Məhkəmə qərarları › İş №2(104)-246/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-246/2024

05.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-246/2024 05.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 (eləcədə İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi) Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 (azyaşlı uşaqların qanuni nümayəndəsi) və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 (eləcədə İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə ünvan 2ux Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(058)-149/2023 nömrəli qətnaməsindən İddiaçı1 (eləcədə İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında 14 oktyabr 2009-cu il tarixli AZ-İ seriyalı 489446 nömrəli şəhadətnamənin surətindən görünür ki, X1 ilə İddiaçı1 arasında 14 oktyabr 2009-cu il tarixdə nikah bağlanmışdır.

2. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 ilə İddiaçı1 birgə nikahlarından xx xxxxxx 2005-ci il tarixdə İddiaçı2, 09 avqust 2007-ci il tarixdə İddiaçı3 Nizaməddən oğlu anadan olmuşdur.

3. Doğum haqqında 03 sentyabr 1977-ci il tarixli V-JQ seriyalı 315281 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 ilə X10 nikahlarından 14 avqust 1977-ci il tarixdə X1 anadan olmuşdur.

4. Doğum haqqında 13 fevral 1957-ci il tarixli İ-JQ seriyalı 407881 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 nikahlarından 26 yanvar 1957-ci il tarixdə X13 anadan olmuşdur.

5. Ölüm haqqında 03 avqust 2015-ci il tarixli AZ-İ saeriyalı 762345 nömrəli şəhadətnamənin surətindən görünür ki, X13 31 iyul 2015-ci il tarixdə vəfat etmişdir.

6. Boşanma haqqında 23 iyun 1985-ci il tarixli İ-JQ seriyalı 364617 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 ilə X10 nikahları 23 aprel 1985-ci il tarixdə ləğv olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 (eləcədə İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi) Cavabdeh qarşı pul tələbi barədə ünvan 2ux Rayon Məhkəməsində iddia qaldıraraq, qaynanası X10 vəfatından sonra miras qalmış və cavabdeh tərəfindən özgəninkiləşdirilmiş 8 sot torpaq sahəsinin yarsının, yəni 4 sot torpaq sahəsinin dəyəri 10000 manat, ödənilmiş sığorta pulu 5000 manatın yarsı 2500 manat və 3000 manat borc, olmaqla cəmi 15500 manat Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildə İddiaçı1 ilə X1 faktiki olaraq ailə qurmuşlar, 14 oktyabr 2009-cu il tarixdə isə nikahlarını qeydə aldırmışlar. İddiaçı1 qaynatası X2 məxsus evə gəlin köçmüşdür. Birgə nikahlarından xx xxxxxx 2005-ci ildə İddiaçı2 və 09 avqust 2007-ci ildə İddiaçı3 anadan olmuşdur. 10 oktyabr 2013-cü il tarixdə əri X1, 29 aprel 2014-cü il tarixdə qaynatası X4 və 31 iyul 2015-ci il tarixdə X13 vəfat etmişdir. X8 ilə qaynanası X11 arasında nikahları pozulmuşdur. Qaynanasının vəfatından sonra baldızı Cavabdeh ilə onun arasında bank kredit müqaviləsinə və torpaq sahəsi ilə bağlı mübahisə yaranmışdır. Belə ki, qaynanasına pul lazım olduğu üçün onun adına 1500 manat kredit götürülmüş və özü həmin kredit müqaviləsi üzrə zamin durmuşdur. Qaynanası da öz adına 2000 manat kredit götürmüş o zamin durmuşdur. Valideyinləri 8 sot torpaq sahəsi almış, lakin ərinin vəfatından sonra qaynanası ilə aralarında ana-bala münasibəti yarandığından həmin torpaq sahəsini Maral Məmmədovanın adına rəsimləşdirmişlər. Qeyd olunalardan bütün qohumlarının xəbəri olmuşdur. Qaynanasının vəfatından sonra baldızı ona bildirmişdir ki, həmin torpaq sahəsini satıb banka olan borcu ödəsinlər. Buna razı olmadığından, ondan xəbərsiz vərəsəlik şəhadətnaməsini alaraq torpağı adına rəsimləşdirərək satmış, lakin həmin puldan banka olan borcları ödəməmişdir. Qaynanasının adına olan borc onun banka ölüm şəhadətnaməsini təqdim etməyi səbəbindən xitam olunmuş, eyni zamanda onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilmişdir. Digər kredit müqaviləsi üzrə isə borc hələdə ödənilməmiş və hər ay onun əmək haqqından pul tutulur. Qaynanasının vəfatından sonra evdə qalan bütün əşyaları o qəbul etmiş, sonradan onların arasında məhkəmə mübahisəsi olduğundan hakimin barışıq təklifi nəticəsində qaynanasından qalan bir çox əşyanı cavadehə vermişdir. Lakin qaynanasının xalçaları, çarpayıları və qab-qacaqları onda qalmışdır. Qaynanası avtoqəza nəticəsində ölmüş və sığorta tərəfindən 5000 manat verilmiş, həmin pulu da cavabdeh götürmüş və mənimsəmişdir.

9. ünvan 2ux Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(058)-149/2023 nömrəli qətnaməsi ilə (hakim G.Şirinov) iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1ə Məmməd qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 185.5, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı1 (eləcədə İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 (eləcədə azyaşlı uşaqların qanuni nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini anası qaynanası ilə şərikli alsada, lakin həmin torpaq qaynanasının adına sənədləşdirilmişdir. Sığorta pulununda yarısı onlara çatmalıdır. Kredit kimi götürülmüş 2000 manat və onun faizi ilə birlikdə 3000 manat da cavabdehdən alınıb ona verilməlidir. Bankdan götürdüyü 1500 manatı isə evin təmirinə xərcləmişdir. İki uşaq böyüdür, maddi imkanı yaxşı deyil, ona görədə ərinə çatası pay onun uşaqlarına verilməlidir. Baldızı Zəminə isə qaynanasından miras qalmış əmlakdan və puldan onlara heçnə vermir. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, atasına çatası payı istəyir. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, anasının ölümü ilə əlaqədar 5000 manat sığorta pulunu almışdır. Torpaq sahəsini isə anası bələdiyyədədn almışdır, lakin həmin torpağa nə dövlət aktı, nə də çıxarış verilməmişdir. 1500 manat krediti isə iddiaçı Aynur öz adına götürmüşdür. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyaisya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

18. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

22. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

23. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

25. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

34. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Hazırkı işin hallarından müəyyən olunur ki, X1 ilə İddiaçı1 arasında 14 oktyabr 2009-cu il tarixdə nikah bağlanmış və sonuncuların birgə nikahlarından xx xxxxxx 2005-ci il tarixdə İlkin, 09 avqust 2007-ci il tarixdə isə Tunar adlı iki uşaqları anadan olmuşlar. İddiaçı1 ailə qurduqdan sonra qaynatasının evinə gəlin köçmüşdür. X9 29 aprel 2014-cü ildə, əri Nizaməddin İsmayılov 10 oktyabr 2013-cü ildə ölmüşdür. Ərinin ölümündən sonrada iki azyaşlı uşağı ilə birlikdə qaynanasının evində yaşamışdır. X12 31 iyul 2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüş və onun ölümündən sonra baldızı, hazırkı iş üzrə Cavabdeh Maral Məmmədovanın ölümü ilə əlaqədar 5000 manat sğorta pulu, eləcədə sonuncunun bələdiyyədən aldığı torpağın satışından əldə olunmuş puldan onlara vermədiyinə görə (həmçinin götürmüş olduğu krediti evin təmirinə xərslədiyi üçün) öz adından, eləcədə qanuni nümayəndə kimi uşaqlarının adından hazırkı iddia ilə məhkəmədə iddia qaldırmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.

41. İşə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq iddianı rədd edərkən düzgün nəticəyə gəlsədə, lakin tətbiq edilməli olan maddi hüquq normalarını deyil, borc öhdəlik hüquq münasibətlərindən irəli gələn normalara istinad etmişdir. Mülki prosessual qanunvericiliyə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır.

42. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. İddia ərizəsində cavabdehdən pul tələb olunsada, lakin ərizədən müəyyən olunur ki, cavabdehə qarşı tələb əsasən vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və ərizədə də iddianın maddi əsası kimi Mülki Məcəllənin X Bölməsində nəzərdə tutulan vərəsəliklə bağlı normalara istinad olunmuşdur. İddiaçı2 özü də apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, atasına çatası payı tələb edirlər. Eləcədə iddiaçı Aynyr İsmayılova izahatında bildirmişdir ki, ərinə çatası miras payın onun uşaqlarına verilməsini xahiş edir. Ona görədə kollegiya hesab edir ki, iddia tələbinə bu konteksdən yanaşaraq hüquqi qiymət verilməlidir.

44. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il Qərarında göstərmişdir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.

45. Bundan əvvəldə qeyd olunduğu kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

46. Mülki Məcəllənin 1159.1.1. maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər),. 1159.1.2. maddəsinə görə, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar, 1159.1.3. maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

47. İddiaçılar 31 iyul 2015-ci il tarixdə vəfat etmiş X7 0,08 ha. torpaq, onun ölümü ilə bağlı verilmiş 5000 manat sğorta və götürdüyü 2000 manat kredit və onun faizi üçün cəmi 3000 manat miras qalmasını və onun oğlu 10 oktyabr 2013-cü ildə ölmüş Səməndər İsmayılova çatası miras payın onlara verilməsini məhkəmədən xahiş etmişlər.

48. Kollegiya ilkin olaraq miras qalması iddia edilən 0,08 ha. torpağa münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq daşınmaz əmlakdır və mülkiyyət kimi reyestrdə qeydə alınması mütləqdir. İddiaçılar Maral Məmmədovadan ünvan 2ux rayonu Nəbiağalı kəndində 0,08 ha torpaq sahəsininin miras qalmasını iddia etsələrdə, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişlər. Əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Cavabdeh ünvanladığı 01 iyun 2023-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, ünvan 2ux bələdiyyəsinin 07 may 2012-ci il tarixli 11 saylı qərarı Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamış, həmçinin “Torpaqların alqı-satqısına dair” təqdim etdiyiniz Aaktın qeydiyyat nömrəsi və tarixi qeyd edilməmiş, eləcədə yerquruluşu planında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ünvan 2ux rayon şöbəsinin möhürü vurulmamışdır. Göründüyü kimi Daşınmaz əmlakın Dövlət reyestrində Maral Məmmədovanın adına 0,08 ha torpaq qeydə alınmamışdır.

49. X13 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 31 iyul 2015-ci il tarixdə öldüyündən 5000 manat sğorta ödənişi verilmiş və həmin ödənişi onun qızı, hazırkı iş üzrə Cavabdeh almışdır. İddiaçılar 5000 manat sğorta ödənişinin yarısının miras kimi onlara verilməsini də iddia etmişlər. Bununla bağlı kollegiya qeyd dir ki, sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil deyil. Belə ki, sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür (Mülki Məcəllənin 926.1-ci və “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.21-ci maddələri). Sığorta hadisəsi kimi isə icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığortaolunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal nəzərdə tutulur (“Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.19-cu maddəsi). Göründüyü kimi, sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsinin baş verməsi ilə şərtləndirilmişdir. Eləcədə vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi, icbari sığorta münasibətləri üzrə sığorta ödənişinin, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərərin pensiya və ya sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır.

50. Eləcədə kollegiya qeyd edir ki, 31 iyul 2015-ci il tarixdə vəfat etmiş X10 bankdan götürdüyü 2000 manat və onun faizi üçün cəmi 3000 manat miras hesab olunmur.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, ünvan 2ux Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(058)-149/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı1 (eləcədə İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. ünvan 2ux Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(058)-149/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 (eləcədə İddiaçı2, İddiaçı3 qanuni nümayəndəsi) Cavabdeh qarşı mirasdan pay tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu 137 manat iddiaçılara aid edilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar