Məhkəmə qərarları › İş №2(104)-2330/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2330/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2330/2024 27.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-947/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-947/2024 saylı qətnaməsi ilə (hakim M.Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiаçı İddiaçı apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(066)-947/2024 saylı qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh alınan borca görə 1855 (bir min səkkiz yüz əlli beş) manat və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat pulunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1999-cu il tarixdən 2023-cü ilədək olan müddət ərzində Göygöl rayonu Çaylı kəndində olan Abil Məhərrəmova məxsus fermada çoban briqadiri vəzifəsində işləmişdir. 2021-ci ilin oktyabr ayında qohumu Cavabdeh həmin fevrmada aylıq 400 (dörd yüz) manat pula çoban vəzifəsində işləmişdir. Cavabdeh 28 yanvar 2022-ci il tarixdə ondan 800 (səkkiz yüz) manat borc pul istəmişdir. Ona bildirmişdir ki, əmək haqqını növbəti ayda verər. Cavabdeh 30 yanvar 2022-ci il tarixdə fermadan çıxıb getmiş və gedərkən özü ilə 4 baş quzulu qoyun, 2 baş quzunu və 1 kisə arpa yarmasını özü ilə aparmışdır. Heyvanların dəyəri 1400 (min dörd yüz) manat, 1 kisə arpa yarmasının dəyəri 25 (iyirmi beş) manat təşkil edir. Həmçinin Cavabdeh ona 430 (dörd yüz otuz) manat borcu vardır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiаçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əməl etməməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə iş üzrə şahidlərin dairəsini müəyyən etmək üçün heç bir tədbir görməmiş və işin hallarını araşdırmayaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iclasına gətirdiyi şahidlərin ifadələrinin alınmasına ehtiyac olmadığını bildirmiş və onlar da məhkəmə binasından çıxıb getmişlər. Bundan başqa təhqiqatçıya izahat verən Cavabdeh 430 manat məbləğində pulun iddiaçıya borclu olduğunu etiraf etmiş və buna baxmayaraq məhkəmə onun etirafını belə nəzərə almamış və cavabdehin məhkəmədə iştirak etməsində maraqlı olmamışdır və tələm-tələsik əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipini təmin etməmiş və öz qulluq mövqeyinə görə özünün irəli sürdüyü hüquqiq dəlillərə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş olsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq izah etdi ki, cavabdeh pula ehtiyacının olduğunu bildirərək dörd aylıq əmək haqqının bir dəfəyə ödənilməsini xahiş etdiyinə görə o, cavabdehə dörd ay üçün nəzərdə tutulmuş əmək haqqını bir dəfəyə ödəmiş olsa da, cavabdeh razılaşdıqları, daha doğrusu əmək haqqısı ödənilmiş dövrü tam şəkildə işləmədən işdən çıxmış, beləliklə də ona borclu qalmışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməsinə dair iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işə əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərarından məlum olur ki, Cavabdeh İddiaçı məxsus əmlakı talaması halı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə iclasında aydın oldu ki, İddiaçı Cavabdeh qarşı 1855 (bir min səkkiz yüz əlli beş) manat pul tələbinə dair iddia ərizəsi ilə müraciət edib, Cavabdeh ona məxsus olan 1400 (min dörd yüz) manat dəyərində 4 baş quzulu qoyun, 2 baş quzunu, 25 (iyirmi beş) manat dəyərində 1 kisə arpa yarmasını aparmasını, ona 430 (dörd yüz otuz) manat borcu olmasını bildirmiş olsa da həmin halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün iddiaçının bu kimi tələblə müraciət etməsi üçün subyektiv hüquqa dair müddəalara istinad etmiş olsa da, lakin iddiaçının bu kimi tələblə müraciət etməsi üçün nəyə görə subyektiv hüququnun olmamasını açıqlamamışdır. Birinci instansiya məhkəməısinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İşdən görünür ki, iddiaçı cavabdehin hərəkəti ilə bağlı DİN-in 102 xidmətinə müraciət etdiyini, müraciətinin Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırıldığını göstərmişdir. Lakin həmin xüsusat birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da düzgün nəticəyə gəlinməmişdir. Belə ki, Göygöl rayon X2 Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardakı izahatlarda aşağıdakılar qeyd edilmişdir: -xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayonu, Çaylı kəndində yerləşən fermada İddiaçı məxsus xırda buynuzlu heyvana aylıq 400 (dörd yüz) manat pul qarşılığında çobanlıq etmişdir. xx.xx.2024-cü il tarixdə ona təcili pul lazım olduğu üçün o, İddiaçı borc üçün 800 manat pul verməsini istəmişdir. Lakin İddiaçı ona borca pul verməkdən imtina etmiş, o da bu səbəbdən fermadan işdən çıxaraq getmişdir. İddiaçı isə işdən ayrıldıqdan sonra aldığı pulun qarşılığında işini başa çatdırmadığını deyərək 430 manat borcunun olduğunu bildirmişdir. O, Kamandara etiraz etməyərək maddi vəziyyətinin yaxşı olmadığını və qısa müddətə borcunu qaytaracağını desə də, bu günədək maddi vəzıyyətinin yaxşı olmaması səbəbi ilə borcunu ödəyə bilməmişdir. Ona görə də İddiaçı onun barəsində Göygöl RPŞ-nə böhtan xarakterli şikayət edərək onun güya onun heyvanlarından 10 başını oğurlaması ilə bağlı şikayət etmişdir. Lakin o, bu günədək heç yerdən oğurluq etməmiş, sadəcə olaraq borcunu ödəmədiyi üçün İddiaçı onun barəsində böhtan xarakterli şikayət etmişdir. Ona çobanlıq etməyi üçün ümumilikdə 200 baş xırda buynuzlu heyvan həvalə edilmişdir. O, orada işləyən ərəfədə nə xırda buynuzlu heyvan itməmiş, nədə ki, oğurlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi fiziki və hüquqi şəxslər müqavilələr bağlamaqda sərbəst olsalar da, lakin müəyyən kateqoriya əqdlərin bağlanması üçün qanunvericilik yazılı formanı, həm də notariat qaydada təsdiq olunmanı mühüm şərt kimi müəyyən etmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehə ehtiyacı olduğuna görə işləmədiyi dövr üçün əmək haqqı əvvəlcədən ödənilmiş, lakin sonuncu razılaşdıqları müddəti tam işləmədən vaxtından əvvəl işdən çıxmış, işləmədiyi dövr üçün əmək haqqı kimi aldığı pulun qalan hissəsini təşkil edən 430 (dörd yüz otuz) manat pulu qaytarmadan işdən çıxıb getmiş, polis orqanında aparılmış araşdırma zamanı həmin xüsusatı etiraf etmiş, beləliklə də əsassız varlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın qalan hissə ilə bağlı iddiaçı hər hansı sübut təqdim edə bilmədiyindən iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdeh borc qismində 430 manat pulu iddiaçıya qaytarmadığından, həmin borc cavabdehdən tutulmalı, beləliklə də apellyasiya şikayəti qismən təmin edilərək qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-ni 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-947/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 430 (dörd yüz otuz) manat və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar