Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2200/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar söz: şərəf və ləyaqətin müdafiəsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4261/2023 saylı mülki iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan xəstəlik qəbzlərindən görünür ki, İddiaçı müxtəlif müalicə və müayinələr edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçı barəsində yazmış olduğu şər və böhtan xarakterli məlumatların təkzib edilməsi, cavabdehlərin iddiaçını tanıyan qohumların qarşısında ondan üzr istəmələri, vurulmuş mənəvi zərərin əvəzi qismində 5.000 manat, maddi ziyan kimi həkimlər və dava-dərmana xərclənmiş vəsaitin əvəzi qismində 1.000 manat, həmçinin ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslnadırmışdır ki, cavabdehlər onun barəsində polis şöbəsinə ərizə ilə müraciət edib, qaynanası Zəhranın qəbir daşını nəcislə buladığını göstərmişlər. Bu ərizə əsasında polisdə araşdırma aparılmış və qaynanasının qəbir daşını onun yox, başqa bir şəxsin nəcisə bulaşdırdığı müəyyən edilmişdir. Belə ki, qeyd olunan hərəkətləri edən şəxsin video görüntüləri əldə olunmuşdur. O, xəstə adamdır və cavabdehlərin onun barəsində yazdıqları şər, böhtan xarakterli şikayət əsasında onun xəstəliyi güclənmişdir. Nəticədə, o həkim müayinələrindən yenidən keçib maddi və mənəvi ziyana məruz qalmışdır. Hazırda da, o müalicə almaqdadır. Bundan başqa, cavabdehlərin onun barəsində yaydıqları şər və böhtan xarakterli məlumatlardan sonra o, insanlar içərisində biabır olmuşdur. Buna görə də, cavabdehlərin onun barəsində yaydıqları məlumatlar məhkəmə qaydası ilə təkzib edilməli və ona dəymiş maddi və mənəvi ziyanının əvəzi qismində cavabdehlərdən onun xeyrinə pul tutulmalıdır.
4. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4261/2023 saylı mülki iş üzrə 20 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı nümayəndəsi vəkil X2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4261/2023 saylı mülki iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən heç bir mötəbər sübutlara əsaslanmamış, onun hüquqlarını pozaraq, əsassız olaraq iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkil X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmədə sual cavab zamanı İddiaçı izahatında qeyd etdi ki, Cavabdeh1 onun qaynıdır. Cavabdeh1 polis orqanına yazmış olduğu şikayətin surəti onda yoxdur. Şikayətlə bağlı polisə çağırılmış və izahat vermişdir. Bundan başqa onun barəsində hər hansı bir tədbir görülməmişdir. Cavabdeh2 isə onun qaynının oğludur. Cavabdeh2 onun barəsində polis orqanına heç bir müraciəti olmamışdır..
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 2(125)-4261/2023 saylı mülki iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 izahatında qeyd etdi ki, mərhum anasının qəbirüstü abidəsi təhqur edildiyi üçün bununla bağlı polis orqanına müraciət etmişdir. Ərizəsində mərhum anasının qəbirüstü abidəsinin məhz İddiaçı tərərfindən təhqur edildiyini göstərməmişdir. Onun ərizəsi üzrə araşdırmalar aparılarkən İddiaçı da şübhələndiyini bildirmişdir. O, İddiaçı böhtan atmamış, onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 7 saylı qərarı Məhkəmələr tərəfindən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
16. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 22 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
25. Maddə MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. İrəli sürülən iddianı təmin etməyərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni şərəf və ləyaqətinin alçaldılmasına dair cavabdehlər tərəfindən söz və ifadələrin işlədilməsini, bu söz və ifadələrin yayılması üçün cavabdehlər tərəfindən hərəkətlər edilməsini, eləcə də bunun nəticəsində ona maddi və mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
30. Kollegiya qeyd edir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.
31. Məhkəmə məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsinə izah verərək göstərir ki, məlumat əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması onun həqiqətə uyğun olmaması, yəni yalan olması kimi başa düşülür. Göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı hallar araşdırılarkən yuxarıda göstərilən üç elementin vahidliyi mövcud olmalı, onlardan hər-hansı birinin olmaması şəxsin şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz.
32. Məhkəmə kollegiyası göstərir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
33. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sübutlar isə işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.
34. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə cavabdeh tərəfin iddiaya etiraz etdiyi nəzərə alındıqda, iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı bu barədə öz izahatından başqa heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, onu qanuni və əsaslı saymaqla, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
37. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4261/2023 saylı mülki iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.