Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2386/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-262/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əmirvar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi və Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfinən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, İddiaçı sahibliyində olan inəyə “qan parazitar” xəstəliyi diaqnozu qoyularaq müalicə tədbirləri aparılmış, lakin inək xx.xx.2023-cü il tarixdə ölmüşdür.
2. “X4” MMC-nin xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, İddiaçı satılmış 1 baş inəyin dəyəri 1100 manat dəyərində qiymətləndirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yanı balalı inək üçün ödədiyi 1410 manat, inəyin dava-dərmanı üçün çəkdiyi 100 manat xərc və ödədiyi 81 manat dövlət rüsumu olmaqla, cəmi 1591 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o kənd yerində yaşamaqla maldarlıqla məşğuldur. Kənd yerində yeganə dolanacaq mənbəyi heyvandarlıq olduğu üçün Access Bank QSC-dən 10500 manat kredit alıb maldarlıq təsərüffatını genişləndirmək istəmişdir. Gəncə şəhərində heyvan bazarı adlanan yerdən xx.xx.2023-cü il tarixdə dostu X2 ilə birlikdə cavabdehdən bir baş yanı balalı inək almışdır. İnəyin dəyəri olaraq cavabdehə 1410 manat pul ödəmişdir. Cavabdehdən şəxsiyyət vəsiqəsini tələb edərək alış aktı tərtib etmək istədikdə şəxsiyyət vəsiqəsinin yanında olmadığını, adının Əli olduğunu, Laçın rayonundan məcburi köçkün düşdüyünü və hazırda Goranboy rayonu Nizami kəndində məskunlaşdığını bildirərək onu aldatmağa nail olmuşdur. O hətta satdığı inəyin hər gün 7 litir süd verdiyini də bildirərək dələduzluq etmişdir. Cavabdeh onu inandırmışdır ki, inəkdə hər hansı bir problem olarsa cavabdehdir. İnəyı həyətlərinə gəldiyi gündən halsızlığını müşahidə etmişdir. Sağdıqda isə inəyin cəmi gün ərzində 1 (bir) litr süd verməsi müəyyən edildi. O,cavabdehə zəng etsə də cavabdeh onun telfonlarına cavab verməmişdir. Belə olan halda o, xx.xx.2023-cü il tarixdə baytara müraciət etmişdir. Baytar inəyi müayinə etdikdən sonra bildirdi ki, inək xəstə inəkdir. Baytar vasitsəi ilə də əlavə 100 manatlıq iynə dərman olunsa da inək sağalmadı. İnək xx.xx.2023-cü il tarixdə ölmüşdür. O, növbəti dəfə mal bazarına gedib cavabdehi tapmışdır. Cavabdehin şəklini çəkib polis şöbəsinə müraciət etmişdir. Polis araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin adı Əli deyil Rasimdir. Goranboy rayon Nizami kəndində deyil, Bərdə rayon Körpüqıran kəndində yaşayır. Bu fakt onu sübut edir ki, həmin şəxs bilə-bilə ona xəstə inək satmış və ona qarşı dələduzluq etmişdir.Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-262/2024 nömrəli qətnaməsi (hakim Fərman Abdullayev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 568.1, 568.2, 581.1, 581.2, 581.4, 608, 609.2, 609.2.2, 609.3 və 609.3.2-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 213, 214, 216-220, 227 və 233.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-262/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddia tələbi təmin edilməyəcəyi təqdirdə iş üzrə mütəxəssis cəlb etmək nəyə lazım idi. O mütəxəssisin cəlb edilməsinə etiraz etmir, anacaq bu yersiz və lüzumsuz olaraq məhkəmənin süni şəkildə uzadılmasına xidmət edir. Bu da ciddi prosessual pozuntudur. Digər bir məsələ ondan ibarətdir ki, məhkəmə sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, ona satılan inək bir həftə çəkməmişdir ki, ölmüşdür. Deməli satıcı vicdansız satıcı olubdur ki, xəstə inəyi ona satıbdır. Əgər o inəyin xəstə olduğunu bilmirdisə mənə nəyə görə adını Əli demişdir. Digər bir məsələ cavabdeh məhkəmə gedişi dövründə ona 500 manata pul təklif etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 28. İ hissə. Hər kəsin azadlıq hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
18. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Maddə 609.1. Heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır.
20. Maddə 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
37. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-262/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh 01 ədəd yanı balalı inək almışdır. Lakin, cavabdeh tərəfindən inək xəstə olduğu üçün iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı ona dəymiş maddi ziyanın döənilməsini istəyir.
42. İş materiallarından göründüyü kimi, apellyasiya şikayətləri üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır
45. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
46. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
47. İşin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh 18 iyun 2023-cü il tarixdə yanı balalı 1 baş inək satmışdır. Tərtib olunmuş akta əsasən inəyə “qan parazitar” xəstəliyi diaqnozu qoyulmuşdur və inək 26 iyun 2023-cü il tarixdə xəstəlikdən ölmüşdür.
48. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 609.1-ci madəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır.
49. Mülki Məcəllənin 609.2-ci maddəsinə əsasən, faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.3-cü maddəsinə əsasən yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə;
50. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.
51. Belə ki, mübahisə predmeti olan 1 baş inək gənə xəstəliyindən ölmüşdür. Mülki Məcəlləsinin 609-cu maddəsi isə həmin xəstəliyə görə satıcının məsuliyyətini müəyyən edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbini təmin etməmişdir.
52. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
55. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-262/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.