Məhkəmə qərarları › İş №2(104)-2318/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2318/2025

03.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2318/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh6 qarşı mülki iş üzrə Açar sözlər: daşınmaz əmlakdakı payın naturada ayrılması; reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh6 qarşı qarşı daşınmaz əmlakdakı payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2(076)-15/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2006-cı il tarixdə Şəmkir rayon 1 saylı Dövlət notariat ofisində 4Ə-220 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 nömrəli qərarı ilə JN-250 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında ona və ailə üzvülərinə məxsus olan Şəmkir rayonu Çənlibel kəndində yerləşən 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1 hektarının İddiaçı 9200 manata satmışdır; Notariat işinə əlavə edilmiş xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, X15 atası X4 adına JN-250 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1 hektarın satılmasına etiraz etməmişdir. Notariat işinə əlavə edilmiş xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, X16 atası X4 adına JN-250 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1 hektarın satılmasına etiraz etməmişdir. Notariat işinə əlavə edilmiş xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, X16 atası X4 adına JN-250 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1 hektarının satılmasına etiraz etməmişdir. Notariat işinə əlavə edilmiş xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, X12 atası X4 adına JN–250 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1 hektarın satılmasına etiraz etməmişdir.

2. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli **********80 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Çənlibel kəndində yerləşən 2,5021 ha torpaq sahəsi üzərində İddiaçı 1 ha, X4 0.2145 ha, Cavabdeh3 0.2145 ha, X9 0.2145 ha, X10 0.2145 ha, Cavabdeh5 0.2145 ha, Cavabdeh1 qızının 0.2145 ha, Cavabdeh6 Tahir qızının 0.2145 ha, X10 0.2145 ha mülkiyyət payı vardır.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-268/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı 4Ə-220 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və qanunsuz zəbt edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperitza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3971 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21- 3-40/2-1102/2025 nömrəli mütəxəssis rəyinə əsasən Şəmkir rayonu Çənlibel kəndi ərazisində yerləşən və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüququn dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında tərəflərin ümumi birgə mülkiyyətində olan 2.5021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal tərəfindən iddiaçı X8 məxsus payının naturada ayrılması mümkündür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan və Şəmkir rayonu Çənlibel kəndində yerləşən 1.0 ha torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Şəmkir rayonu Çənlibel kəndində yerləşən 2.5021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1 ha torpaq sahəsi üzrə payının müəyyənləşdirilməklə, naturada bölünərək ara sərhədinin müəyyən edilməsi və iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Qasımalılar kəndində yaşayır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 nömrəli qərarına əsasən cavabdehlərə və mərhum X5 Şəmkir rayonu Çənlibel kəndi ərazisində 4.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 05 aprel 2006cı il tarixdə həmin torpaq sahəsinin 1 ha hissəsini mülkiyyətçilərinin razılığı ilə mərhum X3 alqı-satqı müqaviləsi əsasında satın almışdır. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ona və cavabdehlərin mülkiyyətinə Şəmkir rayonu Çənlibel kəndi ərazisində 2.5021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, cavabdehlər hazırda ona məxsus torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. Artıq 3 ildir ki, ona məxsus torpaq sahəsindən istifadə edə bilmir, bununla da əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə olmamışdır. O, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoymaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Şəmkir Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2(076)-15/2025 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilərək, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı, X4, Cavabdeh3, X9, X10, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh6 Tahir qızının paylı mülkiyyətində olan Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 2.5021 ha torpaq sahəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxeminə uyğun olaraq İddiaçı payının 1 ha torpaq sahəsinin şimal tərəfindən naturada ayrılaraq ona verilməsi; Cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat tutularaq İddiaçı ödənilməsi; Cavabdehlərdən müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 215.1, 220 və 238.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o və ailə üzvlərinin razılığı ilə Şəmkir rayonu Çənlibel kəndindəki torpaq sahəsi xx.xx.2003-cü il tarixdə X2 və bununla bağlı xx.xx.2003-cü il tarixdə razılıqnamə də yazmışlar. Məhkəmə həmin razılıqnaməni nəzərə almamışdır. İddiaçı təqdim etdiyi alqı-satqı müqaviləsi saxta sənəddir. Həmçinin həmin 05 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsinin saxta olması ilə əlaqədar olaraq, həmçinin imzaların həqiqiliyinin yoxlanılması üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə tərəfindən vəsatət verilməsinə baxmayaraq nəyinki məhkəmə tərəfindən vəsatəti təmin edilməməsi barədə qərardad qəbul edilməmiş, hətta bu məsələyə dair hakim tərəfindən hər hansı münasibət bildirilməsi qətnamədə öz əksini tapmamışdır. Bundan başqa, iddiaçı ilə onun atası X7 arasında olan 05 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin arxivində aşkar edilməmişdir. Bu səbəbdən də İddiaçı təqdim etdiyi həmin alqısatqı müqaviləsinin saxta olması bir daha öz təsdiqini tapır. Çünki Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin arxivindən əldə etdiyi sənədlərdə anası Cavabdeh3 adından guya ərizə verilmişdir ki, atası X5 məxsus torpağın satılmasına etiraz etmir. Halbuki, anası Cavabdeh3 Şəmkir rayonunda notariusda belə bir ərizə ilə müraciət etməyib.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2003-cü ildə Bakı şəhərinə köçmüşlər və həmin zaman atası ona demişdir ki, torpağı əkib-becərə bilmir. Mərhum atası sağlığında torpaq sahəsini iddiaçıya vermişdir ki, o, torpağı əkib-becərsin. İddiaçı torpaq sahəsində əkin-biçin işləri görəndə buna etiraz edərək torpağın onlara məxsus olduğunu bildirmişdir. Atası 2019-cu ildə vəfat etmişdir, ancaq torpaq sahəsinə dair 2020-ci ildə verilmiş çıxarışda mərhum atasının imzası vardır. Bu hal da torpağa dair sənədlərin saxta olduğuna dəlalət edir. Birinci instansiya məhkəməsində icraat zamanı da vəsatət vermişdir ki, alqı-satqı müqaviləsindəki imzanın kimə məxsus olduğu araşdırılsın, lakin məhkəmə vəsatətini təmin etməmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2006-cı ildə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini satın almışdır. Həmçinin torpağa dair adına çıxarış da verilmişdir. Lakin, cavabdehlər hazırda ona imkan vermirlər ki, mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etsin. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

17. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

18. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

19. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

20. Maddə 223. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış əsasında Şəmkir rayonu Çənlibel kəndində yerləşən 2,5021 ha torpaq sahəsi İddiaçı 1 ha, X4 0.2145 ha, Cavabdeh3 0.2145 ha, X9 0.2145 ha, X10 0.2145 ha, Cavabdeh5 0.2145 ha, Cavabdeh1 qızının 0.2145 ha, Cavabdeh6 Tahir qızının 0.2145 ha, X10 0.2145 ha hissə paylı mülkiyyətindədir. Paylı mülkiyyətçi İddiaçı torpaq sahəsindəki payının naturada ayrılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

32. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

33. Hazırkı iddia üzrə tələb – daşınmaz əmlakdakı payın naturada ayrılması barədədir və tələbin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

34. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

35. İlk növbədə əmlaka tənasübsüz zərər vurmadan onun naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın bu qaydada naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqe).

36. Eyni zamanda nəzərə alınmalıdır ki, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda, payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ona görə də yaranmış vəziyyətdə daşınmaz əmlak olan torpaq sahəsinin ayrılıqda bölünmə predmeti ola bilməsi üçün ilkin olaraq araşdırılmalı olan hal belə bir bölgünün aparılmasının mümkünlüyüdür. Daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.

37. Birinci instansiya məhkəməsində icraat zamanı tikinti texniki ekspertizası təyin edilmiş və alınmış rəylə müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkündür (plan sxem rəyə əlavə edilmişdir).

38. Məhkəmə kollegiyası alınmış rəyin mötəbərliyini və əsaslılığını qəbul edir. Çünki ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, torpaq sahəsinin naturada hansı qaydada ayrılması açıq-aydın göstərilmiş, bu barədə plan sxem rəyə əlavə edilmişdir.

39. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və ekspertin rəyini əsas götürən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya məxsus payın naturada ayrılmasının mümkün olduğu qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir.

40. Əmlaka dair iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın qanunsuz olması barədə apellyatorun arqumentləri də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, hazırkı iddiadan əvvəl torpağın paylı mülkiyyətçisi olan Cavabdeh1, eləcə də digər paylı mülkiyyətçilər mübahisəli əmlaka dair iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin iddiaları təmin edilməmişdir (yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir). Beləliklə, əmlaka dair iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həqiqilik və tamlıq prezumpsiyasını saxlayır. Bu halda, iddiaçının həmin torpaq üzərindəki mülkiyyət payının naturada ayrılması barədə tələbi qanuni əsaslara söykənir.

41. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

42. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı («Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 iyun 2022-ci il tarixli qərardad).

43. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2(076)-15/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar