Məhkəmə qərarları › İş №2(104)-2426/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2426/2023

03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2426/2023 03.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(125)-4598/2023 saylı qətnaməsindən cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «təbii qazdan istifadə qaydalarının pozulmasına görə» xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında yaranmış 1555,20 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən yaşadıqları ünvan 1, mənzil 61-də quraşdırılan qaz sayğacının nasazlığı ilə əlaqədar, bu nasazlığın səbəbinin günahkarı kimi onlara 1555,20 məbləğində cərimə yazılmışdır. Sözügedən 1555,20 manat pul guya onlar tərəfindən sərfıyyat edilmiş, lakin qaz sayğacı düzgün işləmədiyindən həmin həcmdə qaz sayğac tərəfindən qeydə alınmamışdır. Sözügedən pul məbləğinin yaranmasına əsas səbəb kimi qaz paylayıcı təşkilat bildirmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində, zavod plastmas plombların üzərində əzik-cızıq izləri var, sayğacın gövdəsi kənar təsirə görə istismara yararsızdır və nəticədə 1555,20 manatlıq qaz sərf edilsə də sayğac işləmədiyi üçün qeydə alınmamış və nəticədə hazırkı borc məbləği yaranmışdır. Aydın məsələdir ki, 1555,20 manat məbləğində qazın sərf edilməsi üçün xeyli müddət lazımdır. Əgər sayğaca müdaxilə edilmişdirsə və sayğac nasaz vəziyyətdə işləyirdisə nə üçün qaz paylayıcının əməkdaşları bunu vaxtında aşkar etməmişlər. Sayğac sökülərkən saz vəziyyətdə olmuş, kənar müdaxilə qaz paylayıcının özü tərəfindən həyata keçirilmişdir. Əslində cihazın onlar dəvət edilmədən laboratoriyada yoxlanılması da qanunsuzdur. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları’nın 3.1.3-cü bəndinin tələbləri baxımından qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirilməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı olan müqavilə tərəfidir. Məlum məsələdir ki, sayğacda olan nasazlıq istifadə müddətinin bitməsi və təmir-profilaktika işlərinin vaxtında yerinə yetirilməməsi, sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanılmaması ilə əlaqədar olmuşdur ki, bu da birbaşa olaraq qaz paylayıcının vəzifə borcu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları’nın 3.1.3-cü bəndinin tələbində göstərilmişdir. Qanununun tələbindən də göründüyü kimi onların məsuliyyəti o zaman yaranardı ki, onların həmin sayğaca kənar müdaxilə etməsi qaz paylayıcı tərəfindən sübuta yetirilmiş olsun. Gəncə Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(125)-4598/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilərək, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1555,20 manat pulun silinməsi, Cavabdehndən dövlət rüsumu hesabına 35,55 manatın alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2022-ci il tarixli, **********77-05101-093007 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 61 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına rəsmi reyestrdə qeydə alınmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı1 istifadəsində olan ZENNER tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın səslə işləməsi olaraq qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarında əzik-cızıq izləri vardır, gövdəsi kənar təsir nəticəsində əzilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 12960 kubmetr itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(125)-4598/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh «Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4598/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə X2ı İdarəsinin nümayəndələri tərəfindən iddiaçının mənzilində quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyinə gorə Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən sayğac sökülərək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli Akt tərtib edilərək sayğac quraşdırıldığı yerdən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”na göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın rəyində qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində əzik-cızıq izləri var. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli Akta əsasən itirilmiş təbii qazın hesabatı aparılmışdır. Hesabata əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 6 kubmetr saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 12960 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Belə olan halda 12960 kubmetr təbii qaz 0.12 qəpiyə vurularaq 1555.20 manat hesablanmışdır. Bununla da abonentin Cavabdeh İB-nin Gəncə X2ı İdarəsinə 1555.20 manat borcu yaranmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4598/2023 saylı qətnaməsilə iddia tələbi iddiaçıların xeyrinə təmin edilmişdir. Nəzərə çatdırmaq istəyirlər ki, iddiaçının mənzilində quraşdırılmış qaz sayğacı xx.xx.2023cü il tarixli, ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində əzik cızıq-izlərinin olması halı aşkar edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçınin qaz sayğacına müdaxilə etməsi və bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktda qeyd edilməsi barədə kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin əsassız olduğunu, sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə olmadığını bildirib, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi və iddiaçılardan İddiaçı1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus qaz sayğacı, sayğacın səslə işləməsi səbəbindən yenisi ilə əvəz edilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının yoxlanılması haqqında” 25 aprel 2023-cü il tarixli, 14-2-2/3-5-4320-1 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarında əzik-cızıq izlərinin olması, gövdəsinin kənar təsir nəticəsində əzilməsi müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia edərək iddiaçıya 12960 kubmetr həcmində, 1555.20 manat dəyərində zərə məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. İddiaçı tərəfindən 2022-ci il ərzində cəmi 771 kubmetr qazdan istifadə edilmişdir ki, cavabdeh tərəfindən 90 günlük müddət üçün 12960 kubmetr itirilmiş qaz həcmi müəyyən etməsi də anlaşılan olmamışdır. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərlidiyi müddət ərzində ehityyatsızlıqdan və ya hər hansı bir digər səbəbdən sayğacın zədələnməsi də istisna olunmayan haldır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi də sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(125)-4598/2023 saylı qətnaməsindən cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(125)-4598/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar