Məhkəmə qərarları › İş №2(104)-2411/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2411/2023

27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2411/2023 27.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (məruzəçi hakim), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh X3 və qeyrisinə qarşı «ümumi mülkiyyətdə olan mülkdən və torpaq sahəsindən payın real ayrılmasına və aranın kəsilməsi» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı1 cavabdeh X3 və qeyrisinə qarşı «ümumi mülkiyyətdə olan mülkdən və torpaq sahəsindən payın real ayrılmasına və aranın kəsilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Topalhəsənli kəndində 0,20 sot (faktiki 0,34 ha) torpaq sahəsində yerləşən mülkün “A” literli yaşayış binasının, həmin binaya aid hamamın (liter “C”) və tövlənin (liter “V”), eləcə də 0,15 ha torpaq sahəsinin ümumi mülkiyyətindən ayrılmasına və aranın hasarla kəsilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadına əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, həmin qərardaddan iddiaçı şikayət verərək Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərardadına əsasən Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət material ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(104)-1470/2023 saylı qərardadına əsasən şikayətin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)- 538/2021 saylı mülki iş üzrə 03 aprel 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 01 may 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin mülki iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinin digər mümkünlük məsələlərinə yenidən baxılması üçün mülki işin Göygöl RayonMəhkəməsinə qaytarılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərardadına əsasən İddiaçı1 cavabdeh X3 və qeyrisinə qarşı «ümumi mülkiyyətdə olan mülkdən və torpaq sahəsindən payın real ayrılmasına və aranın kəsilməsi» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti verilərkən iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini və ya dövlət rüsumunu ödəməkdən azad olan şəxs olmasını təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Apellyasiya şikayətinə Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin vəsiqəsinin surəti əlavə olunsa da, həmin sənəd müvafiq dövlət orqanı tərəfindən verilən sənəd olmamaqla, şəxsin iddia etdiyi kimi şəhid ailəsinin üzvü (anası) qismində dövlət rüsumunu ödəməkdən azad olan şəxs hesab edilməsinə əsas deyildir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1. maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

2. maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1.bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. 4.2. bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Göründüyü kimi şəhid ailələrinə vəsiqə müvafiq inzibati orqanlar tərəfindən verilmiş arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkünlüyü kifayət qədər araşdırılmadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq,

QƏRARAALDİ:

Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Göygöl Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar