Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2289/2023 07.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: Cərimə məbləğinin silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4503/2023 saylı mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 07 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 15 fevral 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanda yaşayan abonent İddiaçı yaşadığı ünvana quraşdırılmış SOCAR G-4 markalı, 10568604 nömrəli sayğac yeni sayğacla-Zenner G-4 markalı, **********2 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə sayğacın sərfiyyatı hesablamaması olmuşdur.
2. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 26 sentyabr 2022-ci il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış 10586804 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacdan qaz keçsə də, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, plastmas qapağın yan tərəfində iz olduğu, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilərək sayğacın hesablama mexanizminə heç bir kənar təsir izlərinin və təsirin olmadığı, sayğacın istismara yararsız olduğu müəyyən edilmiş və dəymiş ziyanın 4320 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır.
3. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
4. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanda abonent İddiaçı yaşadığı ünvana quraşdırılmış Zenner G-4 markalı, **********2 nömrəli sayğac yeni sayğacla – Zenner G-4 markalı, **********276 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə növbədənkənar dövlət yoxlaması (digər qeydlər-dövlətin borcu olduğu üçün əvəzlədi) olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi, həmin akt əsasında hesablanmış 518,40 manat pulun silinməsi və əsassız olaraq ödədiyi 190 manat pulun iddiaçının özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı barəsində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 518,40 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun iştirakı olmadan ünvan 1 binanın şimal tərəfində təzə tikilmiş fərdi yaşayış evinin küçə tərəfində quraşdırılmış sayğaca xx.xx.2022-ci ildə baxış keçirilib, SOCAR G-4 markalı, 10568604 nömrəli sayğac Zenner G-4 markalı, **********2 nömrəli mexaniki sayğacla əvəz olunmuş, bu barədə akt tərtib olunmuş və həmin sayğac işlək vəziyyətdə olmaqla, heç bir qüsur aşkar olunmamışdır. Lakin sonradan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı aktdan görünür ki, SOCAR G-4 markalı, 10568604 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Buna görə də dəymiş 518,40 manat ziyanın onun tərəfindən ödənilməsi qərara alınmışdır. Belə ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay hesablamalı, növbəti ayın 10dək istehlakçıya məlumat təqdim etməli olduğu halda, qaz paylayıcı (nəzarətçi-çilingər) tərəfindən ona heç bir məlumat göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən xx.xx.2023-cü il tarixli abonent saldosundan təsdiqləndiyi kimi onun tərəfindən 190 manat qaza pul ödətdirilmişdir. 10 ay 15 gündən sonra 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt əsasında quraşdırılan Zenner G-4 markalı, **********276 nömrəli sayğacdan göründüyü kimi mexaniki sayğaclar zavod istehsalı olsa da, quraşdırılan hər iki mexaniki sayğaclarda təzyiq aşağı göstərilməklə özü qüsurlu olmuşdur. Onun və ya ailə üzvlərinin heç birinin həmin sayğaclara kənardan müdaxiləsi olmamışdır
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4503/2023 saylı mülki iş üzrə 26 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakim: F.Fərhadov) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00017 olan) üzrə təbii qazın itkisinə görə abonent İddiaçı Cavabdeh tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat pul məbləğinin silinməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4503/2023 saylı mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK xx.xx.2023-cü il tarixli 14-2-2/3-3357-1 saylı akta əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan plombun kənar təsir nəticəsində əzildiyi məlum olmuşdur. Buna görə də İddiaçı 1555.20 manat borc hesablanmışdır. Məhkəmə isə iş üzrə sübutlara əsaslanmayan və nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi.
13. İş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:
14. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:
15. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
16. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
17. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
29. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadəyə görə borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında ortaya çıxmış problemin (saygaca müdaxilənin) məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
30. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
32. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 518.40 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4503/2023 saylı mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.