Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-243/2025 13.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X11, X8 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, X11, X8 və Cavabdeh2 qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh2(bundan sonra -cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X14, X15, X12, X11, X13 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə Samux rayonu, Əhmədbəyli kəndindən 3,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli müqavilə ilə X15, X12, X11 və X1 rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə onların mülkiyyətinə verilmiş 3,32 ha pay torpaq sahəsinin 2,24 ha hissəsini İddiaçı(iddiaçıya) satmışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Əhmədbəyli kəndində 2,7605 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi X2, 1/6 hissəsi X3, 3/6 hissəsi isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 3,32 ha pay torpaq sahəsi X9, X4, X10, X5 və X6 verilmişdir. Cavabdehlərlə aralarında bağlanmış xx.xx.2006cı il tarixli alğı-satqı müqaviləsinə əsasən Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 3,32 ha pay torpaq sahəsinin onlara aid hissəsini, yəni 2,24 ha sahəni 1200 manat ödəməklə almışdır. O, elə həmin ildən də qeyd etdiyi kimi həmin torpaq sahəsindən öz şəxsi əmlakı kimi istifadə edir. Yaxın günlərdə ona məlum olmuşdur ki, cavabdehlər ona qarşı məhkəmədə iddia qaldıraraq, qanuni əsaslarla əldə etdiyi torpaq sahəsindən çıxarılmağını tələb edirlər. İddia ərizəsinin baxılması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər mübahisəli torpaq sahəsini ona satmasına baxmayaraq, həmin torpaq sahəsinə çıxarış almışlar. Cavabdehlərin ona qarşı olan iddiası tam əsassızdır. O, həmin torpaq sahəsinin 2,24 ha hissəsini cavabdehlərdən notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında onun dəyərinin ödəməklə alımışdır. Buna görə də o,hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Samux Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(058)-29/2024 nömrəli iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Kərimova) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********50 reyster nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən 3,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Samux Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 18 nömrəli qərarı əsasında X9, X10, X7, X5, X6 və Cavabdeh1 verilmişdir. Həmin torpağın 2,24 ha hissəsi mülkiyyətçilər tərəfindən xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Lakin buna baxmayaraq cavabdehlər İddiaçı alğısatqı yolu ilə əldə etdiyi torpağa mülkiyyət sənədi əldə etməməsindən istifadə edərək adlarına olan əvvəlki mülkiyyət sənədi, yəni torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında yeni mülkiyyət sənədi, yəni hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişlər. Daha sonra cavabdehlər məhkəmədə sözügedən torpağın alğı-satqısına dair iddiaçı ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmışlar. Lakin Samux Rayon Məhkəməsinin 2(058)-561/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmiş, qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya və yuxarı instansiya məhkəmələrinin Cavabdeh2 hazırki iş üzrə İddiaçı qarşı qaldırmış olduğu “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd olunmalı olduğuna dair qənaəti, dolayısıyla həmin müqavilənin etibarlı olmasını təsdiq edir. Belə olan halda isə, etibarlı alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş əmlaka dair cavabdehlərin öz adlarına mülkiyyət sənədi əldə etməsi əsassızdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə tərəfindən iddia tələbi təmin edilərkən cavabdehin adına olan çıxarışın ləğv edilməsi üçün əsas kimi mübahisəli torpaq sahəsinin guya cavabdehlər tərəfindən alğı-satqı edilməsi əsas gətirilsə də, çıxarış əldə edərkən torpaq sahəsi dövlət reyestrində cavabdehlərin adına olmuşdur. Cavabdehlərin adına qeydiyyatda olan torpaq sahəsinə çıxarış alınmasında heç bir qanun pozuntusu olmamışdır. Ancaq məhkəmə çıxarışın alınmasında heç bir pozuntu aşkar etməsə belə iddia tələbini təmin etmişdir. Məlum olduğu kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vətəndaşların mülkiyyətinə verilməsi zamanı təqdim edilmiş Dövlət Aktı mülkiyyət hüququnu təsdiqedən sənəd olaraq təqdim edilmişdir. “Dövlət Reyestri” haqqında Qanun qüvvəyə mindikdən sonra mülkiyyət hüququna dair sənəd olaraq çıxarış sənədi verilməsi nəzərdə tutulsa da, əvvəlki Dövlət Aktları da mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq paralel hüquqi qüvvəyə malik olması nəzərdə tutulubdur. Hazırkı mübahisə üzrə cavabdehlər Dövlət aktının əslini reyestr xidmətinə təqdim edərək çıxarış əldə etmişdir. Bu çıxarışın alınmasında nə baş verib? Hansı qanunsuzluq müəyyən edilib ki, məhkəmə çıxarışın ləğv edilməsi barədə belə bir qərar qəbul edilib. Hüquqi baxımdan istər çıxarış, istərsə də Dövlət Aktı eyni bir mülkiyyət hüququn olmasını təsdiq edir. Cavabdehin adına çıxarışın olması torpaq sahəsi üzərində heç bir hüquqi dəyişikliyə səbəb olmur. Ona görə də məhkəmənin qətnaməsi tam olaraq əsassızdır. Ümumiyyətlə bu iddia rayon-şəhər məhkəməsində baxılmalı olmayan iddia tələbidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1 Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı Bənd 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırki iş üzrə mübahisə predmetini təşkil edən torpaq sahəsi alğı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmiş, ümumiyyətlə isə 2,24 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ mübahisə predmetini təşkil etmir. İddiaçı yalnız cavabdehlərin adına tərtib olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını tələb edir və əsas kimi torpağı aldıqdan sonra torpaq sahəsinin yanlış olaraq cavabdehlərin adına qeydiyyata alınmasını göstərir. Beləliklə müəyyən olunur ki, hazırki iddianın mahiyyəti torpaq sahəsinin cavabdehlərin adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın qanunsuzluğu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən vəzifələrini icra etməməsi (o cümlədən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, ziddiyyətləri aşkar etməməsi) təşkil edir. Reyestrdəki qeydiyyat isə inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Lakin iddiaçı reyestrdəki qeydiyyatın etibarsızlığı ilə bağlı hazırki iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, əmlak üzərində hüquqları qeydə alınmış fiziki şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmə isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktını qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən ... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən müəyyən ediir ki, Rayon Məhkəməsi iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da prosessual hüquq normalarını pozmuşdur – səlahiyyətinə aid olmayan işə baxmışdır. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iş üzrə icraata xitam verilməsi üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi barədə qərardad qəbul etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalı və mülki iş üzrə icraata, MPM-nin 261.0.1-ci maddəsinə əsasən – “işə mülki icraat qaydasında baxılmalı deyil” əsası ilə xitam verilməlidir. İddiaçıya daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qanunsuz olması ilə bağlı həmin reyestri aparan dövlət orqanına müraciət etmək, sonuncunun qəbul edəcəyi qərardan narazı olduğu halda isə aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 384, 385, 387, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Samux Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 avqust 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-243/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-243/2025
13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver