Məhkəmə qərarları › İş №2(104)-2316/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2316/2024

02.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2316/2024 02.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X2 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka və miras əmlaka payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(066)-16/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X8 və X6 birgə nikahından üç uşağı, hazırki iş üzrə tərəflər Rövşən, Elgün və Münəvvər doğulmuşdur. Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli qərarı ilə X8, X9 və hazırki iş üzrə tərəflərin ümumi birgə mülkiyyətinə Xanlar rayonu, Qızılca kəndində 0,88 hektar torpaq sahəsi verilmişdir. X8 18 sentyabr 2021-ci il tarixdə, X9 isə 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-225 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 0,88 ha torpaq sahəsinə, həmçinin valideynlərindən miras qalmış torpaq sahəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir(iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıya və digər ailə üzvlərinə Göygöl rayonu, Qızılca kəndində 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib və həmin torpaq sahəsinə JN-225 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilib. Hazırda qeyd olunan torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğu üçün iddiaçı öz hüquqlarını həyata keçirə bilmir. Qeyd olunan torpaq sahəsindən onun payı müəyyən edilməlidir. Həmçinin iddiaçının mərhum atası X3 və X4 da torpaq sahəsi miras qalıb. Onlara aid hissədən də iddiaçının payı müəyyən edilməlidir. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(066)-16/2024 nömrəli iş üzrə qəbul etdiyi 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbinin təmin edilməsi, JN-225 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə, iddiaçının mərhum atası X5 və mərhum anası X6 hər birinə düşən payın 1/5 hissəsinə vərəsə kimi İddiaçı payının müəyyən edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 213.1, 213.2, 213.3, 1133.2, 1159.1, 1243.1, 1243.2, 1246, 1255, 1274, 1321, 1325-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və mərhum valideynlərinin hər birinə düşən payın vərəsələr arasında bərabər payların müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının və cavabdehlərin payları bərabər şəkildə müəyyən edilməklə, ataları X5 və anaları X6 hər birinə düşən payın 1/5 hissəsinə vərəsələr kimi paylar bərabər müəyyən edilməli idi. Göygöl Rayon Məhkəməsi vərəsələrə düşən payı faktiki bərabər müəyyən etməmiş, bununla da cavabdehlərin vərəsəlik üzrə mülkiyyət hüququ pozulmuş və nəticədə cavabdehlərin hər birinin payı 1/5 hissədə, lakin iddiaçının payı 3/5 hissədə müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı və Cavabdeh2 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi miras əmlaka payın müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən, məhkəmə aktının əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən halları kimi müəyyən edilmişdir ki, X8 və X6 birgə nikahından üç uşağı, hazırki iş üzrə tərəflər doğulmuşdur. Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli qərarı ilə X8, X9 və hazırki iş üzrə tərəflərin ümumi birgə mülkiyyətinə Xanlar rayonu, Qızılca kəndində 0,88 hektar torpaq sahəsi verilmişdir. X8 18 sentyabr 2021-ci il tarixdə, X9 isə 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçının tələbi 2 hissədən ibarətdir:

1. Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən hissənin müəyyən edilməsi.

2. Həmin torpaq sahəsində iddiaçının mərhum valideylərindən miras qalmış hissəyə iddiaçının vərəsə kimi payının müəyyən edilməsi. İddia tələbinin birinci hissəsinə münasibətdə Məhkəmə bildirir ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunanları əsas gətirərək Məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyətçilərin başqa razılaşması olmadığından həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin payı bərabər hesab edilməlidir. Bu da onu deməyə əsas verir ki, həmin torpaq sahəsində iddiaçının özünə düşən pay 1/5 hissə, mərhum atası Azad Qədirovdan miras qalmış hissə 1/5 hissə, mərhum anası Şəfiqə Abbasovdan miras qalmış hissə 1/5 hissə müəyyən olunmaqla, hər iki valideyndən miras qalmış əmlak torpaq sahəsinin 2/5 hissəsini təşkil etməlidir. İddia tələbinin 2-ci hissəsinə, eyni zamanda apellyasiya baxışının predmetinə münasibətdə Məhkəmə bildirir ki, işin mübhisəsiz halı kimi müəyyən edilir ki, miras qoyan Azad Qədirov və Şəfiqə Abbasobanın birinci növbə vərəsələri onların övladları olan hazırki iş üzrə tərəflərdir. Birinci instansiya məhkəməsi miras əmlaka yalnız iddiaçının payının müəyyən etməklə səhv nəticəyə gəlmişdir və Məhkəmə bununla razılaşmır. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflərin heç biri valideynlərindən qalmış mirasdan imtina etməmişlər. Odur ki, iddiaçını miras qalmış əmlakın yeganə varisi qəbul edərək yalnız iddiaçının payını müəyyən etməklə Rayon Məhkəməsi yanlış nəticəyə gəlmişdir. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışnın predmeti olan hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, 18 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X8 və 22 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X7 miras qalmış Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsinə miras qoyanların qanun üzrə birinci növbə vərəsələri olan uşaqlarının, yəni hazırki iş tərəflərin bərabər hissədə(hər birinə 1/3 hissə) payı müəyyən edilməlidir. Buna baxmayaraq, Rayon Məhkəməsi iddia tələbini tam təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Göygöl Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 fevral 2024cü il tarixli qətnamə qismən, “JN-225 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının mərhum atası X5 və mərhum anası X6 hər birinə düşən payın 1/5 hissəsinə vərəsə kimi İddiaçı payının müəyyən edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. X1 və mərhum X4 miras qalmış Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsinin 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə Cavabdeh2nin payı müəyyən edilsin. Apellyasiya baxışının predmeti olan qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar