Məhkəmə qərarları › İş №2(104)-2269/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2269/2024

14.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2269/2024 14.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evi və torpaq sahəsinin boşadılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 2(023)- 1029/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 2(023)-1029/2024 nömrəli (hakim E.Mansırov) qərardadı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması; Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (tarix: 12 iyun 2024; qəbzin nömrəsi:İB**********) dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(023)-1029/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prоsessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 259.0.12. maddəsinə əsasən məhkəmə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1. maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.2. maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6. maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 2 ünvandan yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkıəməyə müraciət etmişdir. Ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab vermədiyindən, yəni iddia ərizəsində çıxarılması tələb edilən əşyaların nədən ibarət olması və həmin əşyalar barədə məlumatlar göstərilmədiyindən birinci instansiya məhkəməsi iddiaçıya buraxılmış nöqsanların aradan qaldırlmasını təklif etmiş, əks halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12 maddəsinə əsasən ərizənin baxılmamış saxlanacağı nəzərinə çatdırılmışdır. Buna baxmayaraq iddiaçı məhkəmənin təklif etdiyi düzəlişləri etməmişdir. Bu səbəbdən iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyasıda hesab edir ki, iddia ərizəsini baxılmamış saxlamaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mülki prosessual qanunvericiliyə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 2(023)-1029/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 2(023)-1029/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar