Məhkəmə qərarları › İş №2(104)-2400/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2400/2023

21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2400/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3962/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı darvazanın köçürülməsinə zəbt olunmuş ümumi istifadədə olan yolun açılması və qanunsuz tikintinin dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun evinin-cizgi plan üzrə “B” tikilisinin Təbriz küçəsi (cənub) tərəfindəki küncünə yanaşı quraşdırdığı darvazanın “B” tikilisinin yarımçıq tikili (şimal) tərəfə 6-8 metr məsafəyə köçürülməsi, onlara məxsus evin (“B”) tikilisinin yarımçıq tikili (şimal) istiqamətində arxa tərəfində başladığı tikinti işlərinin qadağan olunması və “B” tikilisinin yarımçıq tikili (şimal) tərəfində evdən 4 (dörd) metrlik evə girişçıxış yolunun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3962/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Mustafa Mustafayev) iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3962/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ümumi istifadə üçün yolun (dalanın) açılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan göründüyü kimi onun ailəsi ilə (övladları ilə) yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdir, o və iki qızı da payçılar sırasındadırlar. Ev mərhum ərinin doğulub boya-başa çatdığı evdir. Ev 74.8 kv m-dən və 0.06 ha həyətyanı sahədən ibarətdir. Evə dair xx.xx.2016-cı il tarixli 36489 invertar nömrəli Tekniki Pasportdan göründüyü kimi 74.8 kv.m yaşayış sahəsi iki evdən ibarətdir. Evin 45.8 kv.m hissəsi “A” yaşayış binasından, 29 kv m hissəsi isə “B” yaşayış binasından ibarətdir. Göy rəngli markerlə cizgilənən sahə də həmin 0.06 ha həyətyanı torpaq sahəsidir. “A” yaşayış evi qaynatasına məxsus olmuşdur. “B” yaşayış evi də onların evidir. Səksəninci illərdə əri tikdirib. Əri vəfat etsə də, onlar ailələri ilə yaşayırlar. Həyətyanı sahədə yerləşən yarımçıq tikili də, ərinin əmisi X17 (çıxarışda hüquq sahiblərinin sırasında 7- cidir) məxsusdur. Qaynanası öləndən sonra X24 başqa bir qadınla yaşamış, sonra ayrılmışlar. Həmin qadın qızı Cavabdeh ilə “C” tikilisində, qaynatası da daha başqa bir qadınla “A” tikilisində yaşamışlar. Sonralar həmin qadın, bir il öncə də, qaynatası dünyalarını dəyişmişlər. Cizgi plandan da, çıxarışdan da göründüyü kimi həyətyanı sahə paylı mülkiyyətdir. Əvvəllər ümumi həyətyanı sahənin Təbriz küçəsinə çıxan son xəttində ümumi bir darvazası var idi. Hələ qaynatası sağ olanda hamının razılığı ilə Təbriz küçəsinə açılan darvazanı götürmək, yaşıl markerlə cizgilənən sahənin ümumi yol (dalan) olması, hər kəsin də həmin yola açılan darvaza qoyması barədə razılaşmışlar. Sarı markerlə cizgilənən cizgilərdə qayınları öz ailələri ilə, narıncı cizgilənən sahənin birində paycı Vüsalə Məmmədova öz ailəsi ilə, digərində Cəmilə Talıbova yaşayırlar. Narıncı rəngli markerlə cizgilənən sahədə də o, oğlunun ailəsi ilə yaşayırlar. Qaynatası ilə razılığa görə də, evinin şimal tərəfində də onların (oğlunun) darvazası qoyulmalı idi. Qalan sahələr də X24la onun qardaşı Əli Talıbovun vərəsələri arasında bölünməli idi. X24 dünyasını dəyişəndən sonra qızı Cavabdeh özbaşına olaraq həm “A” tikilisinə, həm də Vəli Talıbova və Əli Talıbova məxsus bütün tikili və torpaq sahəsinə təkbaşına yiyələnmiş, onlara məxsus evin Təbriz küçəsi tərəfdən (cənub tərəfdən) olan küncündən darvaza qoyaraq, həm yolu (dalanı) zəpt etmiş, həm onların evin yolunu bağlamış, həm də onların evini mühasirəyə almışdır. Cavabdeh öz darvazasını onların evinin tininə qoymaqla, onların evini mühasirəyə salıb, 11 nəfər mülkiyyətçilərin giriş-çıxışını məhdudlaşdırmış və başqalarının mülkiyyətində olan torpaqları zəbt etməklə, onların mülkiyyətini məhdudlaşdırmışdır. Cavabdeh ümumi mülkiyyətdə olan torpaq sahəsini hasarlamaqla, onların mülkiyyət hüquqlarını pozmuşdur. Hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası MM-nin 215.4, 215.5 və 222.1-ci maddələri tətbiq olunmalıdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, cavabdeh tərəfindən qoyulmuş darvaza onun evinin arxa hissəsinə keçməsinə, evin arxa hissəsində lazım olduğu halda, təmir olunmasına maneçilik yaradır. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3962/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı onun qardaşının arvadı olmuşdur. Həyətdə 3 ev vardır. Onun girişi ayrıdır. İddiaçı ilə aralarında sərhəd olmuş, 2000-ci ildən aralarında bölgü olmuş, həmin vaxtdan bu vəziyyətdə yaşayırlar. iddiaçının və qızlarının fərdi yaşayış evi üzərində payı yalnız 2/108 hissədə, tik. ”B”-də 29 kv/m fərdi yaşayış evinin 1/3 hissəsidir. İddiaçının qızı X14 orada yaşamır, ailə qurmuş və ər evində yaşayır. X1 isə həmin 29kv/m fərdi yaşayış evində anası ilə birgə bir otaqda, qardaşı X18 isə ailəsi ilə digər otaqda yaşayırlar. İddiaçının oğlu X18 istifadələrində olan bələdiyyəyə məxsus torpaq sahəsinin müəyyən bir hissəsini satmış, həmin ərazidədə qanunsuz tikililər aparılmışdır. Bundan əlavə iddiaçı özu qapısına 274 nömrəsini qeyd etmişdir ki, burdan da, özu öz iddiasının səhv olduğunu sübuta yetirir. Onun darvazası ayrı olduğu halda, onun sahəsindən özunə giriş çıxış üçün yol istəyir. İddiaçının oğlu bələdiyyə mülkiyyəti olub ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsini satdıqdan sonra, həmin alıcının evinə rahat gəliş-gedişinin təmin edilməsi üçün, iddiaçının da razılığı ilə darvazanı təxminən 3 il bundan əvvəl arxaya, yəni iddiaçının evinin sonuna dəyişdirmişdir ki, həyətə ev heyvanlarını və başqalarının girişini məhdudlaşdırsın. Həm də, həmin darvaza qouyulandan sonra, iddiaçı heç vaxt bunu mübahisələndirməmişdir. Boş sahədə olan yarımçıq tikili əmisi arvadı Ruhiyyəyə aiddir. İddiaçının və yeni alıcının evinə və həyətinə ayrıcı darvazası vardır. İddiaçının evinin arxasına keçməsinə, lazım olduğu halda orada hər hansı iş aparmasına heç bir maneçiliyi yoxdur və bununla bağlı iddiçının girişi sərbəstdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3962/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3962/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3962/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ümumi istifadə üçün yolun (dalanın) açılmasını xahiş etmişdir. Yəni əslində, iddianın Cavabdeh onun evinin-cizgi plan üzrə “B” tikilisinin Təbriz küçəsi (cənub) tərəfindəki küncünə yanaşı quraşdırdığı darvazanın “B” tikilisinin yarımçıq tikili (şimal) tərəfə 6-8 metr məsafəyə köçürülməsi hissəsinin təmin edilməməsini mübahisələndirmişdir. Apellyasiya şikayətin dəlillərində qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: RX seriyalı №0877519 saylı Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 74.8 kv.m olmaqla, mülkiyyətdə olan torpaq sahəsi 0,06 kv.m-dir. Həmin evin 3/108 hisssədə X15, 6/108(Tik”A”, “C” tikililərin ½)hissədə X9, 6/108(Tik”A”, “C” tikililərin ½) hissədə X10, 18/108 hissədə X3, 18/108 hissədə X2, 18/108 hissədə X4, 18/108 hissədə X16, 2/108 hissədə (Tik.”B”-də 29.0 kv.m yaşayış sahəsinin 1/3) İddiaçı, 2/108 hissədə (Tik.”B”-də 29.0 kv.m yaşayış sahəsinin 1/3) X5, 2/108 hissədə (Tik.”B”-də 29.0 kv.m yaşayış sahəsinin 1/3)X6, 3/108 hissədə X11, 3/108 hissədə X12, 3/108 hissədə Talıbova Şəfayət həsən qızının, 3/108 hissədə X8, 3/108 hissədə X13 ümumi birgə mülkiyyətlərinə verilmişdir . Birinci instansiya məhkəməsi gəldiyi qənaətində göstərmişdir ki, məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əraziyə keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 ünvanında dalana daxil olduqda sonuncu düzünə qapı Cavabdeh, sol tərəfdəki qapı İddiaçı məxsusdur. İddiaçı məxsus həyətdə yaşayış evi, yaşayış evinin sol tərəfində isə yaşayış evinin yarımçıq tikilisi vardır.Cavabdeh ilə İddiaçı evlərinin arasında hasar çəkilmiş və evlər hasarla ayrılmışdır. Həmin hasar İddiaçı tərəfindən çəkilmişdir. Dalanda düz daxil olduqda Cavabdeh həyətidir. Həyətin sonunda sol tərəfdə yaşayış evi var. Həyətin ortasında hasar tikintisi üçün daşlar düzülmüşdür. Cavabdeh tərəfindən inşa edilən həmin hasarın onun özünün həyətində özünə aid hissədə inşa edildiyi və İddiaçı hər hansı bir maneə törətmədiyi müəyyən olunmuşdur. İddiaçı tərəf iddia tələbində qeyd etdiyi xüsusatları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, məhkəmə kollegiyası tərəfindən də mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 3 ünvanında dalana daxil olduqda, İddiaçı yaşadığı evə piyada və avtomobil üçün ayrıca giriş darvazası vardır. Mübahisəli darvaza isə Cavabdeh məxsus evin həyətinə və əmisi arvadının olduğu qeyd edilən yarımçıq tikiliyə tərəf açılan qapıdır ki, bu darvazanın iddiaçının həyətinə piyada və minik avtomobilinin daxil olmasına heç bir maneçiliyti yoxdur.Cavabdeh ilə İddiaçı evlərinin arasında hasar çəkilmiş və evlər hasarla ayrılmışdır. Həmin hasar İddiaçı tərəfindən çəkilmişdir. Dalanda düz daxil olduqda Cavabdeh həyətinin ortasında hasar tikintisi üçün daşlar düzülmüşdür. Cavabdeh tərəfindən inşa edilən həmin hasarın onun özünün həyətində özünə aid hissədə inşa edildiyi və İddiaçı hər hansı bir maneə törətmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı yaşadığı evə piyada və avtomobil üçün ayrıca giriş darvazası vardır və iddiaçının həyətinə piyada və minik avtomobilinin daxil olması üçün, heç bir maneçilik mövcud deyildir. Mübahisəli darvaza Cavabdeh məxsus evin həyətinə və əmisi arvadının olduğu qeyd edilən yarımçıq tikiliyə tərəf açılan qapıdır ki, bu darvazanın iddiaçının həyətinə piyada və minik avtomobilinin daxil olması ilə bağlılığı yoxdur. Həm də, həmin darvazadan sonra gələn torpaq sahəsi tərəflərin heç birinin mülkiyyətində deyildir və cavabdehin faktiki sahibliyindədir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbindən göründüyü kimi, (MM-nin 166.3-cü maddəsi) torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər ki, hazırkı iddia üzrə mübahisə edilən datvaza iddiaçının faktiki sahibliyində olan torpaq sahəsində yerləşmədiyindən, iddiaçının faktik sahiblikdən özbaşına məhrumedilməsi və ya onun sahibliyin pozulması halı da, müəyyən edilmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin darvaza 3 ildən artıqdır ki, qoyulmuş və hazırkı iddiaya qədər mübahisələndirilməmişdir. Halbu ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra, yəni bir il müddətində əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Göründüuyü kimi, iddiaçı Cavabdeh onun evinin-cizgi plan üzrə “B” tikilisinin Təbriz küçəsi (cənub) tərəfindəki küncünə yanaşı quraşdırdığı darvazanın “B” tikilisinin yarımçıq tikili (şimal) tərəfə 6-8 metr məsafəyə köçürülməsi tələbində haqlı olmamış və birinci instansiya məhkəməsi iddianı həmin hissədə düzgün olaraq təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində Cavabdeh öz darvazasını onların evinin tininə qoymaqla, özbaşına olaraq Vəli Talıbova və Əli Talıbova məxsus bütün tikili və torpaq sahəsinə təkbaşına yiyələnməsini, onlara məxsus evin Təbriz küçəsi tərəfdən (cənub tərəfdən) olan küncündən darvaza qoyaraq, həm yolu (dalanı) zəpt etməsini, həm onların evinin yolunu bağlamasını,11 nəfər mülkiyyətçilərin giriş-çıxışını məhdudlaşdırmasını, başqalarının mülkiyyətində olan torpaqları zəbt etməklə, onların mülkiyyətini məhdudlaşdırmasını göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla iddiaçının dalan yolu kimi qeyd etdiyi torpaq sahəsi üzərində heç bir mülkiyyət hüququ yoxdur və iddiaçıya aid hər hansı torpaq sahəsi zəbt edilməmişdir. Həm də, mübahisə edilən darvaza ilə iddiaçının evinin yolu bağlanılmamış və yuxarıda qeyd edildiyi kimi, iddiaçının evinə və həyətinə ayrıca minik mabtomobili və piyada yolu olmaqla, giriş-çıxış məhdudlaşdırılmamışdır. İddiaçının evinin arxa divarında hər hansı təmir və digər işin görülməsinə gəldikdə isə, cavabdeh tərəfindən heç bir maneçilik yoxdur və hətta belə maneçiliyin olduğu halda, həmin maneçiliyin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3962/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3962/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar