Məhkəmə qərarları › İş №2(104)-2574/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2574/2023

15.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2574/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması və ya ona 70000 manat kompensasiya verilməsini, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq mənzilin satılması və əldə olunan gəlirin bölünməsi tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-129/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-129/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddianın təmin edilməsi, İddiaçı 8/10 hissədə, Cavabdeh1 1/10 hissədə və Cavabdeh2 1/10 hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə edilən pulun İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-129/2023 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 45 saylı 0.01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 33.2 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət əmlakın natural qaydada bölünməsi və ya ona 70000 manat kompensasiya verilməsini bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq mənzilin satılması və əldə olunan gəlirin bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 45 saylı 0.01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 33.2 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət əmlakın paylı mülkiyyət hüququ üzrə 8/10 hissəsi ona, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2 məxsusdur. Cavabdehlər onun bacı və qardaşıdır. O, ümumi mülkiyyətdə olan evdə uzun illərdir yaşayır cavabdehlər isə öz evlərində qeydiyyatda olmaqla yaşayırlar həmin evin açıq hərracda satılaraq əldə olunmuş pulun hər bir kəsin payına mütənasib qaydada bölünməsini istəyir. Mübahisəli mənzilin üzərində ümumi mülkiyyət hüququ olan cavabdehlərdən kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi məsələsində aralarında razılığa gələ bilmirlər. Bu səbəbdən də ümumi mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan pulun tərəflər arasında paylara uyğun olaraq bölünməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının ziddiyətli iddiasına düzgün qiymət verə bilməmişdir. Belə ki, məhkəmə mübahisəli əmlakın qiymətini 47.000 manat göstərdiyi halda iddiaçı bu əmlakın yalnız 8/10 hissəinin sahibi olduğu halda öz payına görə həmin məbləğin 37,600 manatını deyil, 70000 manat istəyir ki, bu da mübahisəli mənzilin likvid qiymətindən 2 dəfəyə yaxın çoxdur. O, iddia ilə razı deyildir. Belə ki, mübahisəli ev ata mülkü olmuş və onların birgə mülkiyyətindədir. Məhz o, vaxtilə atasının ölümündən sonra mülkü abadlaşdırmış, müvafiq təmir işləri görmüşdür. O, iddiaçı - bacısı İddiaçı mülkdən istifadə etməyə heç zaman maneə yaratmamışdır. Lakin iddiaçı heç bir əsas olmadan mülkü satmaq, digər mülkiyyətçilər - onu və Cavabdeh2 qanuni mülkyyətdən məhrum etmək istəyir. Onun yeganə istəyi ata mirası olan, vaxtilə çox vəsait və zəhmət sərf etdiyi, hazırda paylı mülkiyyətində olan evdən istifadə etmək, bu formada öz qanuni haqqından məhrum olmamaqdır. Belə olan halda iddiaçının iddiası hüquqdan sui istifadədir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarıılmasını xahiş etdilər. Cavabdeh əlavə olaraq göstərdi ki, həmin ev fərdi yaşayış evi olduğuna görə onun paylarına uyğun bölünməsini mümkün hesab edir. Ona görə də iş üzrə yenidən məhkəmə ekspertizasının təyin edilməsini xahiş edir. Həmçinin göstərdi ki, həmin ev ata mülkü olmaqla onu satılmasına razı deyil və iddiaçının tələb etdiyi məbləği də ona ödəmək iqtidarında deyildir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi tərəfindən evin naturada bölünməsi ilə bağlı ekspertiza təyin edilmiş, lakin həmin evin mülkiyyətçilərin paylarına uyğun bölünməsinin mümkün olmadığı bildirilmişdir. Odur ki, yenidən ekspertizanın keçirilməsinə etiraz edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-129/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk öncə qeyd edir ki, iddia tələbi təmin edilmiş olsa da, həmin qətnamədən apellyasiya şikayətini yalnız Cavabdeh1 vermişdir. Bununla belə kollegiya hesab edir ki, şikayət qətnamənin ləğvinə yönəldiyindən həmin qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 45 saylı 0.01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 33.2 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 8/10 hissəsi İddiaçı, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2 xx.xx.2006-cı ildən məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4785 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında 0,01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 33,2 kv.m yaşayış, 39,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq 8/10,1/10 və 1/10 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2002-ci il tarixli hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 45 saylı fərdi yaşayış evinin hazırki bazar dəyəri 75000 manat, likvid dəyəri isə 65000 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1958-9/2071 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 52000 manat (710 x 72,8) məbləğində, likvid dəyərinin isə təqribən (52000-10%) 47000 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci ildə ünvanlanmış ərizədən görünür ki, sözügedən fərdi yaşayış evinin hazırkı bazar qiyməti 75000 manat təşkil etdiyindən paylarına uyğun olaraq, evin 80 faiz qiymətinin, yəni 60000 manat iddiaçının payının verilməsini və ya cavabdehlərin hər birinin payına uyğun olaraq, hər birinə 10 faiz olmaqla, yəni hər birinə 7500 manat verilməsini təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 45 saylı 0.01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 33.2 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət əmlakın paylı mülkiyyət hüququ üzrə 8/10 hissəsi iddiaçıya, hər birisinin payı 1/10 hissədən ibarət olmaqla cavabdehlərə məxsusdur. İddiaçı ümumi əmlakdakı payının dəyərini ona ödənilməsini cavabdehlərə təklif etmiş olsa da, tələbi təmin olunmamış, ona görə də həmin evin naturada paylarına uyğun bölünməsi, bu mümkün olmadığı halda həmin evin hərracda satılaraq əldə olunmuş vəsaitin paylarına uyğun bölünməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə məhkəmə ekspertizası təyin edilmiş, işdəki ekspert rəyi ilə həmin evin mülkiyyətçilərin paylarına uyğun bölgüsünün mümkün olmadığı müəyyən edilmişdir. Ona görə ki, ev iki otaqlı olmaqla yaşayış sahəsi 33,2 kv.m, yardımçı sahəsi isə 39.6 kv.m təşkil edir. Ev naturada bölünəcəyi halda cavabdehlərin hər birisinə düşəcək yaşayış sahəsi 3,32 kv.m, yardımçı sahə isə 3,96 kv.m təşkil edəcəkdir. Birinci instansiya məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli əmlak paylı mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehlərə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan yaşayış sahəsinə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmiş, fərdi yaşayış evinin naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün deyildir. Tərəflər payın müqabilində kompensasiyanın verilməsi barədə də razılığa gələ bilməmişdir. Belə ki, iddiaçı tərəfindən ünvanlanmış təklifə cavabdehlər hər hansı cavab verməmiş, belə olan halda təkliflə razılaşmamışdır. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi mümkün olmamışdır. Belə olan halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitin tərəflərin paylarına uyğun bölünməsi yolu ilə mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.3-cü maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyidir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmə hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermə imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi bir başa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir. Bu baxımdan paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüquqununun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. X1 Məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Mülkü Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və ya satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırlması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tikintitexniki ekspertizası təyin edilmiş, lakin evin paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Bundan başqa iddiaçı əmlakdakı payının əvəzinə ona pul kompensasiyasının ödənilməsini xahiş etmiş, lakin lakin xahiş təmin olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ümumi əmlakın paylara uyğun bölünməsi, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmadığından mübahisə predmeti olan fərdi yaşayış evi açıq hərracdan satılması və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-129/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar