Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2569/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(125)-5157/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəvəsi X2 həkimlər tərəfindən aparılmış müayinə nətcəsində “gecə terroru” diaqnozu qoyulması və bahalı dərmanlar yazılaraq müalicə təyin edilməsi, nəvəsi Şəbinə Haqverdiyevanın müalicə olunmaqdan ötrü yaşadıqları evdən kənarda, digər ərazidə müalicə olunmasına görə 7000 manat və ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun, cəmi 7090 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdeh qonşusudur. Təxminən 5-6 il bundan əvvəl küçədə şərikli çəkdirdikləri qaz və elektrik dirəyinin sol tərəfindən Cavabdeh qanunsuz olaraq özbaşına tikinti tikərək həmin dirəyi çıxardıb yol tərəfə basdırmışdır. Təxminən 7-8 ay bundan əvvəl həmin dirəyə sahib çıxaraq, sanki özününki hesab edərək onun həmin dirəyə bağlanmış elektrik, telefon və qaz xəttlərini ayırıb başqa yerdən çəkməyini, ünvanına pispis söyünclər edərək tələb etmişdir. Daha sonra onların xəbəri olmadan gecə saat 23:30 radələrində telefon xətti qanunsuz olaraq kəsmişdir. Bu barədə səhəri gün cavabdehə öz iradını bildirimişdir. Cavabdeh isə küçə söyüncləri ilə onu və ailə üzvlərini təhqir etmişdir. O, məcbur olub bu barədə Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə məlumat vermişdir. Onun şikayəti əsasında Ceyhun adlı təhqiqatçı müvafiq araşdırma aparmışdır. 21-22 mart 2023-cü il tarixdə cavabdeh yenidən qanunsuz olaraq telefon xəttini kəsmiş, həmin vaxtı Novruz Bayramı ilə əlaqədar qeyri- iş günü olduğundan o, 27 mart 2023-cü il tarixdə ATS-ə müraciət etmiş və 28 mart 2023-cü il tarixdə Elçin adlı usta və Anar adlı xətt mühəndisi telefon xəttinə baxış keçirmiş və telefon xəttini tamamilə yeniləmişlər. Cavabdeh onları ölümlə hədələyir, pis-pis küçə söyüncləri ilə təhqir edir, şərəf və ləyaqətlərini alçaldan hərəkətlər və söyüşlər işlədir, qanunsuz olaraq həmin dirəyin çıxarılmasını tələb edir. Cavabdeh yüksək səslə onun və ailə üzvlərinin ünvanına pis-pis küçə söyüncləri və nəlayiq sözlər işlədədərək, şərəf və ləyaqətlərini alçaldan hərəkətlər və söyünclər edərək, həmçinin qonşu ilə dalaşan zaman əlindəki dəmir alətlə dəmir listə vuraraq onları narahat edir. Cavabdeh bu əməlləri nəticəsində 7 yaşlı nəvəsi X4 qorxu keçirmiş, gecələr yuxudan qorxu içərisində, təngənəfəs olaraq qalxır, ayaqlarında əsmələr olur. 2 kurs müalicə olunduqdan sonra ayaqlarında olan əsmələr keçmişdir. X1 bu hadisələr nəticəsində xəstələnməsi ilə əlaqədar olaraq müayinə etmələri üçün 31 mart 2023-cü il tarixdə Gəncə Şəhər 1 saylı Uşaq Poliklinikasına aparmışdır. Həkimlər tərəfindən aparılmış müayinə nətcəsində azyaşlı nəvəsi X2 “gecə terroru” diaqnozu qoyulmuş və bahalı dərmanlar yazılaraq müalicə təyin edilmişdir. Qeyd olunan hadisə ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-314/2023 saylı qərarı ilə Cavabdeh İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(125)-5157/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(125)-5157/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddiasında göstərdiyi hallarla əsaslandırmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh ilə 2004-cü ildən qonşudurlar. Hadisə 7-8 ay bundan əvvəl Novruz bayramında baş vermişdir. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində 7 yaşlı nəvəsi X4 qorxu keçirmiş, gecələr yuxudan qorxu içərisində, təngənəfəs olaraq qalxır, ayaqlarında əsmələr olur. 2 kurs müalicə olunduqdan sonra ayaqlarında olan əsmələr keçmişdir. X1 bu hadisələr nəticəsində xəstələnməsi ilə əlaqədar olaraq müayinə etmələri üçün 31 mart 2023-cü il tarixdə Gəncə Şəhər 1 saylı Uşaq Poliklinikasına aparmışdır. Həkimlər tərəfindən aparılmış müayinə nətcəsində azyaşlı nəvəsi X2 “gecə terroru” diaqnozu qoyulmuş və bahalı dərmanlar yazılaraq müalicə təyin edilmişdir. Onun uşağın müalicəsinə 700-800 manat xərci çıxmış, əlavə olaraq nəvəsi Şəbinə Haqverdiyevanın müalicə olunmasına görə 7000 manat pul tələb olunur. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(125)-5157/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq göstərdi ki, onun 3 nəvəsi var, digər nəvələri 3 və 6 yaşdadırlar və onlar heç bir xəstəlik keçirməmişlər. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, iddiaçının qardaşı Məcidlə qonşudur. Məcid onun evinə basqın etmiş, o da qorxub qaçmışdır.O, məcbur olun evdən çıxıb hardasa kirayədə yaşayır. O, əslində iddiaçıya qarşı heç bir hərəkət etməmişdir. İddiaçı tərəf istəyir ki, o, evini ucuz qiymətə onlara satsın və buna görə də, ona qarşı bu iddianı qaldırmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(125)-5157/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(125)-5157/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-314/2023 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh qardaşı Məcidlə dalaşdıqdan sonra küçədə və yaşadığı evin həyətində nalayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla əlaqədar Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 3(125)-886/2023 nömrəli qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qeyd edilən qərarına əsasən, zərərçəkmiş şəxsin şikayəti təmin edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)- 886/2023 saylı qərarı dəyişdirilmiş, Cavabdeh İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən, saat 12:15-dən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusunun yaranmasına səbəb olan hüquqazidd əməl dedikdə, mülki qaununvericiliyin normalarını pozan hərəkət və hərəkətsizlik anlaşılır. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Qanunla zərərvuranın təqsiri olmadıqda belə onun əməli obyektiv surətdə hüquqazidd olarsa, zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əvəzinin tutulmasını xahiş etdiyi ziyanı və (ya) belə ziyanın cavabdeh tərəfindən və təqsirli hərəkətlər nəticəsində vurulmasını və (ya) tələb edilən məbləğdə ziyan vurulmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin inzibati xətanın törədilməsində təqsirli olması barədə qərar və (ya) kimin barəsində yazılması və yazılan dərmanların hansı xəstəliyin müalicəsinə xidmət etdiyi məlum olmayan tövsiyə vərəqlərinin surətləri hazırkı iddianın əsaslı olmasını təsdiqləmir. Bundan başqa, iddiaçı ümumiyyətlə əvəzini tələb etdiyi müalicəni həyata keçirilməsini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehlərin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı hazırkı tələbin irəli sürülməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində nəvəsinin səhhətinə vurulmuş ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Lakin iddia ərizəsinə əsasən səhhətinə ziyan vurulduğu bildirilən şəxsin şəxsiyyəti, iddiaçı ilə qohumluq əlaqələri və yetkinlik yaşına çatmamadığı iddiaçının qanuni nümayəndə qismində hazırkı iddianı qaldırmaq hüququnu təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası «Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(125)-5157/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(125)-5157/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2569/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2569/2023
23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver