Məhkəmə qərarları › İş №2(104)-222/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-222/2025

09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-222/2025 09.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı 17.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsinə dair ərizəsində iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Camal Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 16.000 (on altı min) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 138 (bir yüz otuz səkkiz) manat, cəmi 16.138 (on altı min bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin alınıb, İddiaçı verilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmlakı hesabına hüquqi əsas və etibarlı müqavilə olmadan əsassız varlanan şəxs həm Cavabdeh1, həm də Cavabdeh2 hər ikisi olmuşdur.Bu səbəbdən də, məhkəmə 16000 manat pulun cavabdehlərin hər ikisindən deyil, yalnız Cavabdeh1 tutulması barədə gəldiyi nəticə düzgün olmamışdır. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının izahatını mülki iş materiallarında olan sənədlər və şahidlərin izahatları ilə əlaqəli şəkildə araşdırmamış, bir-birini tamamlayan və şübhə doğuran sübutlar əsasında qətnamə qəbul etmişdir. İddiaçı izahatında və məhkəmə iclası zamanı verdiyi izahatında göstərir ki, “o, 2017-ci ildə Gəncə şəhəri, X10 massivində yerləşən 9 saylı regionlararası Qeydiyyat İmtahan şöbəsi ətrafı ərazisində yerləşən ümumi sahəsi 0,04 hektar olan torpaq sahəsini almaq üçün sənədləşmə işləri ilə birlikdə Cavabdeh1 17.000 manat məbləğində pul vermişdir.” Məhkəmə iclasında izahat verən şahidlər məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsi bu məzmunda olmuşdur: , “o, Gəncə şəhəri ərazisində daşınmaz əmlakın alqı-satqı fəaliyyəti ilə məşğul olur. X4 2016- cı ildə ona yaxınlaşaraq qardaşına həyətyanı torpaq sahəsi lazım olduğunu bildirmişdir. Digər şahid X4 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşının arvadıdır. Qardaşı Ukranya Respublikasında yaşadığından, ev tikmək niyyəti ilə torpaq sahəsi almaq istəmişdir. O, Murad və İldırıma 16.000 manat məbləğində pul vəsaitini 4 sot torpaq sahəsini almaq üçün vermişdir. Pulu ona Samirə vermişdir. Pulu həm Murada, həm də İldırıma vermişlər. Sənədlər Muradın adına olsa da, güman edir ki, əsas məbləği İldırım götürmüşdür. İddiaçının iddia ərizəsinin, məhkəmədə izahatının və şahidlərin izahatının məzmununu olduğu kimi çatdırmaqda məqsədi ondan ibarətdir ki, iddiaçı mübahisələndirilən pulun 2017-ci il tarixdə şəxsən özü tərəfindən Cavabdeh1 verildiyini, şahidlər isə 2016-cı il tarixdə Rasim Abbasov tərəfindən Cavabdeh2 və Cavabdeh1 verildiyini qeyd edirlər. Yuxarıda qeyd olunan xüsusat təsdiq edir ki, iddiaçının və şahidlərin izahatları bir-biri ilə ziddiyət təsdiq edir və məhkəmə tərəfindən ziddiyyətə aydınlıq gətirilməmişdir. Cavabdeh1 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə kollegiyasının iclasında iddiaçının apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, pulun verilməsi 2016-cı ildə olmuş, iddia ərizəsində tarix səhv getmişdir. Rasim Samirənin qaynıdır, pulu Samirənin yanında Rasim sayıb vermişdir. 1000 manat isə 2017-ci ildə sənədləşmə üçün verilibdir. Ona görə də, iddiaçı tərəfindən verilmmiş apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı və Cavabdeh1 arasında tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktda göstərilir ki, «mən Cavabdeh1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsinin sol tərəfində yerləşən mənə aid olan 4 sot torpaq sahəsini 16.000 (on altı min) manata sataraq, etibarnamə əsasında İddiaçı verdim, satdım. Alqı-satqıda aşağıdakı adamlar iştirak etdi və öz imzalarından şahidlik etdilər: X5, X1». Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 438 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, X10 massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 400 kv/m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 7E-16789 nömrəli etibarnaməsinin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1486 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, X10 massivi, 2- ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 400 kv/m torpaq sahəsinə dair 50 il müddətinə İddiaçı etibarnamə vermişdir «Materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhər Nizami RPİ-nin TB-nin icraatında olan HK- 1/508 nömrəli material üzrə izahatı alınmış Cavabdeh2 izahatında bildirmişdir ki, 2013-cü ildə Gəncə şəhər X10 massivi 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfindən hər biri 4 sot olmaqla iki ədəd torpaq sahəsini həmin müddətdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncam və layihələri əsasında qohumları Cavabdeh1 və Elmar Kərimovun adına almışdır. Torpaq sahəsini alandan sonra həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamış, 2016-cı ildə övladının səhhəti ilə əlaqədar pula ehtiyacı olduğundan həmin torpaq sahələrini satmaq qərarına gəlmişdir. Sonradan Cavabdeh1 adına olan 4 sot torpaq sahəsini 16.000 manata Rasim adlı şəxsə, qohumu Elmar Kərimovun adına olan 4 sot torpaq sahəsini isə tanışı Qabil və Elnur adlı şəxsə 16.000 manata satmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-1431/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 16.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 manat məbləğində pul vəsaitinin alınaraq X2 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 2316/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-1431/2022 nömrəli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1258/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2316/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri ərazisində daşınmaz əmlakın alqı-satqı fəaliyyəti ilə məşğul olur. X4 2016-cı ildə ona yaxınlaşaraq qardaşına həyətyanı torpaq sahəsi lazım olduğunu bildirmişdir. İldırım adlı şəxsdə torpaq sahəsi olduğunu bildiyindən o, İldırımla əlaqə saxlamışdır. İldırımla razılaşma olmuşdur. İldırım verilmiş pul vəsaitini götürüb Murad adlı şəxsə vermişdir. Şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşının arvadıdır. Qardaşı Ukranya Respublikasında yaşadığından, ev tikmək niyyəti ilə torpaq sahəsi almaq istəmişdir. O, Murad və İldırıma 16.000 manat məbləğində pul vəsaitini 4 sot torpaq sahəsini almaq üçün vermişdir. Pulu ona Samirə vermişdir. Pulu həm Murada, həm də İldırıma vermişdirlər. Sənədlər Muradın adına olsa da, güman edir ki, əsas məbləği İldırım götürmüşdür. Sənədləşmə işlərinin aparılması üçün 1.000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Daha sonra məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin mülkiyyətçisi başqa şəxsdir. Hazırda iddiaçı nə torpağı, nə də pulu ala bilmir. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 hüquqi əsas olmadan İddiaçı hesabına 16000 (on altı min) manat varlanmışdır. Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı tərəfindən torpaq alqı-satqısına görə pul məbləğinin Cavabdeh2 deyil, məhz Cavabdeh1 verilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində yerləşən 0,04 ha torpaq sahəsi almaq üçün 16.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 vermiş, Cavabdeh1 həmin torpaq sahəsini İddiaçı satmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən olundu ki, Cavabdeh1 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi olmadığından, həmin torpaq sahəsinə dair sərəncam verilməsinə dair əqd bağlamaq səlahiyyətinə malik olmamışdır. Digər tərəfdən İddiaçı və Cavabdeh1 arasında xx.xx.2016cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından, eyni zamanda müqavilə predmeti olan torpaq sahəsinin satıcısı qismində çıxış edən Cavabdeh1 buna subyektiv hüquqları olmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bununla belə torpaq sahəsinə dair Cavabdeh1 adına sərəncam olmuş və 16.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh2 deyil, Cavabdeh1 verilmişdir. Qeyd olunan xüsusat İddiaçı və Cavabdeh1 arasında tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktda da təsbit olunmuş, İddiaçı izahatı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2(043)-1431/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə məhkəmədə baxılarkən verdiyi izahatla də təsdiq olunmuşdur. Ona görə də məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə1 öz izahatında pulun verilməsinin 2016-cı ildə baş verməsini, iddia ərizəsində tarixin səhv getdiyini göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində yerləşən 0,04 ha torpaq sahəsini xx.xx.2016-cı il tarixli akt əsasında ilə 16000 manata İddiaçı sataraq, onun hesabına əsassız varlanmışdır. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2918/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar