Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2595/2023 11.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(125)-3888/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 dekabr 2022-ci il tarixli ******* nömrəli aktın surətlərindən görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğaca əlavə xətt qoşulduğu müəyyən edilmişdir.
2. Dəymiş ziyanın bərpasına dair 19 dekabr 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında 29376 m3 qaz sərfiyyatı hesablanmışdır.
3. Abonentin saldosundan görünür ki, akt üzrə 3525,12 manat cərimə hesablanmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən akt əsasında hesablanmış 3463 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 3 qardaş bir həyətdə yaşayırlar və həmin ünvana qurlaşdırılmış qaz sayğacı mərhum atasının adına olmuşdur. X1 İ qrup əlildir və onunla bir həyətdə yaşayır. 2022-ci ilin dekabr ayında onun xəbəri olmadan qardaşı sayğacdan kənar qaz xəttinə qoşulmuşdur. Cavabdeh əməkdaşları tərəfindən qanunsuz qoşulma aşkarlanmış və 3525 manat cərimə hesablanmışdır. Qanunsuz xətt çəkilən evin ayrıca ünvanı olmadığından ünvan 2b edilərkən iştirak etmiş, lakin istifadələrində su qızdırıcısından başqa avadanlıq olmadığı halda əlavə avadanlıqlar göstərilmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(125)-3888/2023 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbi qismən təmin edilərək, 14 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3525,12 manat pulun 3084,48 manatı silinməsi; Cavabdehndən dövlət rüsumu hesabına 50,84 manat alınaraq dövlət büdcəsinə ödənilməsi; İddia qalan hissədə təmin edilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097 maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4, 216-220, 227, 233, 358, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, sayğacdan kənar əlavə xətlə bağlı abonentin iştirakı ilə 14 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və faktiki istismarda olan qazişlədici avadanlıqların qeydiyyatı aparılaraq itirilmiş qazın həcmi müəyyən olunmuşdur. İstehlakçının qanunsuz hərəkətləri nəticəsində Gəncə RQİİ-nə vurulmuş 29376 m3 itirilmiş qazın bərpası üçün 3525,12 manat ziyan hesablanmış və abonent hesabına işlənmişdir. İddiaçı sayğacdan kənar xəttin İ-ci qrup əlil qardaşı tərəfindən qoşulduğunu qeyd etsədə, lakin bu hal inandırıcı deyildir. Eləcədə mübahisə olunan fərdi yaşayış evində əvvəllər, yəni 02 iyul 2020-ci tarixdə də sayğacdan kənar əlavə xətt aşkarlanmış və iddiaçının atası X2 iştirakı ilə ******* nömrəli akt tərtib olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 14 dekabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən sayğacdan kənar əlavə xətdən istehlakçının ünvanında olan qaz işlədici avadanlıqlarda- PQ-4, Radiator peçi, qeyristandard su qızdırıcıda (60 L) istifadə edilmişdir. Göründüyü kimi iddiaçı tərəf məhkəmə iclasında 1 su qızdırıcıda istifadə edildiyini bildirsə də, tərtib edilmiş aktdan göründüyü kimi ünvanda 1 deyil, 3 qaz işlədici avadanlıq qaz xəttinə qoşulu olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vemiş və əlavə olaraq bildirmişdir ki, qaydalara dəyişiklik 2023-cü ilin iyun ayında aparılıb, sayğaca kənar xətt isə 2022-ci ilin dekabr ayında edilmişdir. X3 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissədə ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamamsı barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, 14 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3525,12 mant cərimədən 3084,48 manatı silməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
30. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğaca əlavə xətt qoşulduğu müəyyən edilmiş və bu barədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 dekabr 2022ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Eləcədə Dəymiş ziyanın bərpasına dair 19 dekabr 2022-ci il tarixli tələbnamə üzrə abonentə 29376 m3 qaz sərfiyyatı, yəni 3525,12 manat cərimə hesablanmışdır. Abonenet İddiaçı sayğaca əlavə xətt qoşulduğunu etiraf etsədə, lakin həmin vaxt istifadələrində yalnız su qızdırıcısından başqa avadanlıq olmadığını və cərimə borcunun düzgün hesablanmadığını qeyd edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
31. Bu qətnamənin 30-cu bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd etməyi zəruri hesab edir.
32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda” dəyişiklik edilməsi haqqında 25 iyun 2023-cü il tarixli Qərarın 6.5-2-ci bəndində qeyd edilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qırıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vüzüal baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda) qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
33. İşdən isə müəyyən olunur ki, akt əsasında hesabat 24 saat və 360 gün üzrə hesablanmışdır. Birinci instansıya məhkəməsidə yuxarıda qeyd olunanları nəzərə alaraq 14 dekabr 2022-ci il tarixli ******* saylı akt üzrə itrilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3525,12 manatdan 3084,48 manat silmişdir. Kollegiyada hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 34.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya şikayətin dəlillərini əsaslı saymır və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyil. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 87-ci maddəsinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(125)-3888/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.