Məhkəmə qərarları › İş №2(104)-2275/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2275/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2275/2023 25.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-16/2021 saylı mülki iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)-16/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh çəkilmiş xərc olaraq 54000 manat pulun alınıb ona ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması və İddiaçı Cavabdeh qarşı Cavabdeh çəkilmiş xərc olaraq 54000 manat pulun alınıb ona ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)-16/2021 saylı qərardadının surəti xx.xx.2021-ci ildə poçt vasitəsi ilə rəsmi surətdə tərəflərə göndərilmişdir. Mülki iş üzrə İddiaçı müraciətinə əsasən Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)-16/2021 saylı qərardadının surəti xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə şəxsən təqdim olunmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)-16/2021 saylı qərardadından İddiaçı apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-16/2021 saylı qərardadı ilə ərizə təmin edilməmiş və şikayət ərizəsi geri qaytarılmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-16/2021 saylı qərardadının surəti xx.xx.2023-cü il tarixində məhkəmə qəbzinə İddiaçı şəxsən imza etdirilərək təqdim olunmuşdur. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-16/2021 saylı qərardadından narazı qalan İddiaçı şikayət vermiş və şikayətində göstərmişdir ki, xəstə olması səbəbindən qərardaddan vaxtında şikayət verə bilməmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-16/2021 saylı mülki iş üzrə 13 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmənin iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-16/2021 saylı mülki iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-16/2021 saylı mülki iş üzrə 14 oktyabr 2021-ci il tarixli qərardadını İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə şəxsən qəbul etmiş, lakin qərardaddan şikayət və ötürülmüş müddətin bərpası barədə ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bununla da İddiaçı qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulan 10 günlük prosessual müddəti ötürmüş və prosessual müddətin ötürülməsinin üzrlü sabəbdən baş verməsin səbəbləri barədə ərizəsini əsaslandırmamışdır. Ona görə də məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, mülki işin materiallarında olan, məhkəmənin iş üzrə14 oktyabr 2021-ci il tarixli iclas protokolundan və barəsində şikayət verilən qərardaddan müəyyən olunur ki, məhkəmənin həmin tarixdə keçirilmiş iclasında İddiaçı iştirak etmiş və qərardad onun iştirakı ilə elan edilmişdir. Bundan əlavə, mülki işin materiallarında olan məhkəmə qəbzindən müəyyən edilir ki, məhkəmənin sözügedən qərardadı 12 aprel 2023-cü il tarixdə qəbzə imza edilməklə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinin tələbinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyənedilmiş 10 günlük müddət ərzində qərardaddan şikayət verilməmiş və müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsi barədə hər hansı bir mötəbər sübut növü əlavə edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası həmin qərardadın ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-16/2021 saylı mülki iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar