Məhkəmə qərarları › İş №2(104)-2280/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2280/2023

06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2280/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)–889/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən barəsində yazılmış 1200 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ərazidə “Azəriqaz” İB-nin abonenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu həmişə vaxtı-vaxtında gecikdirmədən odəmişdir. Heç vaxt “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri ilə aralarında heç bir mübahisə və yaxud hər hansı narazılıq olmamışdır.Cavabdeh əməkdaşları yaşadığı ünvanda qaz sayğacına baxış keçirərək sayğacı onun xəbəri olmadan dəyişmişlər. “X1 15 mart 2023-cü il tarixdə tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli AKT-da göstərilir ki, guya ki sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış platasının borusu deşilmiş, sayğac istifadəyə yararsızdır. Bu səbəbdən “Azəriqaz” İB-nin əmakdaşları ona 1200 manat cərimə yazıblar. O barəsində itirlmiş qazın sərfiyyatı barədə yazılmış zərərlə bağlı cəriməni qanunsuz hesab edir və onun silinməsini tələb edir. Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)–889/2023 nömrəli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia təmin edilərək, cavabdeh «Azəriqaz» İB-nin tərəfindən ünvan 1 ünvanında yaşayan istehlakçı İddiaçı hesablanmış 1200 manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2023-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın sürətindən görünür ki, istehlakçı İddiaçı istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuşdur. Sayğacın çıxarılması səbəbi isə çıxış borusunun deşilməsi və sayğacın keçən qazın həcmini qeyd etməməsidir. Həmin akt İddiaçı tərəfindən imzalanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 mart 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın çıxış platasının deşildiyi müəyyən edilmişdir. Buna görə də abonentə 12960 kubmetr həcmində borc hesablanmışdır. Abonent saldosuna dair çıxarışdan görünür ki. 2023-cü ilin mart ayında istehlakçıya 12960 kubmetr həcmində borc hesablanmış və həmin borc məbləği 1555.2 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)–889/2023 nömrəli qətnaməsindən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)–889/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair heç bir sübüt təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-cü ilin mart ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübütlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sayğacdan kənar hər hansı hesabatın aparılmadığını nəzərə almamışdır. Materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023cü il tarixli MSK-14-2-2/3-5-1007-1 saylı aktına əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşici alətlə deşildiyi məlum olmuşdur. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 1555.20 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin fevral ayında hesablanmış borc məbləği sırf qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və mövcuq qaydalarının tələblərinə uyğun olaraq iddiaçı tərəfindən ödənilməlidir. Qeyd etdiklərindən göründüyü kimi iş materiallarında yer alan sübutla əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. İştirakçılıqla bağlı proseseual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq gələ bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)–889/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə qaz sayğacına konkret olaraq istehlakçı tərəfindən müdaxilə olunması müəyyən edilə bilməz. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verməklə yanaşı, qeyd olunan əsasla iddianı təmin etməsi əsassız olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın sürətindən görünür ki, istehlakçı İddiaçı istifadəsində olan **********6 nömrəli qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. **********6 nömrəli sayğacın çıxarılması səbəbi isə çıxış borusunun deşilməsi və sayğacın keçən qazın həcmini qeyd etməməsidir. Həmin akt İddiaçı tərəfindən imzalanmışdır. Bundan başqa iş materiallarında olan Metrologiya Departamentinin müayinə aktına əsasən istismardan çıxarılmış **********6 nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın nominal və minimal sərfiyyatda 100 faiz nisbi xəta ilə işləməsi, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməmədi və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İddiaçının qaz sərfiyyatına dair cədvəldən isə görünür ki, 2022-ci ilin iyul ayından etibarən iddiaçı tərəfindən yalnız 5 manat karta pul yüklənmiş, sonuncu ödəniş 2022-ci ilin oktyabr ayında olmaqla, həmin tarixdən qaz sayğacı çıxarılan tarixədək isə karta iddiaçı tərəfindən pul yüklənməmişdir. Halbuki, 2021-ci ilin anoloji dövrü üzrə, yəni 2021-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək iddiaçı tərəfindən karta 60 manat pul yüklənmişdir. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıya məxsus qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi sübut olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qaz sayğacına konkret olaraq iddiaçı və ya başqa şəxs tərəfindən müdaxilə olunması qeyri-müəyyən olmuşdur. Bununla yanaşı qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilb-edilməməsindən asılı olmayaraq, 25 iyun 2023-cü il tarixədək və hal-hazırda qüvvədə olan “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələbinə əsasən qaz sayğacının keçən qazı qeydə almadığı müddət üzrə itirilmiş qazın həcminin və dəyərinin müəyyən edilməsi əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il, 218 nömrəli qərarı ilə isə “Qazdan istifadə Qaydaları”na 6.5-1-6.5-4-cü bəndlər əlavə edilmişdir ki, həmin bəndlərə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı meyarlar müəyyən edimişdir. Hazırkı iş üzrə isə iddiaçının qaz sayğacına müdaxilə edilməsi və bunun aşkarlanması faktı 25 iyun 2023-cü il tarixdən əvvəl baş vermişdir. Buna görə də cavabdeh təşkilat “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələbinə uyğun olaraq, itirilmiş qazın həcmini və dəyərinin müəyyən etməli olduğu halda, itirilmiş qazın həcmini və dəyərini istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətlərini nəzərə almaqla 90 günlük müddət üçün 12960 kubmetr həcmində, 1555,2 manat dəyərində müəyyən etmişdir. İddiaçı tərəfindən hesablanmış 1555,2 manat məbləğin yalnız 1200 manatı mübahisələndirilmişdir ki, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələbinə uyğun olaraq hesablanmalı olan qazın dəyəri mübahisələndirilməyən 355,2 manat məbləğindən çox olması mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, əsassız olaraq hesablanmış 1200 manat borc məbləği silinməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)–889/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi qeyd olunan əsasa görə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)–889/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)–889/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İB-nin tərəfindən ünvan 2 ünvanında yaşayan, **********00000 saylı abonent kodu üzrə istehlakçı İddiaçı hesablanmış 1200 (min iki yüz) manat borc məbləği silinsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar