Məhkəmə qərarları › İş №2(104)-2468/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2468/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2468/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tаrixli, e-2(076)-1965/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tаrixli, e-2(076)-1965/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Həmin normanın tələblərinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir(maddə 361.1.5 və 361.1.6). İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 354.1, 600.1-ci maddələrinə, prosessual hüquq normalarının pozulması kimi isə MPM-nin 14.1, 14.2, 77.1, 377.1, 377.3-cü maddələrinə istinad etmiş, həmin maddələrin dispozisiyalarını apellyasiya şikayətinə köçürmüşdür. Lakin apellyasiya şikayətinin məzmununda həmin maddi və prosessual hüquq normalarının pozuntusunun hazırki işdə konkret nədə ifadə olması, mübahisəyə aidiyyəti göstərilməmişdir. Beləliklə də, müəyyən olunur ki, apellyasiya şikayəti, apellyasiya şikayətinin məzmununa(maddə 361) aid tələblərə riayət edilmədən verilmişdir. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Şəmkir Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tаrixli, e-2(076)-1965/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar