onu təhdid edərək ona qaytaracağı 15.000 manat pulun əvəzində ondan 18.192 manat nəğd pul və mağazadan əmlak götürmüşdür. O, cavabdehə artıq ödədiyi 3192 manat(18.192-15.000) pulu cavabdehdən istəyir. Cavabdeh isə pulu qaytarmaq əvəzinə onu qeyri-rəsmi yaşadığı Qafur Həsənovla hədələyir. Qafur Həsənov dəfələrlə iş yerinə, hətta yaşadığı evə gələrək onu öldürməklə hədələyir, mağazanı, evi yandıracağını bildirir. Bu barədə o hətta məcbur olub Goranboy rayon Polis şöbəsinə müraciət də etmişdir(qərarın surətini ərizəsinə əlavə edir). İstəyir ki, cavabdeh 3192 manat pulunu məhkəmə qaydasında ona qaytarsın. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 12.987 manat pulun, hüquqi xidmət haqqına ödəmiş olduğu 600 manat pulun və dövlət rüsumuna ödədiyi 155 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli rəsmi qəbzlə ondan 10 aylıq müddətinə 10.000 manat, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 11.500 manat məbləğində borc pul götürmüşdür (iki vərəq borc qəbzi qarşılıqlı iddia ərizəsinə əlavə edilir). İddiaçı ondan borc götürdüyü 21.500 pulu qaytarmaq əvəzinə ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsinə 7 vərəq, 35 ədəd ödəmə qəbzləri əlavə etmiş, bu qəbzlərin 2-si başqa şəxslərə aid olmuş, 1 qəbz isə təkrar olaraq 2 dəfə əlavə edilmişdir. Bundan başqa İddiaçı əllə yazılmış bir vərəqdə 18.192 manat borc pulu ödəməsinə dair 10 sətirdən ibarət siyahını iddia ərizəsinə əlavə etmiş, həmin vərəqədə göstərilmiş rəqəmlər və məbləğlər şişirdilmiş, həmin rəqəmləri, məbləğləri təsdiq edən heç bir sübutlar mövcud deyildir. İddiaçı götürmüş olduğu borc pulları bağlamaq üçün süni, sübutlarla təsdiq edilməyən məlumatlardan istifadə etməyə çalışmışdır. Ona görə də o, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə tanış olub, qızı X5, X6, oğlu X10 və X2 adına olmuş rəsmi qəbzləri qəbul edir, iddiaçının iddia etdiyi “Taube” markalı televizor və “Samsung A13” markalı telefonu qəbul etmir. Qəbul etdiyi qəbzlərdəki 8513 manat pul məbləğinin 21.500 manatdan çıxılmasına etiraz etmir. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(045)- 698/2025 nömrəli iş üzrə qəbul etdiyi 18 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 12.987 manat məbləğində borc pul, hüquqi xidmət haqqına ödənilmiş 600 manat vəsait və ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh öz tələbini əsaslandıra biləcək və qarşılıqlı iddianı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbində ümumi borc olaraq 21.500 manat qeyd edilsə də, həmin alınmış borc pul iki hissədən ibarətdir. Yazılı qəbzlərdə İddiaçı Cavabdeh 10.000 manat və 11.500 manat olmaqla, ümumilikdə 21.500 manat borcu olduğunu və göstərilən tarixlərdə geri qaytaracağını qeyd etmişdir. Həmin borc məbləğinin 8513 manat hissəsi müxtəlif vaxtlarda İddiaçı tərəfindən Cavabdeh qaytarılmış və nəticədə 12.987 manat borcu qalmışdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşin halları göstərir ki, tərəflər arasında olan ikinci “borc müqaviləsi” – yəni xx.xx.2023-cü il tarixli, 11.500 manatlıq qəbz əslində mahiyyətcə yalan (pərdəli) əqddir. Normal məntiq deyir ki, bir adam əvvəlki borcunu qaytarmayan şəxsə yenidən, özü də daha böyük məbləğdə borc verməz. Bu, məhkəmə üçün dərhal siqnal olmalı idi ki, burada başqa proses gizlənir. Məhkəmə formal yanaşmadan çıxaraq işin əsl mahiyyətini araşdırmalı idi. Reallıq isə belədir: həmin tarixdə – xx.xx.2023-də İddiaçı heç bir real pul verilməyib. Əslində proses belə gedib: xx.xx.2022-də verilmiş 10.000 manat borca bir il ərzində yüksək, qeyri-rəsmi faizlər (sələm) hesablanıb. Bir ildən sonra kreditor Cavabdeh əsas borc məbləğini və həmin faizləri toplayaraq yekun 11.500 manatı müəyyən edib. Bu məbləği rəsmiləşdirmək üçün isə “yeni borc” adı altında ikinci qəbz alınıb. Bu, klassik pərdəli əqd nümunəsidir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, məhkəmə belə halda pərdələyən əqdi deyil, gizlədilən əqdin qaydalarını tətbiq etməlidir. Yəni, məhkəmə araşdırmalı idi ki, tərəflər arasında faiz razılaşması olubmu? Olubsa, faiz dərəcəsi nə qədərdir? Bu faiz qanuna və mülki dövriyyə prinsiplərinə uyğundurmu, yoxsa bu, qanunsuz sələmçilikdir? Məhkəmə isə iki qəbzi ayrı-ayrı, müstəqil sübutlar kimi qiymətləndirərək səhvə yol verib. Halbuki bu sənədlər vahid bir prosesin hissələridir və birlikdə qiymətləndirilməli idi. Onların arasındakı məntiqi ziddiyyət də araşdırılmalı idi. İkinci qəbz çox güman ki, yeni bir borc əməliyyatı deyil, əvvəlki borcun yüksək faizlərlə yenidən hesablanaraq onun üzərinə daha ağır öhdəlik qoyan yalan bir əqdin rəsmiləşdirilməsidir. Məhkəmənin Mülki Məcəllənin 340-cı maddəsinin tələblərinə əməl etməyərək bu pərdəli əqdin arxasındakı həqiqəti araşdırmaması faktiki olaraq qanunsuz sələmçiliyin məhkəmə qərarı ilə leqallaşdırılmasına gətirib çıxarıb. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, kim borc alıbsa, aldığı məbləği eyni qaydada geri qaytarmalıdır. İşdə də əsas mübahisə məhz bu öhdəliyin necə icra olunması barədədir. Məhkəmə 739-cu maddəyə istinad edərək tərəflər arasında borc münasibəti olduğunu qəbul edib. Amma maddənin tələb etdiyi əsas şeyi, yəni qaytarılan məbləğin alınan məbləğlə müqayisəsini, bütün ödənişlərin detallı hesabını qətnamədə göstərməyib. Qətnamədə sadəcə yazılıb ki, guya 21.500 manat borcdan 8513 manatı ödənib, 12.987 manat qalır. Amma bu 8513 manat hansı ödənişlərdən ibarətdir, onun təqdim etdiyi qəbzlərdən hansını nəzərə alıblar, hansını saymayıblar və niyə. Bu barədə heç bir izah yoxdur. O, borcu hətta artıqlaması ilə ödədiyini demiş, amma məhkəmə bu iddianı rədd etmək üçün sadəcə “sübut etmədi” deməklə kifayətlənib. Halbuki onun təqdim etdiyi ödəniş qəbzləri və digər sübutlar da eyni ciddiliklə araşdırılmalı, niyə borcu tam və ya qismən bağlamadığı izah olunmalı idi. Amma məhkəmə yazılı qəbzlərə əsaslanıb borcun mövcudluğunu asanlıqla qəbul edib, borcun ödənilməsi iddianı isə sanki daha ağır isbat tələblərinə bağlayıb və bunu izah etməyib. Bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh tərəf apellyasiya şikayətinə etirazını qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh prosessual hüquq varisi X8 vəkili Vəkil qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, verilmiş apellyasiya şikayətində məhkəmə aktı tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işdə olan sənədlərə, habelə iddiaçı və cavabdeh tərəfin məhkəmələrə verdikləri məlumatlara əsasən işin mübahisə olunmayan halları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında 2022-ci ildən borc münasibətləri yaranmışdır. İşdə olan xx.xx.2022ci il tarixli qəbzdən görünür ki, iddiaçı cavabdehdən 10 ay müddətində qaytarmaq şərtilə 10.000 manat pul borc almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehdən 11.500 manat məbləğində borc almışdır. Qəbzdə borcun qaytarılma müddəti ilkin olaraq xx.xx.2023-cü il tarix göstərilmiş, həmin tarixdə borcun qaytarılması mümkün olmadığı halda isə bu müddət 2024-cü ilin may ayının 30-u müəyyən edilmişdir. Cavabdeh həmin qəbzlərə əsaslanaraq bildirir ki, onun tərəfindən iddiaçıya ümumilikdə 21.500 manat məbləğində borc verilmiş, iddiaçı borcundan 8513 manatı qaytarmış, 12.987 manat isə ödənilməmiş qalmışdır. İddiaçı isə işdə olan qəbzlərdən yalnız xx.xx.2022-ci il tarixli qəbzi qəbul edərək, bildirir ki, o, xx.xx.2022-ci il tarixdə cavabdehdən hər ay 5% ödəmək şərti ilə 10.000 manat məbləğində borc almış və həmin borcu artıqlaması ilə cavabdehə qaytarmışdır. Belə ki, iddiaçı aldığı borcun müqabilində cavabdehə 15.000 manat qaytarmalı olduğu halda, sonuncunun təhdidi altında ona 18.192 manat nəğd pul və satıcı işlədiyi mağazadan iddiaçıya və onun ərinə 1690 manat məbləğində mal vermişdir. İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdehə artıq ödədiyini iddia etdiyi 3192 (18.192-15.000) manat məbləğində pulun qaytarılmasını tələb edir. İddiaçı həmçinin bildirir ki, işdə olan xx.xx.2023-cü il tarixli qəbz üzrə o, cavabdehdən borc almamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə verdiyi 10.000 manat əsas borcu və bir il ərzində hesabladığı faizi toplayaraq, iddiaçının borcunu 11.500 manat məbləğində müəyyən etmişdir. Bu məbləği rəsmiləşdirmək məqsədilə isə xx.xx.2023-cü il tarixli qəbz tərtib olunmuş və həmin qəbz iddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, onun göstərdiyi əsaslarla qəbzin (əqdin) etibarsız hesab edilməsi üçün iddiaçı sübut etməlidir ki, o, həmin qəbz üzrə 11.500 manat məbləğində borc almamış, həmin qəbz formal olaraq tərtib edilmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2 və 77.1). Lakin sübut etmə yükü üzərinə düşən iddiaçı bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə bildirir ki, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. İşin faktiki hallarından isə müəyyən olunur ki, tam fəaliyyət qabiliyyətli olan iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehdən 11.500 manat məbləğində borc alması barədə xx.xx.2023-cü il tarixli qəbzi imzalamaqla özünün sərbəst iradə ifadəsini nümayiş etdirmişdir. Borcun qaytarılma şərtləri də qəbzdə kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur. Bundan başqa, Məhkəmə bildirir ki, borc müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Borc müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan borc müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. xx.xx.2023-cü il tarixdə borcverən olan iş üzrə cavabdeh 11.500 manat pulu borcalan olan iddiaçıya təhvil vermiş və iddiaçı 11.500 manat məbləğində pulu alması barədə xx.xx.2023-cü il tarixli qəbzi imzalamaqla borcun alındığını təsdiq etmişdir. Məhkəmənin mövqeyinə görə, borcverən olan cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi, yəni xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlər üzrə qeyd edilən pul məbləğlərini iddiaçıya borc vermiş, borcalan olan iddiaçı isə, həmin pul məbləğlərini ən geci xx.xx.2024-cü il tarixədək qaytarmaq barədə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcun bir qismini cavabdehə qaytarmamışdır. Belə ki, işdə olan qəbzlərdən(iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş) görünür ki, iddiaçı müxtəlif tarixlərdə cavabdehin qızı Elyanəyə cəmi 587 manat, cavabdehin qızı Nərminə cəmi 3552 manat, cavabdehin oğlu Sənana cəmi 945 manat, X3 cəmi 1080 manat, cavabdehin özünə isə cəmi 2897 manat pul köçürmüşdür. İddiaçının məhkəmələrə verdiyi məlumata görə, onun tərəfindən cavabdehdən aldığı borcundan hissə-hissə 18.192 manat pul qaytarılmışdır. Cavabdeh isə qarşılıqlı iddia ərizəsində cavabdehin borcundan 8513 manatı qaytardığını, qalıq qalan borcun isə 12.987 manat olduğunu qeydə etsə də, sözügedən qəbzlərdən və borc məbləğinin qaytarılması barədə cavabdehin etirafından görünür ki, iddiaçı borcundan ümümilikdə 10.623 manat pul qaytarmışdır. Belə ki, Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş qəbzlərdən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin özünə 2897 manat, cavabdehin qızı Elyanəyə isə 587 manat pul göndərmişdir. Lakin cavabdeh tərəf apellyasiya şikayətinə etirazında göstərilən məbləğlərin faktiki olaraq daha çox olduğunu, müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 4070 manat və qızı Elyanəyə isə 976 manat ödənildiyini bildirmişdir. Bu baxımdan Məhkəmə cavabdehin etirafını nəzərə alaraq iddiaçının cavabdehə 4070 manat, cavabdehin qızı Elyanəyə isə 976 manat ödədiyini müəyyən edir. Məhkəmə bildirir ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu prosessual hüquq normasının tələbindən iş üzrə tərəflərin bildirdiklərinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh, onun tərəfindən iddiaçıya ümumilikdə 21.500 manat məbləğində borcun verilməsini sübuta yetirə bilir, iddiaçı isə cavabdehə borcunun olmadığını, əksinə cavabdehin ona 3192 manat borcunun olduğunu bildirsə də, borcdan yalnız 10.623 manatın qaytarılması təsdiq edilir. İddiaçı borcun tam həcmdə qaytarılmasını təsdiq edən sübutları (məsələn: şahidlərini, qəbzləri, cavabdehlə yazışmalarını) məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının bildirdiyi xüsusatlar formal mülahizə xarakteri daşıyır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlər, o cümlədən cavabdehin məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazında göstərilənlər nəzərə alındıqda işin halı kimi müəyyən edilir ki, iddiaçının cavabdehə (21.500 – 10.623=) 10.877 manat məbləğində ödənilməmiş borcu var. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, işə baxan Rayon Məhkəməsi düzgün olaraq işin halları kimi müəyyən etmişdir ki, 2022-ci ildən iş üzrə tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçıya 21.500 manat məbləğində borc vermiş, lakin bu günədək həmin borc tam şəkildə cavabdehə qaytarılmamışdır. Lakin bununla yanaşı Rayon Məhkəməsi iddiaçının cavabdehə olan borcunun məbləğini müəyyən edərkən səhvə yol vermiş, həmin borcun 12.987 manat məbləğində olması barədə düzgün olmayan qənaətə gəlmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi, iddiaçının cavabdehə olan borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, həmin borc 10.877 manat məbləğində təsbit edilməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının ilkin iddia tələbi əsassız, cavabdehin qarşılıqlı iddiası isə qismən əsaslıdır. Məhkəmə MPM-nin 384.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə iddiaçıdan cavabdehin xeyrinə tutulacaq borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Goranboy Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(045)-698/2025 nömrəli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı Cavabdeh xeyrinə 10.877 manat məbləğində borc pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2190/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2190/2025
19.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver