Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2271/2025 22.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin qadağan olunması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2(066)-1229/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhəri, Bülbül küçəsi 40, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi X2 məxsus olmuşdur. Azər Məmmədov vəfat etdikdən sonra torpaq sahəsi vərəsəsi –qardaşı İddiaçı mülkiyyətinə keçmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhəri, Bülbül küçəsi 40, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 8175/2025 nömrəli məktubda aparılan araşdırma zamanı torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığından bu səbəbdən ərizənin icrasının mümkün olmadığı göstərilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2017-ci il tarixli İNİL-967/2017 nömrəli “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini” həyata keçirməyə icazə ilə bağlı "xxxx" MMC-yə lisenziya verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “ölçmə işlərinin aparılmasına yaradılan maneənin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri, Bülbül küçəsi 40, yeni qaydalarla ünvan 2-da yerləşən torpaq sahəsində yerləşən evə dair texniki pasport almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırırlması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhəri, Bülbül küçəsi 40, yeni qaydalarla Göygöl şəhəri, Qara Qarayev küçəsi giriş 38 A-da yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində yerləşən evə dair çıxarış almaq istədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Bu müraciətə xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, ölçmə işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Belə ki, cavabdeh iddiaçının mərhum qardaşının qeyrirəsmi nikahda yaşadığı şəxs olmuşdur və hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsində iddiaçının tikdirdiyi evdə heç bir əsas olmadan yaşayır. Belə ki, qeyd edilən ünvanda olan sayğaclar da iddiaçının adınadır. Bundan başqa iddiaçı həmin ünvandakı torpaq sahəsində yerləşən evlə bağlı planı da mövcuddur.Cavabdehin ölçmə işlərinə maneəçilik törətməsi və reyestr xidməti əməkdaşlarının da onun qanunsuz müdaxiləsinə əsasən ölçmə işləri aparmaqdan imtina etmələri onun qanunvericiliklə nəzərdə tutulmuş iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasdır. Qeyd etdiklərindən də göründüyü kimi sonuncu cavabdeh şəxslərin qanunsuz müdaxiləsi əsasında ölçmə işlərinə şərait yaratmaması səbəbindən ərizəsinin icrası mümkünsüz olmuşdur. Odur ki, o, hazırda ölçmə işlərinin aparılması üçün cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edilir.
7. Göygöl Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2(066)-1229/2025 saylı qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) iddianın təmin edilməsi, Göygöl şəhəri, Bülbül küçəsi 40, yeni qaydalarla ünvan 2 ünvanında olan torpaq sahəsində yerləşən evə dair texniki pasport almaq üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına maneə yaradılmasının Cavabdeh qadağan edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki halda torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. İddiaçı həmin hüquqdan irəli gələrək özünün əmlaka dair texniki pasportunun tərtib edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də cavabdeh qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiklərindən müvafiq hüququn həyata keçirilməsindən imtina olunmuşdur. Daşınmaz əmlak üzərində müvafiq ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneə mülkiyyət hüququna müdaxilənin tərkib hissəsidir. Cavabdeh tərəf dolayısı ilə məhkəmə araşdırması zamanı qeyd edilən halı etiraf etmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148, 152 və 157-158-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Göygöl Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2(066)-1229/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olmasıdır. Hazırki qətnamə ədalətli deyildir. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır. Göründüyü kimi hazırki qətnamə Konstitusiyanın göstərilən bəndlərinə zidd olmaqla ədalətli deyil. Belə ki, iddiaçı ölçmə işlərinin aparılmasını istədiyi evin 1/2 hissəsi ona məxsusdur. İddiaçı isə qanunsuz olaraq evi bütünlüklə öz adına sənədləşdirmək istəyir ki, bu da onun hüquqlarını pozur. O, bildirmişdir ki, mübahisli evi o, və iddiaçının mərhum qardaşı Azər Aslanov birgə nikah dövründə tikmişlər. Məhkəmə bunlara qiymət verməmişdir. Məhkəmə iddianı təmin edərkən qətnamənin əsalandırıcı hissəsində evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını qeyd etmişdir, lakin nəzərə almamışdır ki, mübahisəli ev onunla iddiaçının qardaşının birgə nikahı dövründə inşa edilmişdir. İddiaçının ölçmə işləri aparmaq istədiyi evlə bağlı məhkəmə mübahisəsi var.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar və vəkilləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
14. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun:
18. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
19. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2(066)-1229/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhəri, Bülbül küçəsi 40, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. O, "xxxx" MMC bina və qurğuların layihələndirilməsi planını əldə etmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ölçmə işlərinin aparılması üçün müraciət etmişdir. Lakin sonuncu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 8175/2025 nömrəli məktubda aparılan araşdırma zamanı torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığından bu səbəbdən ərizənin icrasının mümkün olmadığı göstərilmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında torpaq sahəsində ölçmə işlərinin aparılmasına mane olduğunu etiraf etmişdir. Əsas kimi isə torpaq sahəsinin yoldaşının olduğunu, 20 ildən artıqdır ki, orada ev tikib yaşadıqlarını, əri öldükdən sonra vərəsəlik qaydasında qaynının adına keçdiyini bildirmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisə predmetinin ½ hissəsinin ona məxsus olduğunu, mübahisəli evi o, və onun əri (iddiaçının mərhum qardaşı) Azər Aslanovun birgə nikah dövründə tikdiklərini, hazırda evlə bağlı məhkəmə mübahisəsi olduğunu iddia etsə də, dəlillərini təsdiq edəcək heç bir sübutu şikayətinə əlavə etməmiş və kollegiyaya təqdim etməmiş, məhkəmə kollegiyasının iclasına gəlməyərək əsaslandırmamışdır.
34. İş materiallarından görünür ki, Cavabdeh ölçmə işlərinin aparılmasına maneə yaratmasını etiraf etmişdir. Hazırda iddia tələbində qeyd olunan Göygöl şəhəri, Bülbül küçəsi 40, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
35. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Göygöl Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2(066)-1229/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2(066)-1229/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.