Məhkəmə qərarları › İş №2(104)-2513/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2513/2023

20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2513/2023 20.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının X2 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(058)- 109/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 24 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “Hundai Accent” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat məbləğində inzibati cərimə edilmişdir.

2. Cavabdeh Samux Rayon Polis şöbəsində verdiyi izahatından görünür ki, 24 sentyabr 2022-ci il tarixdə “Hundai Accent” markalı **-SX-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşısında hərəkətdə olan “Toyota Corolla” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək istəmiş, lakin ehtiyatsız davranaraq həmin avtomobillə toqquşmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/1763 nömrəli ekspert rəyindən görünür ki, “X10” MMC tərəfindən tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Toyota Corolla” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11154,0 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikasının X4 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizə ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6152 manat maddi ziyan və ödənilmiş 81,52 manat dövlət rüsumu alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X5nun əməkdaşı X7 təhkim olunmuş “Toyoto Corolla” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman Cavabdeh idarə etdiyi “Hyundai Accent” markalı 99- SX-726” dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Avtoqəzanın baş verməsinə səbəb Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla əks istiqamətinə çıxması olmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Qeyd olunan hadisə nəticəsində Azərbaycan Respublikası X5na 11152 manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyanın yalnız 5000 manat hissəsi "xxxx" ASC tərəfindən sığorta ödənişi şəklində ödənilmiş, 6152 manat maddi ziyan ödənilməmişdir.

6. Samux Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(058)-109/2023 nömrəli qətnaməsi ilə (hakim T.Kərimova) iddia tələbi təmin edilərək, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 6152 (altı min yüz əlli iki) manat, dövlət rüsumunun əvəzi olaraq 81,52 (səksən bir manat, əlli iki qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası X5na ödənilməsi; Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1115 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, ekspert rəyində “Toyota Corolla” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin zərər görməmiş hissələri də göstərilmişdir. Həmçinin rəydə çilingər işi 130 manat, elektrik işi isə 3102 manat göstərilsədə, avtomobildə elektrik işləri aparılmamışdır. Belə ki, “Toyota Corolla” markalı, **-PU-***” dövlət qeydiyyat nişanlı avtomobilin yalnız arxa sol qapısı zərbə almış və arxa sol qanadına yüngülvari zərər dəymişdir. Avtomobilə dəymiş zərərin məbləği iddiaçı tərəfindən süni şəkildə şişirildilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razı deyil və iş üzrə təkrar ekspertiza keçirilməsi zəruridir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildimrişdir ki, “Toyota Corolla” markalı avtomobili təmir etirməyi təklif etsədə, lakin X5 buna razı olmamışdır. Avtomobilə dəymiş zərər ekspert rəyində göstəriləndən az olmuşdur. Bu səbəbdən də ekspert rəyi ilə razı deyil. Əslində avtomobilə 5000 manata yaxın zərər dəymişdir. Sğorta şirkəti tərəfindən ödənilən 5000 manat təmir xərcləri üçün yetərli olmuşdur. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh Ekvin Əsgərov məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

28. Belə ki, işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası X5nun əməkdaşı X8 ona təhkim olunmuş “Toyoto Corolla” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman Cavabdeh idarə etdiyi “Hyundai Accent” markalı “99- SX-726” dövlət qeydiyyat nişanlı avtomobili əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh 24 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 60 manat cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyoto Corolla” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə 11152 manat dəyərində ziyan dəymişdir. Dəymiş ziyanın əvəzi 5000 manat "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş, qalıq 6152 manat isə ödənilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

29. Yuxarıda da qeyd olunbduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

30. Belə ki, 24 sentyabr 2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Hyundai Accent” markalı “99- SX-726” dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi və nəticədə Azərbaycan Respublikası X5nun mülkiyyətində olan, yəni həmin Fondun əməkdaşı X8 tərəfindən idarə olunan “Toyoto Corolla” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi və baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat cərimə edilməsi işin mübahisəsiz halıdır. Mübahisə “Toyoto Corolla” markalı avtomobilə dəymiş zərərin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı tərəf “Toyoto Corolla” markalı avtomobilə 11152 manat, cavabdeh tərəf isə təxminən 5000 manat zərər dəyməsini iddia edir. Kollegiya “Toyoto Corolla” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 5000 manat zərər dəyməsi barədə cavabdeh tərəfin dəlilini əsaslı saymır.

31. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı “Toyoto Corolla” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/1763 nömrəli ekspert rəyi ilə “X10” MMC tərəfindən tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Toyota Corolla” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11154,0 manat müəyyən edilmişdir.

32. Ekspertiza tədqiqatı “X10” MMC tərəfindən tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla aparılmışdır. Ekspertiza tədqiqatı zamanı avtomobilə vurulmuş ziyanın məbləğini müəyyən olunması proseduru hərtərəfli, tam və obyektiv aparılmışdır və rəydə göstərilən məlumatlar mübahisənin həlli baxımından kifayət qədər aydın və dolğundur. Çünki rəydə avtomobildə dəyişilməli olan ehtiyat hissələrinin adı, miqdarı və dəyəri, habelə təmir bərpa işləri və onların görülməsi üçün çəkilməli olan xərclər ayrı-ayrılıqda göstərilmişdir. Ekspert rəyində göstərilən məlumatların mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı əsas yoxdur. Ona görə də kollegiya iş üzrə verilmiş əmtəəşünaslıq ekspertizası rəyini mötəbər sübut kimi qiymətləndirir.

33. Apellyasiya şikayətində ekspert tərəfindən çilingər işi 130 manat, elektrik işinin isə 3102 manat göstərilməsi qeyd olunsa da, lakin iş üzrə verilmiş ekspert rəyində elektrik işi 130 manat, çilingər işi isə 496 manat göstərilmişdir. Ümumiyyətlə, Cavabdeh, eləcə də onun etibarnamə üzrə nümayəndəsi “Toyota Corolla” markalı avtomobilə təxminən 5000 manat zərər dəyməsini bildirsələr də, lakin sonuncuların bu dəlili hər hansı bir mötəbər sübuta deyil, yalnız onların öz subyektiv mülahizələrinə əsaslanmışdır.

34. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(058)-109/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar