Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-225/2023 07.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı «sığorta ödənişi məbləğinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(066)-723/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 qarşı «sığorta ödənişi məbləğinin ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə Cavabdeh1 2700 (iki min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 57 (əlli yeddi) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** DJ *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Göygöl rayonu, A.Hacıyev küçəsi ərazisində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** HE *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı, avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ** HE *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 180” markalı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 2700 (iki min yeddi yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl RPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 həmin avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(066)-723/2022 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia təmin edilərək, Cavabdeh1 2700,00 (iki min yeddi yüz) manat sığorta ödənişinin və ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun alınaraq, iddiaçı «Qala Sığorta” ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Göygöl Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(066)-723/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Göygöl rayonu A.Hacıyevi ərazisində ona məxsus **-DJ-*** dövlət qeydiyyat nişanlı VAZ- 21074 markalı avtomobili idarə edərkən **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs onun avtomobilini sağ qanaddan vurmuşdur. Hadisə zamanı heç bir günahı olmamışdır. Hadisə yerinə gələn polis əməkdaşı avtomobilin sənədlərini yoxlamış, onun sürücülük vəsiqəsi üstündə olmuşdur. Ancaq avtomobilin idarə edilməsi verilmiş ehtibarnamənin müddət bir gün ötmüşdür. Bu səbəbdən polis əməkdaşı ona protokol tərtib etmişdir. Lakin hadisənin baş verməsində **-HE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün bir başa günahı olmuşdur. Hadisənin baş verməsində günahı olan şəxs sığorta haqqı ödənilir. Ona tərtib edilmiş inzibati protokol, etibarnamənin müddəti ilə bağlı nəqliyyat hadisəsinə heç bir əlaqəsi yox idi. Odur ki, qətnamə bir mənalı ləğv edilməlidir. **-HE-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz-C-180 avtomobilin sürücüsü yol hərəkət qaydasını pozmaqla onun avtomobilinin sağ tərəfindən vurmaqla, ona zərər vurmuşdur. Onun idarə etdiyi avtomobil etibar edilməsi müddəti br gün gecikmişdi. Bunun yol nəqliyyat hadisəsinə heç bir aidiyyəti yoxdur. Lakin onun barəsində tərtib edilmiş inzibatı protokolun nədə ifadə olunmasını məhkəmə araşdırmadan bu zərərin onun tərəfındən ödənilməsini qət etmişdir. İşdə olan sübutlar: xx.xx.2021-ci il tarixli, CM1735/21 saylı işə dair sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:30-da Göygöl şəhəri, A.Hacıyev küçəsində sığortalanmış avtomobili idarə edən şəxs Cavabdeh1 etibarnaməsiz formada idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Zərər çəkən əmlak (avtomobil) Mercedes Benz C 180 markalı, ** HE *** dövlət qeydiyyat nömrəli avtomobildir. Əmlaka dəymiş zərərin məbləği 2700 manat, zərəçəkən X3r. 30 sentyabr 2021-ci il tarixli, № 1572 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 2700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 4/1827 nömrəli 10 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Göygöl RPŞ-nin rəisi Polis polkovniki cənab Müqabil Abdıyevə ünvanlanmış izahatda “İzahat” sözündən aşağıda əlyazma mətni və “İmza:” sözünün qarşısındakı imza; yol nəqliyyat hadisəsinin sxemində Sxemlər və protokolun əlavəsində Göstərilənlərə razılıq” qrafasında “2.İmza hissəsindəki imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göygöl Rayon Polis şöbəsinin 10 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixində Göygöl rayonu, A.Hacıyev küçəsi ərazisində Cavabdeh1 idarə etdiyi **-DJ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi ilə **- HE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı avtonəqliyyat vasitəsinin toqquşamsı ilə əlaqədar baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olara X6barəsindən heş bir inzibati protokol tərtib edilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, Göygöl RPŞ-də onun adından yazılmış izahatdakı imza və xətt ona məxsus deyildir. Ümumiyyətlə latın əlifbasında yaza bilmir. Həmçinin, yol nəqliyyat hadisəsinin sxemində olan imza da ona məxsus deyildir. Hadisənin baş verməsində isə onun heç bir təqsiri olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Onlar isə iddianı həmin inzibati xəta haqqında iş materialları əsasında qaldırmışlar. Belə ki, işdə olan inzibati xəta haqqında qərarla cavadbehin avtomobili etibarnaməsiz idarə etməsi təsdiq olunmaqdadır. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu: 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(066)-723/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 idarə etdiyi **-DJ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Göygöl rayonu, A.Hacıyev küçəsi ərazisində **-HE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə məsuliyytə cəlb edilərək 40 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC də məhz həmin qərara əsasən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə **-HE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 2700 (iki min yeddi yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində heç bir təqsirinin olmadığını iddia etmişdir ki, bununla əlaqədar olaraq məhkəmə kollegiyası tərəfindən yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar polis orqanı tərəfindən toplanmış bir sıra materiallar tələb edilmişdir. Polis orqanı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən yazılması iddia olunan izahatla və Yol nəqliyyat hadisəsinin sxemində onun təqsirli olması müəyyən edilsə də cavabdeh Göygöl RPŞ-də onun adından yazılmış izahatdakı imzanın və xəttin, o cümlədən Yol nəqliyyat hadisəsinin sxemində olan imzanın ona məxsus olmadığını iddia etmişdir. Buna görə də iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 4/1827 nömrəli 10 fevral 2023-cü il tarixli rəyi ilə cavadbehin etirazı öz təsdiqini taparaq, izahatın mətninin və həmin izahatdakı imzanın, o cümlədən yol nəqliyyat hadisəsinin sxemindəki imzanın Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan mülki qanunvericlyin tələbinə görə mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli əməldir. Həmçinin, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun tələbindən də göründüyü kimi sığorta hadisəsi mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı hesab olunmaqla, subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Hazırkı işin hallarına əsasən isə xx.xx.2021-ci il tarixdə Göygöl rayonu, A.Hacıyev küçəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsinin Cavabdeh1 təqsirindən baş verməsi, o cümlədən onun hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi iş materialları ilə öz təsdiqini tapmamaqdadır. Belə ki, inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarın surətindən də göründüyü kimi Bayramov X5 Xətalar Məcəllənin yalnız 332.1-ci maddəsi ilə, yəni nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə görə məsuliyyətə cəlb edilməklə, yol hərəkəti qaydasının onun tərəfindən pozulması ilə əlaqədar yol nəqliyyat hadisəsinin baş verməsi sübut olunmamaqdadır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını düzgün qiymtələndirməyərək, maddi hüquq normalarını səhv təfsir edərək, iddia tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də Göygöl Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(066)- 723/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsli və iddia tələbi rədd edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Göygöl Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(066)-723/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(066)-723/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.