Məhkəmə qərarları › İş №2(104)-2236/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2236/2025

15.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2236/2025 15.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(062)-2542/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-629/2023 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı 6600 manat məbləğdə pul alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Həmin mülki iş üzrə məhkəmə iclasında Cavabdeh şahid qismində ifadə verərək bildirmişdir: “Yolçu tərəfindən ona Mətləbdən 4000 manat pul alınaraq borc kimi verilmişdir. Pulu ona Yolçu vermişdir. Mətləb adlı şəxsi tanımamış və ondan hər hansı məbləğdə borc pul almamışdır. Ona pul lazım olan zaman Yolçu bildirmişdir ki, lazımi pul vəsaitini Mətləb adlı şəxsdən alaraq ona verəcəkdir. O da öz növbəsində Yolçu ilə razılaşmışdır. Sonradan isə Yolçu həmin Məbləği Mətləbdən alaraq ona vermişdir.”

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 4000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə tanışdır. Cavabdeh ondan 4000 manat borc istəmiş, o da həmin məbləği ona X1 borc alaraq vermişdir. Mətləb Səmədov onu məhkəməyə verərək həmin məbləği almışdır, məhkəmədə mülki işə baxılarkən cavabdeh məhkəmədə şahid qismində iştirak etmiş və özü etiraf edərək bildirmişdir ki, o Səmədov Mətləbdən aldığı 4000 manat pulu ona vermişdir. Həmən pulunu ondan tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

4. Tovuz Rayon Məhkəməsinin 2(062)-2542/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Süleyman Hacıyev) iddia təmin edilmiş, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh iddiaçıya məxsus 4000 manat məbləğində pul vəsaitini heç bir hüquqi əsas olmadan əldə etmiş, bununla da əsassız varlanmışlar.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 1091.1 və 739-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 106.3 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

7. Tovuz Rayon Məhkəməsinin 2(062)-2542/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə iddiaçı iddia müddəti ötürmüşdür, birdə onun iddiaçıya heç bir borcu yoxdur, iddiaçıya olan borcunu 2021-ci il tarixdə ödəmişdir. Onlar arasında nə yazılı, nə də şifahi qaydada borc müqaviləsi bağlanmamışdır. Məhkəmə bu münasibətə borc müqaviləsi kimi yanaşmışdır. Ancaq o, iddiaçıya pulu artıqlanması ilə 2021-ci il tarixdə faizi ilə birlikdə ödəmişdir. Ona görə də, həmin qətnamə ləğv edilməlidir. İddiaçı özü bilir ki, pulu ona 2020-ci ildə faiz ilə verib, o, 4000 manat pulun yerinə, 6500 manat qaytarmışdır. Hesab etmişdir ki, məhkəmə maddi normalara düzgün istinad etməmişdir. Bu səbəbdən də qətnamə ləğv olunmalıdır. Qətnamədə məhkəmənin konkret hansı maddi normaya əsaslanması qeyd edilməmişdir. İddiaçı həmin pulu ona faiz ilə vermiş, o, həmin pulun 4800 manatını və bundan başqa əlavə iddiaçıya 1730 manat vermişdir. İddiaçı özü onunla qərəzli olduğundan, yalan yerə məhkəmədə iddia qaldırmış, həmin pulu o, 5 il bundan qabaq almış, təxminən 2020-ci illərin əvvəllərində həmin 4000 manat pul almış, pulu iddiaçıya artıqlaması ilə qaytarmışam. Hal-hazırda onun iddiaçıya heç bir borcu yoxdur, birdə onu qeyd etmək istəyir ki, iddiaçı iddia müddətini ötürüb, pul tələbinə dair iddia müddəti 3 ildir, ancaq iddiaçı necə olur ki, 5 ildən sonra gəlib məhkəmədə iddia qaldırır. Burada aydın olur ki, iddiaçı onunla qərəzli olub, ona görə də məhkəmədə ona qarşı iddia qaldırıb, məhkəmədə iddiaçının iddiasını heç bir əsas olmadan təmin edilməsi barədə qətnamə çıxarmışdır. Belə hesab edir ki, həmin qətnamə əsasız və qanunsuz çıxarıldığı üçün ləğv edilməlidir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı ilə əvvəllərdən tanışdırlar. O, iddiaçıdan borc istədikdə, iddiaçı başqa şəxsdən borc alaraq, ona vermişdir. O, sonradan bilmişdir ki, Mətləb Yolçuya borcu faizə vermişdir. O, borcu olan puldan 1200 manatını Mətləbə qalanını isə iddiaçıya qaytarmışdır. İddiaçıdan 4000 manat pul almış, pulu iddiaçıya artıqlaması ilə qaytarmışdır. Hər ay 800 manat olmaqla, 6 aya 4800 manat pul qaytarmışdır. Bundan başqa, iddiaçıya 1730 manat vermişdir. Əgər Mətləbə verdiklərini saymasa, hazırda onun iddiaçıya 2270 manat borcu qalmışdır. Pulun iddiaçı tərəfindən Mətləbdən faizə götürülməsini sonradan bilmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin əsaslarına uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, cavabdehə verdiyi pulu X1 almış, cavabdeh uzun müddət borcu qaytarmadığı üçün Mətləb ondan əlavə pul tələb etmişdir. O, isə pulu qaytara bilmədiyi üçün Mətləb onu məhkəməyə vermiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-629/2023 saylı qətnaməsinə əsasən, ondan 6600 manat məbləğdə pul alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Cavabdeh borcundan hissə-hissə ödənişdir. Mətləbin özünə və ona 600 manat olmaqla, bir neçə ay hissə-hissə pul vermişdir. Cavabdehin ona hissə-hissə verdiyi pulların məbləğini tam xatırlamır. Həmin pullar 4000 manat əsas borca yox, Mətləb tərəfindən faiz borca hesablanmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

13. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixli redaksiyada)

14. Maddə 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (xx.xx.2023-cü il tarixli redaksiyada)

15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

29. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

30. Maddə 402.1-ci Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

36. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh əvvəldən tanış olmuşlar. Cavabdeh iddiaçıdan borc pul istəmiş, iddiaçı isə Mətləb adlı şəxsdən 4000 manat məbləğində pul alaraq, cavabdehə vermişdir. Tərəflər qarşılıqlı izahatlarında bunu təsdiq etmişlər. İş materiallarında şahid ifadəsindən başqa heç bir sübut; hər hansı yazılı sənəd, müqavilə, telefon danışığı, yazışma, video və ya foto görüntü olmamışdır. X2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh ona 4000 manat borcu olmuşdur. İddiaçı başqa bir şəxsdən pul alaraq onun yanında Cavabdeh vermiş, Azər də həmin pul ilə ona olan borcunu qaytarmışdır. Sonradan İddiaçı ona bildirmişdir ki, Azər onun pulunu qaytarmamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddiaçıya borcunu qaytarması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh borcun qaytarılması ilə bağlı heç bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə verdiyi 4000 manat məbləğində pul Mətləb adlı şəxsdən iddiaçı tərəfindən faizə götürülmüşdür. Cavabdeh həmin pulun iddiaçı tərəfindən Mətləbdən faizə götürülməsini sonradan bildiyini qeyd etmişdir. İddiaçı cavabdehin Mətləbin özünə və ona 600 manat olmaqla, bir neçə ay hissəhissə pul verməsini qeyd etmiş, lakin cavabdehin ona və Mətləbə nə qədər pul verdiyini tam xatırlamadığını bildirmişdir. Həmin pulların isə əsas borca yox, Mətləb tərəfindən faiz borca hesablandığını qeyd etmişdir.

38. Məhkəmə kollegiyası sübutetmə vəzifəsi ilə bağlı qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

39. Halbuki, mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

40. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh apellyasiya şikayətində həmin pulun 4800 manatını və bundan başqa əlavə iddiaçıya 1730 manat pul verməsini göstərsə də, 4800 manat pulu hansı qaydada verməsini izah edə bilməmiş, iddiaçı isə cavabdehin ona 600 manat olmaqla, bir neçə ay hissə-hissə pul verməsini, lakin tam məbləği xatırlamadığını söyləmişdir. Kollegiya cavabdehin iddiaçıya 1730 manat qaytarması barədə dəlillərini iddiaçının da izahatı ilə inandırıcı hesab edir və həmin məbləğdə pulun iddiaçı tərəfindən cavabdehin borcuna müqabil alındığı qənaətinə gəlir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi dəlillərinə münasibətdə qeyd edir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, əsassız varlanmaya söykənən iddia qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın hüquqi əsasını əsassız varlanma təşki edir və həmin münasibətlərə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Göründüyü ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlərdə iddia edilən borcun məbləği 3000 manatdan çıx olduğundan və borc müqaviləsinin yazılı formasına riayət edilməsini təsdiqləyən sübutlar olmadığından birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanmaya istinad etməkdə haqlı olmuşdur. Lakin kosntitusiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyindən görünür ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Lakin birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi iştirak etsə də, iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin mənasına görə, qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən edilməlidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(062)-2542/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(062)-2542/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2270 (iki min iki yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 42,7 (qırx iki manat yetmiş qəpik) manatı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar