Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2566/2024 13.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (066)-136/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun adına qanunsuz hesablanmış 600 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (066)-136/2024 nömrəli qərardadı ilə ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (066)-136/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (066)-136/2024 nömrəli qərardadı ilə İddiaçı Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (066)-136/2024 nömrəli qərardadının ləğv edilməsi barədə verdiyi şikayəti əsassız olduğundan təmin edilməmiş və mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (066)-136/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (066)-136/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət onun tərəfindən elektron qaydada imzalanmamış və sistemə elektron qaydada yüklənməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şikayətdə göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə şikayətin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Hazırkı iş üzrə şikayətdən görünür ki, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (066)-136/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət qeyri-mümkün hesab edilməli və şikayətinin geri qaytarılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarında göstərmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd etdiyi hüquqi mövqeyinə uyğun olaraq, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, hazırkı qərardadın təqdim edildiyi vaxtdan 10 gün müddətində şikayət verən şəxsin yenidən şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (066)-136/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət qeyri-mümkün hesab edilsin və şikayətinin geri qaytarılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2566/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2566/2024
13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver