Məhkəmə qərarları › İş №2(104)-2261/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2261/2025

04.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2261/2025 04.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(013)-2775/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(013)-2775/2025 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddianın əsaslı olduğundan təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 100 (yüz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(013)-2775/2025 saylı qətnaməsini apellyasiya icraatı qaydasında ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 100 (yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi tanıyır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ondan 8000 min manat borc almış və bu barədə qəbz verərək imza etmişdir. Cavabdeh borcunu 2024-cü il mart ayına kimi ümumi borcunu hissə-hissə ödəməklə qaytaracağını öhdəsinə götürmüş, buna baxmayaraq borc götürdüyü pulu ödəmir. Cavabdehə borcunu ödəməsini dəfələrlə təklif etməsinə baxmayaraq, sonuncu müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, sözügedən qətnamə ilə razı deyil. Belə ki, o, dəfələrlə İddiaçı sələmə pul götürüb vaxtlı vaxtında ödəmişdir. Təxminən 8-9 ildir ki, o, İddiaçı sələmə pul götürür. 2023-cü ildə fərqli zamanlarda İddiaçı 2000 manat bir, 3000 manat da bir, cəmi 5000 manat faizə pul götürmüşdür. 2023-cü ilin ortalarında İddiaçı 2000 manat faizə pul götürmüş, hər ay üstü 200 manat olmaqla. Bir müddət sonra ailədəki maddi sıxıntılara görə sələmin üstünü, yəni 200 manatı ödəyə bilməmişdir. Üç ay sələmin üstün ödəyə bilməmiş və 600 manat faiz borcu yaranmışdır. Bu müddət ərzində İddiaçı pulunu tələb etmiş, o da verə bilmədiyi üçün aralarında ciddi söz söhbət yaranmışdır. Qeyd edilən tarixdə onun övladı ağır xəstə olmuş, əməliyyat üçün ona vacib pul lazımdır. Bütün banklara kreditlə bağlı müraciət etmiş və adında kredit olduğu üçün ona kredit verməmişlər. Çarəsiz qalıb İddiaçı sələm üçün yenə müraciət etmiş və bildirmişdir ki, ona 3000 manat pul lazımdır. İddiaçı ona 3000 manat pulu sələmə o şərtlə verəcəyini bildirdi ki, verilən 3000 manatdan əvvəlki 2000 manat sələmin 3 aydır verilməyən faizi çıxılacaq və bundan başqa 8000 manatlıq müqaviləyə qol çəkməlidir. Onun övladı X1 yatırdı, təcili əməliyyata girməli idi. O, məcbur qalıb İddiaçı dedikləri ilə razılaşmışdır. İddiaçı 3000 manat pulun 600 manatını əvvəlki 2000 manat sələmin 3 aylıq vermədiyi faizinə çıxdı yerdə qalan 2400 manat pulu ona vermiş, o da o pulun 2000 manatını qızın əməliyyatı üçün X2 ödəmişdir. Ümumi hesablanan 5000 manat sələmin beş ay hər ay 500 manat olmaqla üstünün faizini ödəmişdir. Sonradan yenə maddi vəziyyəti pisləşdiyindən dörd ay hər ay 150 manatdan olmaqla 600 manat sələmin üstünü ödəmişdir. Bir dəfə 1500 manat o, iddiaçının kartına bütöv şəkildə pul atmış, bir dəfə də, 1069 manat kartından İddiaçı pul çıxarıb. Ümumilikdə qeyd edilən sənəd imzalandıqdan sonra o, iddiaçıdan aldığı 4400 manat pulun müqabilində 5669 manat pul ödəmişdir. Sonuncu dəfə o, cavabdehə kartı verməmişdən əvvəl ona bildirmişdir ki, onun “Bank of Baku”-da 4000 manat krediti var ona köməklik et onu bağlayaq o da bildirmişdir ki, kartını ver bu ayın maaşını çıxarım sonra 4000 kreditini bağlayacam 5000 manat da əvvəlki borcun ümumilikdə etdi 9000 manat üstündə 3000 manat pul ödəyəcəksən yəni hər ay 500 manat olmaqla kredit şəklində ümumi 12000 manat pul ödəyəcəksən. O, da İddiaçıla razılaşmışdır. İddiaçı sonuncu dəfə onun maaş kartından 1069 manat pul çıxardı ancaq dediyi sözü tutmadı. Dəfələrlə o, Bərdə rayonu Kətəlparaq kəndində yerləşən iddiaçının kafesinə gedib söz verdiyi üzrə kredit borcunu bağlamasını xahiş etmiş, iddiaçı hər dəfə bir bəhanəylə onu yola vermişdir. Sonradan başa düşmüşdür ki, onun məqsədi onun kredit borcunu bağlamaq yox, maaş kartını özündə saxlayıb hər ay 1000 manatdan artıq kartdan pul çəkməkdir. Belə olan halda gedib maaş kartının qarşısını bağlatmışdır. İddiaçıya ödənilən yuxarıda qeyd edilən pulların 1069 manatı çıxmaqla hamısı iddiaçının ona hər dəfə bir adama məxsus göndərdiyi kartlara göndərmiş, çeklərini də, iddiaçının ***- ***-**-** nömrəli telefonunun vatsapına göndərmişdir. Telefonu sındığından qeyd edilən çeklərin bir qismi onda yoxdur, ancaq iddiaçının vatsap nömrəsini araşdırılması üçün ekspertiza mərkəzinə göndərilsə silinən yazışmalar bərpa edilsə məlum olacaqdır ki, o, iddiaçıdan götürdüyü 4400 manat pulun müqabilində 5669 manat pul ödəmiş və iddiaçıya bir manat olsun borcu qalmamışdır. Hakim işə baxarkən qərəzli mövqe tutmuşdur. Belə ki, işə baxarkən o, sübutlarını təqdim etmək istəmiş, lakin hakim buna imkan verməmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətrnaməsinin ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı təkrar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2021-ci ilin noyabr ayında uşağı əməliiyat olunub. Həmi vaxtı iddiaçıya 2200 manat borcu var idi. 2023-cü ilin oktyabr ayında uşaq ikinci dəfə əməliyyat olundu. Həmin vaxtı da iddiaçıya 3500 manat borcu var idi. Əməliyyat zaman iddiaçıdan 1500 manat yenidən borc almış və qəbzi onda yazmışdır. 2025-ci ildə iddiaçı kartından 1069 manat çıxarmış, 2024-cü ildə 4 dəfə hər dəfə 150 manat olmaqla borcundan ödəmiş, 2024-cü ilin mart aprel aylarında 1 dəfəyə 1500 manat ödəmiş və başqa ödənişi olmamışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayəti üzrə araşdırmanın hədləri ilə bağlı kollegiya qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Belə ki, işdə olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı 8000 manat borc aldığını etiraf etmiş və həmin məbləği xx.xx.2023-cü ildə qaytaracağını qeyd etmişdir. İş materiallarında Cavabdeh məxsus əmək haqqı kartından hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə kartdan 1069 manat vəsait nağdlaşdırılıb. Məhkəmə kollegiyasının iclasında EMİS-nin məlumatları əsasında müəyyən olunmuşdur ki, iddiaçı kredit vermək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazəsi olmadan müxtəlif şəxslərə və müxtəlif şərtlərlə borc pul verir, mübahisə yarandığı halda iddia ərizələri ilə resoublikanın müxtəlif rayon və şəhər məhkəmələrə müraciət edir. Bunun nəticəsidir ki, 2022-ci ildən başlayaraq 2026-cı ilin mart ayına qədər 60 dəfədən artıq iddia ərizəsi ilə məhkəməyə müraciəti olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıdan 8000 min manat borc almasına dair qəbz yazıb vermiş, iddiaçı cavabdeh tərəfindən edilmiş ödənişləri faizə hesablayaraq, borcunu ödəmədiyini qeyd edib hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərlə və onun şübhə doğurmayan izahatı ilə yazılı qəbzində göstərdiyi 8000 manat borcdan 1069, manat, 1500 manat, hər dəfə 150 manat olmaqla cəmi 600 manat, ümumilikdə isə 3168 manat qaytardığı təsdiq olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 8000 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı pulu qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Cavabdeh məhkəmədə izahat verərkən iddiaçıya müəyyən məbləğlərdə pul qaytardığını bildirsə də, bu halı təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, qanunvericilik isə həmin vəzifəni onun üzərinə qoymuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi fiziki və hüquqi şəxslər müqavilələr bağlamaqda sərbəst olsalar da, lakin müəyyən kateqoriya əqdlərin bağlanması üçün qanunvericilik yazılı formanı, həm də notariat qaydada təsdiq olunmanı mühüm şərt kimi müəyyən etmişdir. Lakin hazırkı halda iddiaçı cavabdehə razılaşma əsasında 8000 manat verdiyini iddia edir. Kollegiya hesab edir ki, bu halda öz tələbini sübut etmə öhdəliyi iddiaçının üzərinə düşür. Lakin iddiaçı məhkəməyə qəbz təqdim etmiş olsa da, cavabdeh iddiaçıya olan borcu müqabilində 2025-ci ildə iddiaçı onun kartından 1069 manat götürdüyünü, 2024-cü ildə 4 dəfə hər dəfə 150 manat, 2024-cü ilin mart-aprel aylarında 1 dəfə 1500 manat qaytardığını bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə kollegiyasının iclasına gəlməmiş və həmin xüsusatların araşdırmasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin izahatını əsaslı hesab edərək iddiaçıya cəmi 3169 manat pulun ödənilməsini qəbul edir. Məhkəmə qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsindəki izahatından və apellyasiya şikayətinin dəlillərindən görünür ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə 8000 manat pul verilmişdir. Cavabdeh isə qarşılıqlı razılaşmanın şərtlərinə əməl etməyərək aldığı borcdan 4831 manat hissəsini ödəməmiş, iddiaçıya məxsus pulu özündə saxlamaqla əsassız varlanmışdır. Cavabdeh pulun qaytardığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən 4831 manat həcmində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-390, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(013)-2775/2025 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4831 (dörd min səkkiz yüz otuz bir) manat və ödənilmiş dövlət rüsumu əvəzində 100 (yüz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar