Məhkəmə qərarları › İş №2(104)-2277/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2277/2024

16.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2277/2024 16.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(062)-3095/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci ildə doğulmuş Aqil və Aqşin adlı uşaqlar barəsində doğum akt qeydində aparılmış ata qrafasında olan ata qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(062)-3095/2024 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “doğum akt qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, uşaqların atası Camal deyil. Mübahisə də atalıqla bağlıdır. Atalığla bağlı mübahisə olduqda mübahisəyə inzibati məhkəmə baxmır, ümumi məhkəmələr baxır. Doğum qeydində düzəliş edilməsi Ailə Məcəlləsi ilə tənzimlənir. Doğum qeydi inzibati akt deyil. Cavabdeh kimi Cavabdeh2 işə cəlb etmişdir. İnzibati orqanının qərar və hərəkətindən şikayət etməmişdir. Çünki, uşağın atası cavabdeh deyil, başqa şəxsdir. Məhkəmə iddia tələbini inzibati aktın mübahisələndirilməsi kimi qəbul edə bilməz. Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(062)-3095/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin geri qaytarılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı xx.xx.2020-ci ildə doğulmuş Aqil və Aqşin adlı uşaqların doğum akt qeydində ata qrafasında olan qeydin ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya işə məhkəmədə baxılması üçün qanuni əsaslar olubolmaması, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Mübahisələndirilən məhkəmə qərardadından görünür ki, məhkəmə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edən zaman məsələyə mülki məhkəmə icraatında baxılması üçün qanuni əsas olmamasını, mübahisənin inzibati məhkəməyə aid olmasını rəhbər tutaraq iddianın yolverilməzliyinə görə qəbulundan imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, doğum akt qeydinin ləğvi ilə bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın icraata qəbulundan imtina etmişdir. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(062)-3095/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar