Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-263/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-377/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1562 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 7 saylı evin həyətində olan hovuzun suvanması, həmin evin hamam otağında və həmin hamama bitişik otaqa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında vurulmuş aqlay işləri qüsurlu görülmüşdür. Tədqiq olunan ünvanda aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7027.0 manat müəyyən olunmuşdur. Mülki işin materiallarına əlavə olunan, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.10. 2011-ci il tarixli MA seriyalı, ******* saylı Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 7 saylı ev DƏDRX-də X2 adına mülk kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 9362 manat, ona vurulmuş mənəvi ziyana 10000 və 150 manat dövlət rüsumunun, cəmi 19512 manat pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə ona məxsus Gəncə şəhəri yerləşən əmlakının təmir etmək qərarına gəlmişdir. Bu məqsədlə usta Emin adlı şəxsi öz evinə təmir işlərinin aparılması üçün dəvət etmiş, görüləsi işlərə baxıb və iki tərəfli razlaşma əsasında Emin onun evində təmir işlərinə başlamışdır. O, həmin müddətdə başqa evdə yaşayıb və ara bir təmir edilən evə gəlib getmişdir. Bir müddət keçdikdən sonra o, Emin gördüyü işlərin qeyri peşakar səviyyəsində olduğunu görmüş, aralarında narazılıqlar başlamışdır. O, dəfələrlə bildirmişdir ki, öz işində dönüş yaratsın, amma bu heç bir nəticə verməmişdir. Hal hazırki vaxta qədər də onun işini başa çatdırmayıb, nömrələrinə zəng çatmır, özünü tapa bilmir. Həmin müddətə artıq onun tərəfindən ayrı ayrı vaxtlarda ümumi -225 manat məbləğində əl müzdu vermişdir. Hovuzun titkilməsi üçün 1025 manat, xx.xx.2021-ci ildə 100 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 50 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 500 manat, xx.xx.2021-ci ildə 500 manat, 13.012.2022-ci ildə 300 manat, xx.xx.2022- ci ildə 200 manat, xx.xx.2022-ci ildə 50 manat, ümumillikdə 4225 manat vermişdir. Əlavə olaraq o, həmin evə 5137 manat məbləğində malmateriallar almışdır. Göstərilən materialların ayrı ayrı vaxtlarda alınmışdır (qaimələr işə əlavə edilibdir). Hazırda işi yarımçıq qalmış, o, aldığı materialların hamısı korlanmışdır. Emini çağırıb bunun nə üçün belə olduğunu soruşmuşdur. O da işlərin korlanmasını onun təqsirindən olduğunu qəbul etməmişdir. Onun həmin günki və sonrakı tələblərinə baxmayaraq dəymiş zərəri ödəməkdən imtina etmişdir. Əmlakının yoxlatdığı digər ustaların verdiyi şifahi məlumata görə qeyd olunan qüsurların aradan qaldırılması üçün 9500 manat vəsait tələb olunur. İddiaçı tələbinə əlavə edrək bildirmişdir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında hovuzun tikilməsi (su sisteminin də quraşdırılaraq işlək vəziyyətdə təhvil verilməsi), hamamda kafel-metlax, tavan, santexnik işlərinin görülməsi, hovuzun üstündə olan yerə metlax vurulması, evin həyət hissəsində pəncərələrin və qapıların kənarlarının aqlay daşı ilə çərçivəyə alınması işlərinin görülməsi razılaşdırılmışdır. Lakin qeyd edilən bütün işlər qüsurlu şəkildə görülmüş, həmin işlər qəbul edilə bilən səviyyədə almışdır. Cavabdeh tərəfindən qüsurlu şəkildə görülmüş işlər bunlardan ibarət olmuşdur: Hovuzun tikilməsi (15.7 kub metrlik)- (Tikinti işləri üçün 1 kub 75 manat, suvaq işləri üçün 1 kv.m 4 manat) hovuz suyu saxlamayıb, hovuzun suyu həyətə axıb. Bu bu barədə 8 nəfərin iştirakı ilə işin qüsurlu olması barədə akt tərfıb edilmişdir. Bundan sonra, hovuzun içi başqa usta tərəfindən hörülüb və suvanıb, altına beton qatı tökülmüşdür. Cavabdeh tərəfindən hovuzdan suyun çıxması üçün boru yerləri düzgün qoyulmamışdır. Başqa usta düzəltmək üçün həmin işləri görmüşdür. Hovuzun həyətə baxan hissəsində suvaq işlərinin görülməsi üçün pul alınsa da həmin işlər görülməmişdir. Hovuzun üstündəki yerə metlax vurulması - yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmamışdır. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, qapının qarşısında yığılaraq gölməçə yaradır. Beləliklə, həmin yerin suyu düzgün şəkildə trapa tökülmür.Hovuzun üstündəki 4.6 m x 3.7 m = 17.02 kv.m sahədə metlax düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. Hamamda kafel metlax, tavan işlərinin görülməsi - hamamın divarlarına vurulmuş kafellərin birləşmə yerləri bir-biri ilə uyğun gəlməmiş, bir-birlərində hündürlük səviyyəsi baxımından aşağı və yuxarı olmuşdur. Hamamın giriş hissəsində olan otaqda yerdə suyun axması üçün hamam trapı qoyulmamışdır. Hamamın digər otağında yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmamışdır. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, hamamın kənarında yığılaraq gölməçə yaradır. Beləliklə həmin yerin suyu düzgün şəkildə trapa tökülmür. Hamamın divarlarına vurulmuş kafellər düzgün istiqamətdə vurulmadığı üçün onların üstündə olan naxışlar bir-birlərinə uyğun gəlməmişdir. Hamamın kafellərinin əyriliyini itirmə üçün iki kafel arasında nazik alüminium kantdan istifadə etmişdir. Hamamın tavanında aspirator (havalandırma) yeri açılaraq aspirator taxılmamışdır. Hamamın iki otağının tavanının səviyyəsi bir-biri ilə uyğun götürülməmişdir. Tavan lüzumsuz şəkildə aşağı salınmışdır. Tavana vurulmuş lövhələr bir-birləri ilə, həmçinin beton tavan ilə düzgün birləşdirilməmişdir, nəticədə əl ilə toxunduqda tavanda silkələnmə olur. Bundan başqa hamamın döşəməsini isti polun səviyyəsindən çox yuxarı qaldırıb, nəticədə daha çox sement işlənib və döşəmənin isinməsi zəifləyib. 3.2 m x 4 m = 12.8 kvm metlax yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 3.2 m x 4 m = 12.8 kvm tavan yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 26.88 kvm hamamın iç otağının, 24.48 kvm. hamamın giriş otağının kafeli yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. Evin həyət hissəsində pəncərələrin və qapıların kənarlarının aqlay daşı ilə çərçivəyə alınması - aqlay daşları divara möhkəm bərkidilməmiş, daşların divarda qalması üçün divara mismar vurularaq daşları məftil ilə həmin mismara bağlamışdır Vurulmuş aqlay daşlarının üstü cilalanmamışdır. Aqlay daşlarının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Evin həyət hissəsində olan iki ədəd pəncərənin aqlay çərçivələrinin hündürlüyü eyni səviyyədə olmamışdır. Pəncələrin aqlaylarının arxası beton ilə doldurulmamışdır. Divara vurulmuş 4 mert hündürlükdə sütun aqlay daşının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Bütün aqlay daşları sökülməli və yenidən vurulmalıdır. 7 ədəd pəncərənin və 2 ədəd qapının ümumilikdə 60 metr uzunluğunda çərçivə aqlay daşları qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır. 4 metr uzunluqda ikitərəfli aqlay sütun daşı qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-377/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi qismində 7277 (yeddi min iki yüz yetmiş yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 92 (doxsan iki) manat 77 (yetmiş yeddi) qəpik pulun tutularaq, İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat xərcdən 77 (yetmiş yeddi) manat pulun Cavabdeh, 33 (otuz üç) manat pulun İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən narazı qalan Cavabdeh və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tam əsassızdır. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, ünvan 1, ev 7 İddiaçı məxsus deyil. Onun hazırki işdə iddiaçı kimi çıxış etməsi qanuna ziddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənləri qəbul etməyərək, şikayətin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 2(125)-377/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Ona görə də Gəncə Şəhər Məhkəməsinin 2(125)-377/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Tətbiq edilən hüquq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2.) Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (Maddə 21.3.) Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 7 saylı evin mülkiyyətçisi deyildir və həmin evdə yaşamır. Həmin ev DƏDRX-də iddiaçının qardaşı X2 adına qeydə alınmışdır. İddiaçı isə iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə ona məxsus Gəncə şəhəri yerləşən əmlakının təmir etmək qərarına gəlmişdir. Bu məqsədlə usta Emin adlı şəxsi öz evinə təmir işlərinin aparılması üçün dəvət etmiş, görüləsi işlərə baxıb və iki tərəfli razlaşma əsasında Emin onun evində təmir işlərinə başlamışdır. O, həmin müddətdə başqa evdə yaşayıb və ara bir təmir edilən evə gəlib getmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmədə tədqiq olunmuş rəsmi sənədlərə əsasən, ünvan 1 ünvanında yerləşən 7 saylı evin mülkiyyətçisi X3r. Belə olan halda İddiaçı həmin evi öz əmlakı kimi təqdim etməklə öz adından hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-377/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384.0.2. 385.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-377/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxslər tərərfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-263/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-263/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver