Məhkəmə qərarları › İş №2(104)-259/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-259/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-259/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(062)-1783/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya hüququ əsasında cavabdehlərdən müştərək qaydada 5000 manat və ödənilmiş 80 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(062)-1783/2022 (hakim Q.Baxşıyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 5000 manat və dövlət rüsumu hesabına ödənilmiş 80 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz 180” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 27 aprel 2021-ci il tarixdə, Tovuz rayonu, Ağdam kəndi ərazisində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən “Toyota Camry” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Tovuz RPİ tərəfindən tərtib edilmiş TP ******* nömrəli X7 Haqqında Qərara əsasən yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 həmin avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmiş və buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327,1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. çıxarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Yol Patrul Xidmətinin əməkdaşları saxtakarlıq etmişlər. Hadisənin baş verməsində səbəbkar “Toyota Camry” markalı avtomobilin sahibi olmuşdur və buna görə İnzibati Xəta haqqında qərarı məhkəmədə mübahisələndirmişdir. Həmin işə məhkəmədə baxılıb qurtaranadək hazırki işin icraatın dayandırılması barədə vəsatət versə də, birinci instansiya məhkəməsi nəzərə almamışdır. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hadisə baş verən zaman avtomobili idarə etməmiş və sərnişin kimi avtomobildə olmamışdır. Avtomobili idarə edən və xətanı törədən şəxs digər cavabdeh olduğu halda, o, cavabdeh ola bilməz. Apellyasiya şikayətləri üzrə izahatlar: 26 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, “Mercedes Benz 180” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili 2010-cu ilin mart ayında Cavabdeh2 almış və sonuncu bu barədə ona etibarnamə vermişdir. Həmin vaxtdan da avtomobil onun sahibliyində və istifadəsindədir. 2021-ci ilin sentyabr ayından isə Cavabdeh2 avtomobilə dair qızı X1 adına etibarnamə vermişdir. 27 aprel 2021-ci il tarixdə sahibliyində olan avtomobil Tovuz-Ağdam yolunun kənarında dayandığı yerdə “Toyota Camry” markalı ** RX *** nömrəli avtomobil onu vurmuş və hər iki avtomobilə zərər dəymişdir. Bu barədə İnzibatı Xətalar Məcəlləsinin 332.1. və 327.1. maddələri ilə 40 manat cərimə olunsa da, lakin Tovuz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə X7 haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Belə olan təqdirdə dəymiş zərərə görə məsuliyyət daşımır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 27 aprel 2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə qiymətləndirmə aktından görünür ki, “Toyota Camry” markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilə 6430 manat ziyan dəymişdir; 25 oktyabr 2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, Cavabdeh1 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən X4 5000 manat ödəniş həyata keçirilmişdir. X7 haqqında 01 may 2021-ci il tarixli Qərarın surətindən görünür ki, 27 aprel 2021-ci il tarixli İXP3925765 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına əsasən Cavabdeh1 27 aprel 2021-ci il tarixdə saat 00:07 radələrindəTovuz-Ağdam yolunun 1-ci km “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM 332.1, 327.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tovuz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 3(062)-26/2022 nömrəli qərarının surətindən görünür ki, Tovuz rayon Polis şöbəsinin polis kapitanı X5 01 may 2021-ci il tarixli X7 haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. ƏN-İİ seriyalı 053826 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 22 sentyabr 2013-cü il tarixədək etibarnamə vermişdir; ƏN-Vİİ seriyalı 929026 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X2 13 sentyabr 2022-ci il tarixədək etibarnamə vermişdir; Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 936 və 1108.1-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə, sığortaçının mülki məsuliyyətin icbarı sğortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda; Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 sahibliyində və istifadəsində olan “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili 27 aprel 2021-ci il tarixdə Tovuz-Ağdam yolunun hərəkət hissəsində saxladığından yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə X3 mülkiyyətində olan “Toyota Camry” markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilə 6430 manat ziyan dəymişdir. "xxxx" ASC tərəfindən X4 5000 manat sğorta ödənişi həyata keçirilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Kollegiya Cavabdeh1 münasibətdə iddianın təmin olunması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, lakin Cavabdeh2 münasibətdə iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.2. maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3. maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydə alınsa da, lakin işdən müəyyən olunur ki, sonuncu həmin avtomobili 2010-cu ildə faktiki olaraq Cavabdeh1 Fərət oğluna satmış və bu barədə 22 sentyabr 2013-cü il tarixədək etibarnamə vermişdir. Etibarnamənin müddəti bitsə də, qeyd olunan avtomobil Cavabdeh1 sahibliyində və istifadəsində qalmış və o həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. 27 aprel 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra isə, yəni 13 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 Fərət oğlunun qızı X1 adına bir il müddətinə - 13 sentyabr 2022-ci il tarixədək həmin avtobobili idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək kimi səlahiyyət vermişdir. Həmçinin işdə olan 21 aprel 2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən bir il müddətə sığortalanmışdır. Göründüyü kimi, “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ Cavabdeh2 məxsus olsa da, həmin avtomobil faktiki olaraq 2010-cu ilin mart ayından sonuncu tərəfindən (pul əvəzi ödənilməklə) Cavabdeh1 satılmışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, Cavabdeh2 yüksək təhlükə mənbəyinin sahibi kimi baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məsuliyyət daşımır. Ona görə də kollegiya hesab edir ki, qətnamə Cavabdeh2 münasibətdə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh1 münasibətdə isə kollegiya qeyd edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, işdən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir.Yəni həmin avtomobil onun tərəfindən idarə olunmuş və Tovuz-Ağdam yolunun hərəkət zolağında saxlanılmışdır. İşin qeyd olunan bu halı 09 sentyabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında Cavabdeh1 vermiş olduğu izahat və 01 mart 2021-ci il tarixli X7 haqqında qərardan verilmiş şikayətə baxılarkən məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı ilə təsdiq olunur. Cavabdeh1 X7 haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Belə ki, işdə olan Tovuz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 3(062)-26/2022 nömrəli qərarından görünür ki, 01 mart 2021-ci il tarixli X7 haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinin əsası kimi məhkəmə inzibati xəta haqqında protokol tərtib edilərkən iş üzrə kifayət qədər araşdırma aparılmamasını, işin faktiki hallarına hüquqi qiymət verilmədən sübutlara əsaslanmadan inzibati xəta haqqında protokol tərtib edildiyinı qeyd etmişdir. Hazırkı işin halları baxımından kollegiya qeyd edir ki, 01 mart 2021-ci il tarixli X7 haqqında qərarın iş üzrə kifayət qədər araşdırma aparılmaması, işin faktiki hallarına hüquqi qiymət verilmədən sübutlara əsaslanmadan inzibati xəta haqqında protokol tərtib edilməsi əsası ilə ləğv edilməsi Cavabdeh1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətdən azad olunması üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Tovuz Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(062)-1783/2022 nömrəli qətnaməsi “Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 5000 manat və dövlət rüsumu hesabına ödənilmiş 80 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməli, qətnamə “Cavabdeh1 dəymiş zərərə görə 5000 manat və dövlət rüsumu hesabına ödənilmiş 80 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(062)-1783/2022 nömrəli qətnaməsi “Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 5000 manat və dövlət rüsumu hesabına ödənilmiş 80 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə “Cavabdeh1 dəymiş zərərə görə 5000 manat və dövlət rüsumu hesabına ödənilmiş 80 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar