Məhkəmə qərarları › İş №2(104)-2468/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2468/2023

03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2468/2023 03.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(125)–3969/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2023cü il tarixli, ******* nömrəli akt əsasında təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 1.555 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Gəncəvi küçəsi, döngə 1-də yerləşən 8 nömrəli mənzildə yaşayır. 2023-cü ilin fevral ayının əvvəllərində onun mənzilinə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacının elementi zəiflədiyindən sayğac sərf olunan qaz həcmini göstərməmişdir. Buna görə də Cavabdeh Gəncə X2 İdarəsinin əməkdaşı, həmçinin qonşusu Elxan Hüseynova müraciət edərək, qaz sayğacına baxmasını xahiş etmişdir. 11 fevral 2023-cü il tarixdə Elxan Hüseynov qaz sayğacına baxmış və həmin sayğacın elementinin bitdiyini bildirərək, elementin dəyişilməsinin zəruri olduğunu bildirmişdir. Buna görə də Elxan Hüseynov qaz sayğacını açmış və həmin vaxt qaz sayğacı paslandığından çətinliklə çıxmış, buna görə də Elxan çəkilə vurub sayğacı çıxarmışdır. Həmin vaxt orada Elxan Hüseynovla yanaşı, Cavabdeh Gəncə X2 İdarəsinin digər əməkdaşları Şəmil Əzizov və Aydın Tağıyev də olmuş, həmin şəxslər də baş verən hadisələri görmüş və buna dair tərtib olunan akta imza etmişlər. Elxan Hüseynov onun qonşusu olsa da onun yaşadığı evə qonşu kimi deyil, Cavabdeh Gəncə X2 İdarəsinin əməkdaşı kimi gəlmişdir. Bundan sonra həmin qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Bütün bunlara baxmayaraq, 2023-cü ilin əvvəllərində qaz sayğacındakı qüsurla əlaqədar qazdan qanunsuz istifadəyə görə ona borc hesablandığı məlum olmuşdur. O sayğaca heç bir kənar təsir göstərməmişdir. Sayğac çıxarılarkən zədələnmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(125)–3969/2023 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia təmin edilərək, Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2023-cü il tarixli, ******* nömrəli aktı əsasında, qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: Cavabdeh nümayəndələrinin iştiakı ilə tərtib edilmiş 11 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, Gəncə şəhəri, Gəncəvi küçəsi, döngə 1-də yerləşən 8 nömrəli mənzildə istehlakçı İddiaçı məxsus «G-4 İtron» markalı, 1102AQ**********5 nömrəli sayğacın mexaniki göstəricisi 11103, əvəzlənən zaman yivli birləşməsində korroziyaya uğramışdır. Sayğacın giriş və çıxış hissələrinin açılması zamanı, hesablama mexanizminin plastmas hissəsi gövdədən aralanmışdır. «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 fevral 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, elementin bitməsi ilə əlaqədar 1102AQ**********5 nömrəli sayğac çıxarılmış və **********6 nömrəli sayğacla əvəz edilmişdir. Cavabdeh «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3-5-2410-1 nömrəli aktının 4-cü qrafasından görünür ki, 20472411 nömrəli plomb kəsilərək G-4 SM/706 nömrəli qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı. 26 yanvar 2023-cü il tarixə elektron göstərici 10956 m3 olmuşdur. Element qapağı qoruyucu örtüyə yapışqdan maddə vasitəsi ilə yapışdırılıb. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100 faiz nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh MSK-14-2-2/3-5-2410-1 nömrəli rəyinə əsasən xətalar normadan artıq olduğu, elementin qoruyucu yapışqan maddə vasitəsi ilə yapışdırıldığı aşkar edilmişdir. 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının normal qaz sərfi 6 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x24x90=12960 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(125)–3969/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3969/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi iddiaçının mənzilində quraşdırılmış qaz sayğacı xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktla sayğac dəyişdirilərək növbəti dövlət yoxlamasına göndərilmiş və sayğacın element qapağı qoruyucu örtüyə yapışqan maddə ilə yapışdırılması halı müəyyən edilmişdir. Göründüyü kimi 1-ci intansiya məhkəməsi tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Bildirirlər ki, iş materiallarından da göründüyü kimi iddiaçının qaz sayğacına müdaxilə etməsi və bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, 307925 saylı akt da qeyd edilməsi barədə kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onun tərəfindən qaz sayğacına müdaxilə edilmədiyini, sayğacın Cavabdeh nümayəndələri tərəfindən dəyişdirilərkən zədələndiyini, apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin nüamyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(125)–3969/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 11 fevral 2023-cü il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus qaz sayğacı elementinin bitməsi səbəbi ilə yeni qaz sayğacı ilə əvəz edilmişdir.QCavabdeh nümayəndələrinin iştiakı ilə tərtib edilmiş 11 fevral 2023-cü il tarixli akt əsasən isə qaz sayğacı dəyişdirilərkən yivli birləşməsində korroziyaya uğraması müəyyən edilmiş, həmçinin sayğacın giriş və çıxış hissələrinin açılması zamanı, hesablama mexanizminin plastmas hissəsi gövdədən aralanmışdır. Bundan sonra isə sayğac yoxlamaya göndərilmiş və “Qaz sayğacının yoxlanılması haqqında” MSK-14-2-2/3- 5-2410-1 nömrəli nömrəli rəyə əsasən sayğacın elementinin bitməsi, element qapağı qoruyucu örtüyə yapışqdan maddə vasitəsi ilə yapışdırılması, sayğacda istismar müddətində Alarm-1 rejiminin aşkar olunmaması, xətalar normadan artıq olması, sayğac minimal sərfiyyatda – 100 faiz nisbi xəta ilə işləməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, kamera ilə sayğacın daxilinə baxış keçirilərkən kənar təsir izləri aşkar edilməməsi və sayğac istismara yararsız olması müəyyən edilərək, cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia etməklə iddiaçıya 12960 kubmetr həcmində, 1555.20 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir. 11 fevral 2023-cü il tarixdə yeni qaz sayğacı quraşdırıldıqdan sonrakı aylarda isə istifadə edilmiş qazın həcmi əvvəlki sayğacla istifadə edilmiş qazın həcmi ilə demək olar ki, eynilik təşkil etmişdir. Yeni quraşdırılmış sayğac üzrə göstərici 2023-cü ilin iyun ayına kimi 549 kubmert həcmində olmuşdur ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi və ya düzgün qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. Bundan başqa iddiaçı 2021-ci il tarixdə 1600, 2022-ci il ərzində cəmi 1470 kubmetr qazdan istifadə edilmişdir ki, cavabdeh tərəfindən 90 günlük müddət üçün 12960 kubmetr itirilmiş qaz həcmi müəyyən etməsi də anlaşılan olmamışdır. Digər tərəfdən qaz sayğacının zədələnməsinin məhz cavabdehin nümayəndələri tərəfindən dəyişdirilərkən baş verməsi təsdiq olunmaqdadır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının çıxarılan vaxtadək hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi də sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(125)–3969/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(125)–3969/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar