Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-249/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-142/2023 saylı mülki iş üzrə 17 may 2023cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan Gəncə ŞBPİ-nin 2-ci Polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Elşad adlı tanışının ona oğlu X4 pensiya düzəldəcəyinə söz verdiyi üçün yaşadığı yerin yaxınlığında müxtəlif vaxtlarda 2019-cu ilin yanvar ayında 5000 manat, 2022-ci ilin sentyabr ayında 1000 manat və 2022-ci ilin oktyabr ayında isə 25 manat pul verdiyini, sonradan həmin şəxsin dələduzluq yolu ilə pulu mənimsədiyi barədə ərizəsi üzrə araşdırma aparılmış, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında 2018-ci ildə X5 ilə qayınatası Əlinin evində tanış olmuş, Kamilin işlədiyi və maddi vəziyyətinin normal olduğunu bildiyi üçün 2019-cu ilin yanvar ayında X2 3000 manat borc pul istədiyini, İddiaçı 2019-cu ilin yanvar ayında ona yaşadığı əraziyə gələrək, “QAZ 3110” markalı dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sonradan adını öyrəndiyi İfaq adlı şəxsin yanında ona 3000 manat məbləğində borc pul vermiş, bir neçə gündən sonra isə Kamildən 700 manat məbləğində borc pul istəmiş, Kamil də onun xahişini nəzərə alaraq, yaşadığı əraziyə gəlmiş, ona 700 manat məbləğində pul vermişdir. O, borc məbləğini hissə-hissə ödəyəcəyini bildirsə də, maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Bir neçə aydan sonra Kamil ona zəng edərək, pulu hissə-hissə ödəməyəcəyi təqdirdə faiz pulu da ödəyəcəyini bildirmişdir. O, Kamildən 6025 manat deyil, cəmi 3700 manat məbləğində borc pul aldığını göstərmişdir. Materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6025 manat borcun və 45 manat dövlət rüsumunun alınıb, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu İlqar Cəfərov işsiz olduğu üçün ona iş axtarmış, 2018-ci ildə qonşusu Əli kişinin kürəkəni Elşad adlı şəxslə bu barədə söhbət etmişdir. Cavabdeh ona müəyyən pul müqabilində oğluna pensiya düzəldə biləcəyini bildirmişdir. Bu məqsədlə o, 2019-cu ildə dostu İltifatın yanında Şanxay deyilən ərazidə Cavabdeh 5000 manat məbləğində pul vermişdir. Elşad 3 ay müddətində pensiyanın düzələcəyinə söz vermişdir. Ancaq 3 aydan sonra pensiya düzəlməmiş, bununla əlaqədar olaraq, dəfələrlə cavabdehə müraciət etmiş, cavabdeh hər dəfə yaxın vaxtlarda düzələcəyinə vəd vermişdir. Nəhayət ki, 2022-ci ilin sentyabr ayında cavabdeh işin tam düzəlməyi üçün əlavə 1000 manat pul lazım olduğunu bildirmişdir. O da 1000 manat məbləğini 3 ay ərzində hissə-hissə 200 manat, 300 manat və 500 manat olmaqla üç dəfəyə cavabdehə vermişdir. 2022-ci ilin oktyabr ayının əvəllərində Cavabdeh işin tam düzəldiyini, bir-iki nəfərə hörmət eləmək lazım olduğunu bildirərərk, ondan 25 manat pul almışdır. Lakin, cavabdeh pensiyanı düzəltməmiş və onun etibarından sui-istifadə edərək, ümumilikdə ondan 6025 manat pul almışdır. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-142/2023 saylı mülki iş üzrə 17 may 2023cü il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5000 manat pulun və 37 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi, ödənilmiş 8 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, o, qayınatası Əlinin qonşusu İddiaçı 2019-cu ilin yanvar ayında 3000 manat məbləğində borc almışdır. Hazırda iddiaçı onu şərləyir, əlavə faizlər tələb edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Belə ki, işin məhkəmə baxışı birinci dəfə 12.12. 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Onun xahişi nəzərə alınaraq, işin məhkəmə baxışı 16 yanvar 2024-cü il tarixə təxirə salınmışdır. Cavabdeh 16 yanvar 2024-cü il tarixdə yenə də məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Onun xahişi nəzərə alınaraq, işin məhkəmə baxışı 06 fevral 2024-cü il tarixə təxirə salınmışdır. Cavabdeh 06 fevral 2024-cü il tarixdə yenə də məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır: Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ilk növbədə birinci instansiya məhkəməsinin qətnaməsində yol verilmiş maddi hüquq normalarının pozulması ilə bağlı məsələyə qiymət verməyi zəruri hesab edir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvinə əsas verir. Belə ki, irəli sürülən iddianı qismən təmin edərkən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də məhkəmə hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanmadan bəhs edən 1091 və 1092-ci maddələrinə istinad etməklə irəli sürülən iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 142/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, mülki işin materiallarında olan Gəncə ŞBPİ-nin 2-ci Polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərarının surətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh barəsində polisə şikayət etmiş, şikayətində göstərmişdir ki, oğlu İlqar Cəfərov işsiz olduğu üçün ona iş axtarmış, 2018-ci ildə qonşusu Əli kişinin kürəkəni Elşad adlı şəxslə bu barədə söhbət etmişdir. Cavabdeh ona müəyyən pul müqabilində oğluna pensiya düzəldə biləcəyini bildirmişdir. Bu məqsədlə o, 2019-cu ildə dostu İltifatın yanında Şanxay deyilən ərazidə Cavabdeh 5000 manat məbləğində pul vermişdir. Elşad 3 ay müddətində pensiyanın düzələcəyinə söz vermişdir. Ancaq 3 aydan sonra pensiya düzəlməmiş, bununla əlaqədar olaraq, dəfələrlə cavabdehə müraciət etmiş, cavabdeh hər dəfə yaxın vaxtlarda düzələcəyinə vəd vermişdir. Nəhayət ki, 2022-ci ilin sentyabr ayında cavabdeh işin tam düzəlməyi üçün əlavə 1000 manat pul lazım olduğunu bildirmişdir. O da 1000 manat məbləğini 3 ay ərzində hissə-hissə 200 manat, 300 manat və 500 manat olmaqla üç dəfəyə cavabdehə vermişdir. 2022-ci ilin oktyabr ayının əvəllərində Cavabdeh işin tam düzəldiyini, bir-iki nəfərə hörmət elemək lazım olduğunu bildirərək, ondan 25 manat pul almışdır. Lakin, cavabdeh pensiyanı düzəltməmiş və onun etibarından sui-istifadə edərək, ümumilikdə ondan 6025 manat pul almışdır. Polis şöbəsində araşdırma aparılarkən Cavabdeh İddiaçı əvvəlcə 3000 manat daha sonra isə 700 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Tərəflər arasında olan münasibətlərin borc verilməsindən əmələ gələn münasibətlər (mülki xarakterli) olması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı həmin qərarla razılaşmış, ondan şikayət verməmişdir. Belə olan halda kollegiya hesab edir ki, mübahisə tərəflər arasında olan borc münasibətlərindən yaranan mübahisədir və irəli sürülən iddia tələbinin düzgün həlli üçün Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Kollegiya hesab edir ki, borcun məbləği ilə bağlı cavabdehin şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, cavabdehin iddiaçıdan məhz 5000 manat məbləğdə borc alması mötəbər sübutlarla təsdiq olunmur. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İrəli sürülən iddianı qismən təmin edərkən birinci instansiya məhkəməsi işdə mötəbər sübut növü kimi iddiaçının izahatını və şahid İfaq Namazovun ifadəsinə əsaslanmışdır. Lakin, kollegiya hesab edir ki, şahid İfaq Namazovun ifadəsi işin düzgün həlli üçün önəmli olan halların müəyyən edilməsində mötəbər sübut növü kimi qəbuledilən deyildir. Belə ki, birinci instansiya məhkəməsinin 03 may 2023-cü il tarixli iclas protokolundan müəyyən olunur ki, şahid İfaq Namazov həmin tarixdə məhkəmədə ifadə verərkən göstərmişdir ki, onun maşınında, onun yanında İddiaçı Cavabdeh pul vermiş, Cavabdeh pulu saymamışdır. Cavabdeh maşından düşəndən sonra İddiaçı Cavabdeh 5000 manat pul verdiyini ona demişdir. Göründüyü kimi, X8 Cəfərovun Cavabdeh məhz 5000 manat pul verdiyini özü görməmiş, bu barədə ifadəsini verərəkən İddiaçı ona bildirdiklərinə əsaslanmışdır. Ona görə də kollegiya hesab edir ki, şahid İfaq Namazovun ifadəsi işin düzgün həlli üçün önəmli olan halların müəyyən edilməsində mötəbər sübut növü kimi qəbuledilən deyildir. Artıq yuxarıda qeyd edildiyi kimi, mülki işin materiallarında olan Gəncə ŞBPİ-nin 2ci Polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərarının surətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh barəsində polisə şikayət etmiş, polis şöbəsində araşdırma aparılarkən Cavabdeh İddiaçı 3700 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin etirafını işdə mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən-3700 manat məbləğində təmin olunmalıdır. Bundan başqa, mülki işin materiallarından müəyyən olunur ki, hazırki iddianı qaldırmaq üçün iddiaçı 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. İrəli sürülən iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib qaydada tərəflərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 26 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsaslanan kollegiya ğöstərir ki, bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1, və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-142/2023 saylı mülki iş üzrə 17 may 2023cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 26 (iyirmi altı) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-249/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-249/2024
06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver