Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2240/2025 22.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Goranboy Rayon Məhkəməsinin e-2(045)-2155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Saleh oğlundan 12700 ABŞ dolları (21590 manat) məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun və məhkəməyə ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin e-2(045)-2155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Taleh Mustafayev) İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilərək iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərin və ödənilmiş 155 (bir yüz əlli beş) manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması, İddiaçı aidiyyəti polis orqanına müraciət etməsi izah olunmuşdur. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-2155/2025 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin Goranboy rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin araşdırararaq gəldiyi nəticə tamamilə qanunsuz və ədalətsizdir. Belə ki, iş üzrə Cavabdeh barəsində olan cinayət işi üzrə icraatın dayandırılması və yaxud da davam etməsi onun cavabdehə qarşı “pul tələbinə dair” iddia tələbi üzrə mülki işin Goranboy Rayon Məhkəməsinin icraatında baxılmasına dair imtinanın verilməsi üçün əsas deyil. Belə ki, cavabdeh törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunduqda onun barəsində törətdiyi cinayət əməlinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edilir. Cavadehin barəsində açılmış cinayət işinin araşdırılması faktına görə mülki iş üzrə qanunvericiliyin hər hansı bir normasında idda tələbi üzrə mülki işin məhkəmənin icraatında baxılmasından imitina edilməsinə əsas olan hallar nəzərdə tutulmamışdır. Cavabdehə qarşı iddia tələbi qanunvericiliyin maddi və prosessual hüquq normalarına riayət edilməklə aidiyyəti üzrə rayon məhkəməsinə verilmişdir. Hazırki mülki işin birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilməməsi onun məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırmaqla vətəndaş olaraq hüquq və azadlıqlarının, konstitusion hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi qərardadında imtinaya səbəb kimi əsaslı prosessual hüquq norması tətbiq etmədən formal olaraq iddia tələbin icraata qəbul edilməsindən imtina etmişdir. Halbuki, Cavabdeh Saleh oğluna qarşı eyni predmet üzrə digər iddiaçı tərəfindən iddia qaldırılmış və həmin mülki iş Goranboy rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılmış və sonda sözügedən mülki iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilmişdir. Bu səbəbdən hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-2155/2025 saylı qərardadı ləğv edilməli və onun iddia tələbi üzrə mülki işə Goranboy rayon Məhkəməsində icraata qəbul edilərək baxılmalıdır. Goranboy Rayon Məhkəməsinin e-2(045)-2155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin e-2(045)-2155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh Saleh oğluna qarşı pul tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi öyrənilərkən məlum olmuşdur ki, ərizədə qeyd olunan mübahisə üzrə Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən 07 yanvar 2025-ci il tarixli qərarla Cavabdeh barəsində cinayət işi başlanmış və sonuncu istintaqdan gizləndiyi üçün tutulub istintaqa təqdim olunana kimi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən 21 yanvar 2025-ci il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. Belə olan halda hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. İddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsinə görə hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Birinci instansiya məhkəməsi isə MPM-in 153.2.1-ci maddəsinə istinad edərək iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi qanunvericilik mübahisənin məhkəmə aidiyyətini müəyyən edərkən mülki prosessual qanunvericiliyə və digər qanunlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən kənar edir. İddia ərizəsində iddiaçının pozulmuş və ya mübahisə etdiyi hüquq və azadlıqların müdafiəsinin yalnız məhkəmədən kənar qaydada digər orqanları tərəfindən həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulduğu hallarda hakim ərizəni məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə qəbul etməkdən imtina etməlidir. Lakin, hazırki iddia tələbi üzrə iddiaçının pozulmuş və ya mübahisə etdiyi hüquq və azadlıqların müdafiəsinin məhkəmədən kənar qaydada digər orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın dayandırılması” barədə xx.xx.2025-ci il tarixli qərari ilə ********* nömrəli cinayət işi üzrə icraat cinayəti törətmiş şəxs Cavabdeh tutulub istintaqa təqdim olunana kimi dayandırılması halı ərizənin yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtinaya əsas kimi qəbul edilə bilməz. Həmçinin, Cavabdeh barəsində gələcəkdə məhkəmə hökmünün və ya cinayət təqibi üzrə digər qərarın mövcudluğu yalnız məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.4cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa qanunvericilik şəxsin törədilmiş cinayətlə bağlı ərizə verməsi ilə eyni zamanda mülki iddia verməsini qadağan etmir. Belə ki, Cinayət Prosessual Məcəllənin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin e-2(045)-2155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlük məsələsinə baxılması üçün iş Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Goranboy Rayon Məhkəməsinin e-2(045)-2155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin e-2(045)-2155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2240/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2240/2025
22.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver